Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.
ƏFRADİ-ƏHLİ-MƏCALİS
Lənkəran vilayətinin xanı.
M i r z ə H ə b i b - onun vəziri.
Z i b a x a n ı m - vəzirin əvvəlimci hərəmi.
Ş ö l ə x a n ı m - vəzirin istəkli ikimci hərəmi.
N i s ə x a n ı m - Şölə xanımın bacısı ki, qızdır, vəzirin evində olur.
P ə r i x a n ı m - Şölə xanımın anası ki, o da vəzirin evində olur.
T e y m u r ağa - xanın qardaşı oğlu ki, Nisə xanıma aşiqdir.
H a c ı S a l a h - tacir.
A ğ a B ə ş i r - vəzirin naziri.
H e y d ə r - vəzirin fərraşı.
K ə r i m - vəzirin mehtəri.
X a c ə M ə s u d Q a r a - vəzirin xacəsi.
S ə l i m b ə y - xanın eşik ağası.
Q ə d i r b ə y - onun naibi.
S ə m ə d b ə y - xanın fərraşbaşısı.
Ə z i z a ğ a - xanın pişxidmətbaşısı.
Vəzirin bir neçə başqa fərraşları və bir neçə bəylər.
Xanın bir neçə başqa fərraşları.
Bir neçə ərizəçilər xan imarətində.
ƏVVƏLİMCİ MƏCLİS
Əvvəlimci məclis əlli il bundan əqdəm, dəryayi-Xəzərin kənarında, Lənkəran şəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikinci arvadının otağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur.
V ə z i r. Hacı Salah, eşitdim ki, Rəştə gedirsən, doğrudurmu?
H a c ı S a l a h. Bəli, ağa!
V ə z i r. Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən. Onun üçün səni çağırtmışam.
H a c ı S a l a h. Buyur, ağa, can-baş ilə bitirməyə hazıram!
V ə z i r. Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeri abi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola; xülasə -
Bir nimtənə kim, ta ola zərbəftü nikutər,
Diba ona möhtac.
Mətnində tamam rabitə mövzun sərasər,
Tək haşiyə qıyqac.
Üstündə onun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac.
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,
Nəzzarəsi bəhhac.
Tiri-nəzəri əhli-təmaşaya müqərrər,
Hər butəsi amac.
İçində onun şölə verə tələti-dilbər,
Tabəndeyi-vəhhac.
Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac.
Kəbə evinin örtüyünə tuta bərabər,
Simasının hüccac.[i]
Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasından kiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasına düzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlli qızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın da qayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan?
H a c ı S a l a h. Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqd pul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsü məlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, gen oldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam.
V ə z i r. Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düz gəlməsə, düzəldərik.
H a c ı S a l a h. Ağa, olmazmı parçasın və düyməsin gətirdim, burada hər kəs ki, geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz?
V ə z i r. Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, öz mərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıb sənə danışam? A kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm, nə qalmaqala düşəcəyəm?
H a c ı S a l a h. Xeyr, ağa, mən nə bilirəm?
V ə z i r. Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm və illa gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-belə qulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləb budur ki, Novruz bayramına iki ayqalıbdır. Mən istəyirəm ki, bayramda bir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burda tikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafə xərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldan xilas olmayacağam!
H a c ı S a l a h. Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsini istəməzmi?
V ə z i r. Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var? Sənə hər nə buyururam, elə eylə!
H a c ı S a l a h. Baş üstə, ağa!
V ə z i r. Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanım məni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vay sənin halına!
H a c ı S a l a h. Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrini xalqa yayam?
V ə z i r. Di get, mürəxxəssən!
Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez Ziba xanım otağın o birisi qapısını bərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub səksənib geri baxır.
Ziba x a n ı m. İstəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan; barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onu Şölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan? Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyub çöldən əppək batırır, elə oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi?
V ə z i r. Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəli olubsan?
Z i b a x a n ı m. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək Hacı Salah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu; xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarək eyləsin, arvadına yaxası qızıl düyməli nimtənə... Teymur ağanın gözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onun qabağında süzsün.
V ə z i r. Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumu batırırsan?
Z i b a x a n ı m. Sənin namusunu mən batırsaydım, mən də bir oğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecə-gündüz Teymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə gözilə görübdür.
V ə z i r (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşına inanmanam!
3 i b a x a n ı m. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran bu işi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən.
V ə z i r. Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu?
Ziba x a n ı m. Sən özün tanıdıbsan, özün göstəribsən!
Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm?
Ziba x a n ı m. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidin ki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağında bəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə və qaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıb oturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa, iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb. Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axır kim bilsin nə hiylə edib onu ələ alıbdır ki, bir gün görməsə, aramı yoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qız almaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır!
V ə z i r. Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam.
