Ey könül, vəqti-bəhar etdü, xəzan olmuşdurur,
Su kənarında sənəm sərvi-rəvan olmuşdurur.
Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün,
Ol büti-namehribanım mehriban olmuşdurur.
Şərh edəndən bərlü şirin ləblərin övsafini
Mürği-canım tutiyi-şəkər zəban olmuşdurur.
Gərçi düşmən tənəsindən çox cəfa çəkdim, vəli
Şükr kim, işim bekami-dustan olmuşdurur.
Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün,
Saqiya, gəl kim, cəhan baği-cinan olmuşdurur.
Simü zərdən şaxlər doldurdu dəstü damənin,
Məclisi-şabaş içün gövhərfəşan olmuşdurur.
Uğraşanda ta ki, eşqin zərrə qılur dağları,
Bu Xətayi xəstə andan natəvan olmuşdurur.