Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,
Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim,
Firqətindən çeşmə tək axar gözümdən yaşlər.
Mehri-ruyin sərbəsər sehr ilə dutdu aləmi,
Fitnəvü qövğayə saldı ol göz ilən qaşlər.
Eşqə dil verdin deyə cövr etmə, ey zahid, mana,
Can verür məşuqə daim aşiqi-qəllaşlər.
Naseha, eyb eyləmə miskin Xətayi şerinə,
Çün həqə məlumdurur könlündə sirrü faşlər.