Ziba xanım çıxıb gedir.
V ə z i r (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola, amma çox ehtimalı var ki, Teymur ağanın gücü ona xoş gəlib, cahıl qız uşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Bu arvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır. Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan güclü deyil, o basdığı uşaqlar tamam colma-cocuq idilər, bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durum gedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm. (Ayağa durur, istir getsin, Ziba xanım girir içəri).
Z i b a x a n ı m. Bu gün nahara, şama nə buyurursan, hazır etdirim?
V ə z i r. Zəhirmar, zəqqum! Sən mənə belə xörək yidiribsən ki, bir ay da yeməsəm acımanam. (İstir gedə, otağın ortasında bir xəlbir düşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağının bir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edib dizin tutur, əylənir, qaş-qabağı tökülmüş, üzün arvadına tutub çığıra-çığıra). Bu xəlbir burda nə qayırır?
Z i b a x a n ı m (təəccüblə). Mənim heç xəbərim yoxdur!
V ə z i r. Fərraş!
Heydər fərraş dəhlizdən otağa daxil olub, əl-əli üstə baş əyir. Ziba xanım üzün örtüb, çəkilir otağın bir tərəfinə.
V ə z i r (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır?
F ə r r a ş. Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kərim əlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiri burda qoyub gedibdir.
V ə z i r. Bu saatda mehtəri buraya çağır.
Fərraş gedir.
V ə z i r. Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımda nə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxt ki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam.
Z i b a x a n ı m. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanım yoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımın otağına.
Fərraş və mehtər daxil olurlar.
V ə z i r (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var? Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan?
M e h t ə r. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki, cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim.
V ə z i r. Bəs bu xəlbiri bura niyə salıb gedirsən?
M e h t ə r. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim. Yadımdan çıxıb burda qalıbdır.
V ə z i r. Sonra niyə gəlib aparmadın?
M e h t ə r. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiri axtarırdım.
V ə z i r (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, bu saatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünlə gətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər.
Fərraş gedir.
M e h t ə r (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başına çevir məni!
V ə z i r (qeyzlə). Kəs səsini, it oğlu it!
M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm, atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm, dəxi heç vaxt buraya ayaq basmanam!
V ə z i r. Səsin kəs, eşşək toxumu, eşşək!
Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqə və başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər.
Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə!
Fərraşlar naziri yıxırlar, ayağın fələqqəyə salırlar, ikisi fələqqəni tutur, ikisi çubuq götürür.
V ə z i r. Vurun!
Fərraşlar vururlar.
N a z i r. Ağa, başına dönüm, mənim təqsirim nədir?
V ə z i r (qeyz ilə əlin xəlbirə sarı uzadır). Bu xəlbir mənim otağımda nə qayırır?
N a z i r. Necə xəlbir, ağa?
V ə z i r. Çubuq dəyəndə bilərsən necə xəlbir!
Fərraşlar vururlar.
N a z i r. Ay haray, ay dad! A başına dönüm, axır mənim təqsirim nədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür!
V ə z i r (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki, bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıda qulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini, işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın; xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtər Kərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyub gedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdən bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən!
N a z i r. Ağa, sənin başını və ağlını allah bəyük yaradıbdır; mən necə sənə tay ola bilərəm?
V ə z i r (fərraşlara). Vurun!
N a z i r. Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz.
V ə z i r (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım, əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə, özünü ölmüş bil!
N a z i r (durub ayağa). Bəli, ağa, xatircəm ol.
V ə z i r. Di get!
M e h t ə r (yavaş). Allah, sənə şükür!
Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra da vəzir çıxır.
Pərdə salınır.
İKİMCİ MƏCLİS
İkimci məclis Şölə xanımın otağında vaqe olur. Teymur ağa və Nisə x a n ı m qabaq-qabağa ayaq üstə danışırlar.
T e y m u r a ğ a. De görüm, bu işin çarəsi nədir? Bu nə xəyaldır ki, vəzir düşübdür? Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bilər? Axır bu qərabətdən onun mənzuru nədir?
N i s ə x a n ı m. Mənzuru nədir? Məgər özün bilmirsən? Əlbəttə, mənzuru ixtiyar axtarmaq və izzətdə olmaqdır!
T e y m u r a ğ a. Məgər xan ona verdiyi ixtiyar və izzət bəs deyil?
N i s ə x a n ı m. Bəs olsa da, amma bietibardır: istir ki, qərabət səbəbi ilə bu ixtiyar və izzət payidar olsun.
T e y m u r a ğ a. Qəribə axmaqdır. Məgər xan öz yaxın əqrəbalarına etdiyi işləri gözü ilə görmür? Bəhər surət işə çarə tapmaq gərəkdir. Sən əbəs yerə bu vaxtadək məni qoymadın ki, onu xəbərdar edim; indi mən istirəm ki, sabah onun yanına adam göndərib məlum edəm ki, bu niyyətdən düşsün, yoxsa xeyir götürməz.
