Aşiq isən gəl bərü kim, cani-canan məndədir,
Zahida, sən xandasan kim, nuri-iman məndədir.
Məndədir yer ilə gögün hikməti, həm qüdrəti,
Abu atəş, xakü badü cümlə ərkan məndədir.
Həq təala dörd kitabi gögdən endirdi yerə,
Mən anı istəməzəm çün külli-fürqan məndədir.
Katiba, ağü qərayə baxma, səni azdurur,
Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir.
Pəhləvanlar çox cəhanda, Rüstəmi-Zal olmuşam,
Həm Sikəndər hikməti, mülki-Süleyman məndədir.
Əyyuba çəkdirdi çox dərdi bəlavü möhnəti,
Gəl məni istəş, verəyim dərdə dərman məndədir.
Yəqubi gör zarü giryan Yusifi-Kənan içün
Piri-künci-xəlvətəm uş Misr sultan məndədir.
Şahi-Mərdanın, Əlinin aliyəm, övladiyəm,
Zülfüqarü tacü Düldül uş bu nişan məndədir.
Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin,
La fəta illa Əli, bu sirri-pünhan məndədir.
Mən şaha bu canımı sidq ilə qurban qılmışam,
Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir.
Çün Xətayiyəm, şahın vəsfini daim söylərəm,
Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.