Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir,
Yanmayan ol şəmə qarşü bixəbər pərva nədir?
Qaşların mehrabü yüzün məscidi-beytül-həram,
Gözlərin meyxanəvü ləli-ləbin peymanədir.
Ey müsəlmanan, məni eyb etməniz aşiq deyib
Kim, məni valeh qılan ol nərgisi-məstanədir.
Dilbərin vəslindən ayru bu dili-məhcuri-mən
Fikrü ənduhü fəraqü dərd ilə həmxanədir.
Ey Xətayi, əhli-tövhidin qatında bilmiş ol,
Vaizin bihudə göftarı qamu əfsanədir.