N i s ə x a n ı m. Amandır, Teymur ağa! Bu fikirdən düş ki, bu işi hərgiz vəzirə bildirmək olmaz; ondan ötrü ki, o həmişə deyir: xan səni öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrər məşvərət edibdir; əgər vəzir bizim məhəbbətimizi anlasa, öz xeyri və səlahı üçün haman saat gedib xana bildirəcəkdir ki, sən, guya onun namizədinə göz dikirsən; xüsusən ki, vəzir səndən çox incikdir!
T e y m u r ağa. Xan mənim atamdan qalan ölkəni və xanlığı zəbt etdiyi yetişməz, indi məni öldürmək fikrinə də düşür? Onun xam xəyalıdır!
N i s ə x a n ı m. Əlbəttə, çünki ehtiyat edir ki, sən atan məmləkətini ondan iddia edəsən, səni özünə müxill görür. Mən eşitmişəm ki, ancaq el üzünə sənə hörmət edir; əgər fürsət tapsa, bir gün səni sağ qoymayacaqdır.
T e y m u r a ğ a. Heç vaxtda onun kimi xanlar məni öldürə bilməz! Bəylər və xalqın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. Mən o quşlardan deyiləm ki, ətim yeyilə. Xub, mən vəzirə nə eyləmişəm ki, məndən incik olubdur?
N i s ə x a n ı m. Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisəm. Vəzir belə bilir ki, əgər sənin əlinə bir ixtiyar düşsə, Mirzə Səlim bişək qabağa çıxacaq, atasın yerin tutacaq; indi bu fikirdədir ki, xana desin, onu bu vilayətdən qovdursun.
T e y m u r a ğ a. Onun ağzı deyil, mənim mirzəmi qovdura! Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bu tövr bədniyyət olubdur! İnşallah taala onun tədbirlərinin hamısını pozub öz mətləbimə çataram. Amma doğru deyirsən; hələ gərək vəzir bizim məhəbbətimizi anlamaya. Şölə xanım hardadır? Mənim ona bir para deyəsi sözüm var.
N i s ə x a n ı m. Anamın otağındadır.
T e y m u r a ğ a. Olmazmı gedib onu buraya çağırasan?
N i s ə x a n ı m. Anam evdə yoxdur, ikimiz də gedək ora.
T e y m u r a ğ a. Yaxşı.
Hər ikisi çıxıb gedirlər, sonra Ziba xanım otağa daxil olur.
Z i b a x a n ı m. Ay ləçər, axır işi o yerə yetiribsən ki, mənim qaravaşımı söyüb mənim üstümə göndəribsən? Vəzir səni belə qudurdubdur? (Görür ki, otaqda heç kim yoxdur. O yana-bu yana baxıb söyləyir). Ax, hardadır bu dilaram çəngi? Evi yıxılsın Mirzə Həbib vəzirin ki, bizim axırımızı bu günə çıxartdı. (İstir geri dönsün, kişi sədası eşidir, səksənir, əylənir). Vay, yad kişinin səsi gəlir! Vay, indicə qapıdan girəcəkdir, qapıdan çıxa bilmənəm, necə edim?
(O yana-bu yana vurnuxub girir pərdə dalısında gizlənir, sonra Teymur ağa ilə Şölə xanım içəri girir).
T e y m u r a ğ a. Anan nə tez hamamdan qayıtdı, qoymadı ki, otaqda danışaq, burda münasib deyildi, çünki mənim danışası sözüm çoxdur, olur ki, vəzir bura gəlsin.
Ş ö l ə x a n ı m. Xatircəm ol, bu gün vəzir bura gələ bilməz.
T e y m u r a ğ a. Necə gələ bilməz?
Ş ö l ə x a n ı m. Ondan ötrü ki, bu gün növbəti Ziba xanımın otağındadır. Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz.
T e y m u r a ğ a. Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə xatircəm olmaq olmaz; genə gərək ehtiyatı əldən qoymamaq, bəlkə bir ittifaq ilə bura gəlmək istədi.
Ş ö l ə x a n ı m. Fikir eləmə, Nisə xanıma tapşırmışam ki, dəhlizdən dişqarı bir yerdə oturub gözətləsin; əgər vəzir görünsə, tez bizi xəbərdar etsin. Yoxsa qorxursan?
T e y m u r a ğ a. Mən qorxan adam deyiləm, bir para səbəblərə görə mən istəmirəm ki, vəzir məni burda görə, gedib xana xəbər verə. Bir neçə fikrim var; gərəkdir əvvəl onları itmamə yetirəm.
Ş ö l ə x a n ı m. Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular.
