Mollanın börkünü çalıb oğru,
Yüyürüb qaçdı bir bağa doğru.
Baxmadı oğrusu gedər nərəyə, -
Özü ancaq yüyürdü məqbərəyə.
Mollanı gördülər durur orada,
Dedilər: “Durmusan neçin burada?”
Dedi: “Bir oğru börkümü çaldı,
Qaçdı getdi, başım açıq qaldı”.
Dedilər: “Oğru qaçdı, getdi bağa,
Burada boş oturma, dur ayağa,
Bağa doğru get, eyləmə ehmal,
Oğrunu tap o yerdə, börkünü al”.
“Nəmə lazım, - dedi ki, - bağ haradır,
Oğrunun aqibət yeri buradır”.
İlk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, № 1) “Ə.S.” imzası ilə çap olunmuşdur.