Bu halda Nisə xanım başın içəri uzadıb.
N i s ə x a n ı m. Ay aman, vəzir gəlir!
Şölə xanım iztirab halətində qapıdan dişarı baxır.
Ş ö l ə x a n ı m. Ay aman, vəzir düzbədüz qapıya sarı gəlir. Taymur ağa, sən qapıdan çıxa bilməzsən!
T e y m u r a ğ a. Bəs mən necə gərək edim! Olur ki, mənim burda olmağımı bir adam ona xəbər veribdir. Vallah, hər kəs mənim bura gəlməyimi açmış ola, bu xəncəri dəstəsinədək ürəyindən çaxacağam (əlini xəncərinə uzadır).
Ş ö l ə x a n ı m. A kişi, söyləmək vaxtı deyil, hələ gir bu pərdənin dalısına, görüm bir tövr ilə vəziri geri qaytara billəmmi?
Teymur ağa girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağa daxil olur.
V ə z i r. Şölə xanım, nə işdəsən, kefin yaxşıdırmı?
Ş ö l ə x a n ı m. Allaha şükür, sənin dövlətindən kefim həmişə yaxşıdır, sənin kefin yaxşı olsun. Niyə qaşını əyibsən, nə əcəb axsıyırsan?
V ə z i r. A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. Ovqatım lap təlx olubdur. Xacə Məsud, get mənə bir qəhvə bişir gətir.
Xacə Məsud baş vurub gedir.
Ş ö l ə x a n ı m. De görüm, başına nə qəziyyə gəlibdir? Amma olur ki, söyləməyi uzun çəkə, nə lazım zəhmət vermək!
V ə z i r. Xeyr, uzun çəkməz. İş budur ki, mən bir neçə bəylər ilə xanın hüzurunda oturmuşduq. Teymur ağanın güclülüyündən söz düşdü. Hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclü bir kimsənə tapılmaz; xan da təsdiq elədi. Mən inkar etdim ki, Teymur ağada heç güc yoxdur; əgərçi oruc bayramında bir neçə uşaq basdı; amma olar tamam çolma-çocuq idilər. Teymur ağa da hüzurda durmuşdu. Xan mənim sözümü qəbul etməyib dedi: "Sən nə dəlillə bunu isbat edirsən?". Mən cavab verdim ki, əgər manə yaraşaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. Xan ki, həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa ilə güləşəsən. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib Teymur ağanı çəkdim pişləngə, dəxi bilmirəm necə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş bağladı, ancaq yarım saatdan sonra özünə gəldi; zordan mənim də ombam bərk ağrıyıb, indi axsayıram.
Ş ö l ə x a n ı m (təbəssüm ilə). A kişi, bu nə işdir sən edibsən? Bəlkə kişinin oğlu öləydi, anasının günü qara olaydı?
V ə z i r. Bəs özüm də çox peşman oldum, amma çifayda, belə ittifaq düşdü.
Ş ö l ə x a n ı m. A kişi, bəs biçarə elə yerdə qaldı? Sən çıxdın gəldin mənə hünərini söyləməyə?
V ə z i r. Xeyr, fərraşlar onu dala götürüb apardılar anasının yanına.
Bu halda Teymur ağa pərdənin dalısında gülməyin saxlaya bilməyib pıqqıldayır. Vəzir tez yeriyib pərdəni qaldırır. Teymur ağanı və Ziba xanımı pərdənin dalısında görüb mat qalır və habelə Şölə xanım.
V ə z i r. Sübhanallah, bu nə işdir? (Sonra üzün Teymur ağaya tutub acıqlı, qaim sövt ilə). Ağa, sən burda nə qayrırsan? (Teymur ağa başın aşağı salır). De görüm, axır sən burda nə qayrırsan? (Teymur ağa cavab vermir, pərdədən çıxıb başı aşağı istir getsin. Vəzir onun qolundan tutub). Qoymanam gedəsən, ağa, de görüm sən burda nə qayrırsan?
Teymur ağa (qolun çəkir). Əldən qoy !
V ə z i r (ona bərk-bərk suvanıb). Qoymanam gedəsən, mənə cavab ver!
Teymur ağa təngə gəlib, bir əlilə yapışır onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. Vəzir otağın ortasında palaz
kimi sərilir. Teymur ağa tez qapıdan çıxıb gedir.
V ə z i r (bir dəqiqədən sonra hala gəlib, üzün tutur Ziba xanıma). Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən?
Ziba x a n ı m. Mən sənin başına məkr gətirirəm? Vay sənin halına! Vay sənin halına ki, qəflət gözünü örtübdür!
V ə z i r. Kəs səsini, ay ləçər! Məni dilə basdırma, dəxi səni tanıdım; bu qədər fitnə və fel tamam sənin işin imiş, allah qoysa sənin axırına çıxaram!
Z i b a x a n ı m. Ay biçarə, bir de görüm nə səbəbə MƏNIM axırıma çıxacaqsan?
V ə z i r. Səlitə, dəxi bundan artıq səbəb olar ki, yad adam ilə pərdə dalısına girib gizlənibsən?!
Z i b a x a n ı m. Ay biçarə, bir arvadın Şölə xanımdan soruşsana ki, yad adam onun otağında nə qayırır?
V ə z i r. Ay ləçər, hələ sən bir özün mənə cavab ver ki, sən naməhrəm ilə bir pərdənin dalısında nə qayrırsan?
Z i b a x a n ı m. Yaxşı, mən deyim. Arvadın Şölə xanım mənim qaravaşıma söymüşdü, mən gəlmişdim onun ilə dalaşam ki, niyə həddindən çıxır; ittifaqən onu otaqda görmədim. İstəyirdim geri qayıdam, gördüm ki, qapı tərəfdən bir yad adam Şölə xanım ilə danışa-danışa gəlir. Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayracaqlar ki, sonra səni xəbərdar edim. Xüsusən ki, üzü açıq yad adama görükə bilməzdim. İttifaqən sən bura gələndə o adam da girdi pərdənin dalısına gizləndi.
V ə z i r. Niyə çıxıb o saat məni xəbərdar etmədin, əgər doğru deyirsən?
Z i b a x a n ı m. Necə çıxıb xəbərdar edəydim ki, xəncəri dəstəsinədək ürəyimə çaxacaq idi?!
V ə z i r (bir az təəmmül edib, üzün Şölə xanıma tutub). Şölə, doğrusunu de: bu adam sənin yanına gəlmişdi?
Ş ö l ə x a n ı m. Sənin arvadın tutuquşu cinsidir; dil-dil ötmək, yalan danışmaq peşəsidir. O adamı mən ömrümdə görməmişəm və heç tanımanam.
V ə z i r. Necə tanımazsan? Teymur ağanı sən tanımırsan?
Ş ö l ə x a n ı m. Teymur ağa burda nə qayırır? Məgər sən Teymur ağanı yıxıb anasının üstünə göndərməmisən?
V ə z i r. Ay ləçər, sən mənim sözümə cavab ver, Teymur ağa səninmi yanına gəlmişdi?
Ş ö l ə x a n ı m. Teymur ağa mənim yanıma gəlsəydi, onu mənim ilə bir yerdə görərdin, Ziba xanım bilirdi ki, mən bu gün hamama getdim; belə xəyal edib ki, mənim otağım xalidir, öz sevgilisini bura çağırıb istirmiş eyş-işrətə məşğul ol-sun; çünki bu gün sənin növbətin onun yanında olmaq səbəbilə sevgilisini öz otağına gətirə bilməzdi. İttifaqən hamam suyu kəsilmək səbəbilə biz qəflətən geri qayıtdıq. Ona binaən qaça bilməyib, hər ikisi giriblər bu pərdənin dalısına ki, bəlkə mən çölə-bayıra çıxan zamanda fürsət tapıb qaçsınlar. Doğru söz budur, əqlini başına yığ, bu bihəyanın məkrinə uyub, mənim haqqımda nahaq bədgüman olma!
Ziba x a n ı m (Şölə xanıma çığıra-çığıra). Ay ləktə, bu necə sözdür ki, özündən qayrırsan? Öz işini mənim üstümə qoyursan? Vay, vay, mən özümü öldürrəm!..
Ş ö l ə x a n ı m. Ləktəsən də, ləçərsən də, kovulsan da! İstər özün öldür, istər qoy, sənin məkrü felin tamam Lənkəran xalqına məlumdur. Çığırmaq ilə özünü təmizə çıxara bilməzsən! Ərin gözü var, görür ki, bu iş sənin işindir, ya mənim işimdir?
Z i b a x a n ı m. Ay aman, mən özümü öldürrəm! A kişi, bu ləçərin ağzına niyə vurmursan ki, mənə belə böhtan deyir?..
Ş ö l ə x a n ı m. A ləktə, o mənim ağzıma niyə vurur? Əgər o kişidir, gərək səni tikə-tikə doğraya ki, yad oğlan ilə bir yerdə tutubdur.
Vəzir (Ziba xanıma). Əlbəttə, səni gərək tikə-tikə doğramaq! Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşən axırına çıxım, sonra sənin haqqında fikir çəkərəm. Sən ömrünü yalançılığa sərf edibsən!
Ziba x a n ı m (acıqlı). Mən yalançıyam? Doğru danışan sənsən? Necə ki, söylədiyin nağıldan məlum oldu...
V ə z i r. İtil gözümün önündən, ləçər! (Ziba xanım otaqdan çıxır). Şölə doğru de, bu işdən xəbərin varmı?
Ş ö l ə x a n ı m. Mən hərgiz bu xüsusda təqsirli deyiləm!
Bu halda Xacə Məsud əlində qəhvə fincanı daxil olub vəzirin dal tərəfindən ərz edir.
X a c ə M ə s u d. Ağa, qəhvə buyurursunuzmu?
V ə z i r (geri dönüb, əlilə qəhvə fincanına vurub xacə Məsudun üstünə dağıdır). İtil cəhənnəmə, məlun! Bu hövsələmin dar vaxtında nə qəhvə içmək yeridir! Mən bu saat xan qulluğuna gedirəm.
Xacə Məsud geri dönub dağılan qəhvəni üstündən silə-silə.
Vəzir (kəsrəti-pərişanlıqdan). Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi?
X a c ə M ə s u d. Eşitdim, ağa, necə ki, buyurursan əmələ gələr.
Ondan sonra vəzir də çölə çıxır.
Ş ö l ə x a n ı m. Allahu əkbər, əcəb işə rast gəldim! Canım qurtuldu, allah, sənə şükür! (Nisə xanım içəri girir) Nisə, qəribə iş ittifaq düşdü; vəzir Ziba xanımı Teymur ağa ilə pərdə dalısında gördü.
N i s ə x a n ı m. Nə danışırsan? Ziba xanım pərdənin dalısında nə qayırırdı?
Ş ö l ə x a n ı m. Bilmirəm, evi yıxılmışın qızı haçan gəlib ora girmişdi ki, canım qurtuldu. Amma xan bişək və şübhə Teymur ağanı öldürəcək! Onu qurtarmağa bilmirəm nə çarə edək?
N i s ə x a n ı m. Qorxma, xan Teymuru öldürə bilməz! Amma gərək idi bu iş olmayaydı; indi mətləb uzanacaqdır. Anam çağırır, gedək onun otağına və xacə Məsudu da göndərək xanlığa, bir xəbər bilsin.
Hər ikisi gedirlər.
ÜÇÜMCÜ MƏCLİS
Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur. Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur S ə l i m b ə y eşik ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər, qapının ağzında fərraşbaşı S ə m ə d b ə y və pişxidmətbaşı Ə z i z a ğ a və bir-iki cavan pişxidmət qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında
oturublar.
X a n. Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki, dərya kənarında lötgə hazır etsinlər!
Ə z i z a ğ a. Baş üstə.
Çölə çıxır.
X a n. Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.
E ş i k ağası(talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir.
Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.
Ə r i z ə ç i l ə r d ə n b i r i s i. Xan, başına dönüm, ərzim var!
X a n. Kişi, de görüm, ərzin nədir?
Ə v v ə l i m c i ə r i z ə ç i. Xan, başına dönüm, bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan gəlirdi, çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü. İndi at məsrəfdən çıxıbdır; diyəsini istirəm, vermir; mənim ilə cəngü cədəl edir.
X a n (ikimci ərizəçiyə). A kişi, belədir?
İ k i m c i ə r i z ə ç i. Başına dönüm, belədir, amma mən qəsdən daş atmamışam.
X a n. Pərpuç danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar. Sənin də atın varmı?
İ k i m c i ə r i z ə ç i. Vardır, başına dönüm.
X a n (əvvəlimci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir gözün çıxart! "Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cüruhə qisas"[ii]. Bu şübhəli iş deyil. Səməd bəy, fərraşlardan birini qoş getsin, buları haqlaşdırsın!
Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.
X a n. Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər, tez olun, bu gün seyrə çıxacağam!
S ə l i m b ə y. Qədir bəy, o birilərini irəli gətir!
Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir.
X a n. Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm, dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan ərizəçiləri rədd etməmişəm!
S ə l i m b ə y. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə bu qədər xalq sizə əyal hesab olunur. Bu Lənkəran vilayətinin abadlığı sizin ədalətinizin bərəkətindədir.
Ərizəçilər baş əyir.
Ə v v ə l i m c i ə r i z ə ç i. Xan, başına dönüm, mənim qardaşım naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna verib qardaşımın üstünə gətirdim. Bu ümid, ilə ki, qardaşımı sağaldacaqdır. Gələn kimi qardaşımdan qan aldı, qanı kəsilən kimi qardaşım canın tapşırdı. İndi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!
X a n (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi pis olacaqdı?
İ k i m c i ə r i z ə ç i. Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra bişək və şübhə öləcək idi; qan almaqla bu kişini altı ay ona bica xərc və zəhmət çəkməkdən xilas etmişəm.
X a n. Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə sənə artıq zad bağışlasın?
İ k i m c i ə r i z ə ç i. Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!
X a n (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!
B ə y l ə r d ə n b i r i s i. Başına dönüm, həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin, onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox həziq həkimdir.
X a n. Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.
Səməd bəy aşağı enir. Bu halda vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanın aparır qoyur xanın qabağına.
V ə z i r. Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim. Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti hər kəsə ki, layiq görürsən, ona ver; mən başımı götürüb bu vilayətdən dərbədər olacağam!
X a n (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nə halətdir?
V ə z i r. Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətin dillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma sənin qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətinə əl uzatsın.
X a n (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edə bilərmi?
V ə z i r. Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm! Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdən dartınıb çıxıb getdi.
X a n. Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma bu xüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aram tut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar!
V ə z i r. Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən[iii] öz övladlarına xalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. Sultan Mahmud Qəznəvi bu günə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfi aləmdə məzkurdur.
X a n. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil.
Bu halda Səməd bəy Teymur ağa ilə içəri girir, hər ikisi baş əyirlər.
X a n (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncər ilə mənim hüzuruma daxil olma?!
T e y m u r a ğ a. Mən xəncər qurşamamışam!
X a n. Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işin nə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, sənin kimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnam olam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saat bir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna, sürüyün aşağı!
Fərraşlar şalı salmağa hazırlanırlar, tamam bəylərin gözü dolur yaş ilə.
E ş i k ağası və tamam b ə y l ə r. Xan, qurbanın olaq, cavandır, bu səfər bağışlayın, bunun təqsirini!
X a n. Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib). Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdan özlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağa düşürlər, yalvarırlar).
B ə y l ə r. Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər).
X a n. Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm, köpək uşağı!
Fərraşlar əllərində şal, yavıqlaşdıqda Teymur ağa cəld əlin uzadıb dalısında sancılmış tapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər; Teymur ağa aralıqdan çıxıb gedir.
X a n (dalısınca). Ay tutun, ay qoymuyun getsin!
Hamı hərəkət edir, amma dalısınca düşən olmur.
X a n (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənim mərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?! (Heç kəs cavab vermir). Səməd bəy!
Səməd bəy qabağa yeriyir.
X a n. Bu saatda əlli nəfər cəzairçi[iv] özünlə götür, Teymuru hər yerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm, ölkə dincəlməz!
S ə m ə d b ə y. Baş üstə. (Qapıdan çıxır).
X a n (bəylərə). Dağılın!
Bəylər dağılırlar.
X a n. Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı?
Ə z i z a ğ a. Hazırdır!
X a n (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, sənin qisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsus onun üçün zərgərdən gətirtmişəm. Və onu köçürmək tədarükünə məşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın!
V ə z i r. Bəli, fərmanınıza əməl edəcəyəm.
Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə
çıxır.
Pərdə salınır.
DÖRDÜMCÜ MƏCLİS
Dördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqda oturublar.
N i s ə x a n ı m. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki, bir xəbər gətirə; ürəyim çox iztirabdadır.
Ş ö l ə x a n ı m. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymur ağaya bir zad edə bilməyəcəkdir.
N i s ə x a n ı m. Doğrudur ki, bir zad edə bilməz, amma qorxuram ki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir.
Bu halda Xacə Məsud girir.
Ş ö l ə x a n ı m. Xacə Məsud, söylə görək nə oldu!
X a c ə M ə s u d. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymur ağanı gətirib istirdi boğdursun, Teymur ağa tapança çəkib fərraşları dağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdə tapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. İndi tamam şəhəri və evləri ondan ötrü axtarırlar.
Nisə xanım qüssədən ah çəkir; bu halda qapı açılır, Teymur ağa içəri girir.
Ş ö l ə x a n ı m. Vay, dədəm vay, sən bura necə gələ bildin? Məgər aslan ürəyi yemisən? Məgər canından qorxmursan?
T e y m u r ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam?
Ş ö l ə x a n ı m. Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün. Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə! Gələn olmasın!
Xacə Məsud çıxır çölə.
T e y m u r a ğ a. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam onun uğrunda! Amma mən işsiz də gəlməmişəm. İstirəm, bu gecə Nisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaq olmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur; mən dəxi öz nişanlımı onun əlində qoyub, ondan sonra bura gəlib-gedə bilmənəm!
Ş ö l ə x a n ı m. Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüz bura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdən pusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin. Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısında at və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımı çıxarıb sənin əlinə tapşırram, apararsan.
T e y m u r a ğ a. Nisə xanım, razısanmı?
N i s ə x a n ı m. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb.
Bu halda Xacə Məsud qapıdan çığırır.
X a c ə M ə s u d. Ay aman, vəzir gəlir!
Ş ö l ə x a n ı m v ə N i s ə x a n ı m (rəngləri təğyir tapmış). Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən, görək bu zalımı qaytara billikmi?
Teymur ağa ( Heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mən hərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy gəlsin məni burda görsün!
Ş ö l ə xanım v ə N i s ə xanım (onun ayağına düşüb dizlərindən qucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama! Baban goru xatiri üçün gizlən pərdənin dalısında!
T e y m u r a ğ a. Heç vaxt!
X a c ə M ə s u d (genə başın içəri uzadıb). Ay aman, vəzir yetişdi!
Ş ö l ə x a n ı m v ə N i s ə x a n ı m. Ay başına dönüm, bizə rəhm elə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişək ölümə gödərik!
T e y m u r a ğ a. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına, bir saniyə keçmiş vəzir içəri daxil olur).
V ə z i r. Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki, siz ilə danışıq edim. Qulaq asın. Şölə xanım, heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adını itirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlər ilə həmişə aşnalığı var.
Ş ö l ə x a n ı m (arami-qəlb ilə). Buyur, görək, mən hansı naməhrəmlərlə aşnalıq edirəm?
V ə z i r. Məsələn, Teymur ağa ki, sənin otağında gördüm.
Ş ö l ə x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında?
V ə z i r. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm; olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü sənə deyirəm ki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman söz deyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisə xanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur).
N i s ə x a n ı m. Bir qız ki, onun bacısının haqqında bədgüman olalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onun barmağına tax. (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır).
Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgüman oluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım.
Ş ö l ə x a n ı m. Olmazmı bu nəsihətləri arvadın Ziba xanıma verəsən?
V ə z i r. Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm.
Ş ö l ə x a n ı m. Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən?
V ə z i r. Dəxi bu saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymur ağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi; ya tapılıb ölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundan sonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçmək tədarükünə gərək məşğul olmaq.
Ş ö l ə x a n ı m. Get anamın otağına, bu sözləri ona danış; bu mənim işim deyil.
V ə z i r. Get ananı bura çağır, burda danışaq.
Bu halda qapı açılır, Pəri xanım və Nisə xanım içəri girirlər.
V ə z i r. Əcəb oldu gəldin. Buyur otur!
P ə r i x a n ı m. A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdən çıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlün var ki, səni görmək olmur.
V ə z i r. Bəli, ələlxüsus bu günlərdə heç macalım yox idi. De görüm, ana, mətləbin nədir?
P ə r i x a n ı m. A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçı Qurbana dua yazdırmağa ki, allah sənə qızım Şölə xanımdan bir oğlan kəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç ağırı buğda səməni qoyub füqəraya paylayasan. İndi gərək sənin başının üç ağırını tutam, səməni vaxtı keçir.
V ə z i r. Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırını tutacaqsan, madam ki, başım bədənimdədir.
P ə r i x a n ı m. A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir. Bir dərin qab qoyarıq başına, əgər başın tamam ona sığsa, onun dolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir!
Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanı gətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır.
V ə z i r. Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necə ki, deyiblər əməl elə, taki allah Şölə xanımın arzusun bitirsin.
P ə r i x a n ı m. Bəli, qadan alım. Nisə xanım, badyanı qoy başına!
Nisə xanım badyanı geydirir. Badya vəzirin qaşına qədər girib aşağı getmir. Nisə xanım zor edir.
V ə z i r. Ay aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (İki əlli badyanı qaldırır).
P ə r i x a n ı m (tez). A qız, o böyük badyanı gətir.
Nisə xanım yüyürüb tez böyük badyanı gətirir.
V ə z i r. Ay ana, allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala? İndi səninlə vacibi danışası mətləbim var.
P ə r i x a n ı m. Olmaz, vaxtı keçər, a qadan alım! İncimə, bir dəqiqəlik işdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs bu axır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyim, ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur). Ay qız, qoy badyanı, əvvəldən gərək bunu gətirəydin.
Nisə xanım badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şölə xanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Teymur ağanı çıxarıb qapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır.
V ə z i r. Ana, indi otur səninlə söz danışacağam.
P ə r i x a n ı m. Baş üstə, oğul!
İstir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmiş Teymur ağa əlində tapança otağa daxil olur. Vəzir onu görən kimi başlayır titrəməyə.
Teymur a ğ a. Mənim atamın yaxşılıqları sənə haram olsun! Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səni öldürməmiş özüm ölmənəm.
Tapançanı qalxızır vəzir tərəfinə. Şölə xanım düşür onun ayağına, yalvarır.
Ş ö l ə x a n ı m. Amandır, Teymur ağa, təəmmül et, əl saxla!
Teymur ağa əl saxlayır. Bu halda Səməd bəy bir neçə cəzairçi ilə otağa daxil olur, qapı ağzında durur.
T e y m u r a ğ a. Səməd bəy, qərəzin nədir?
S ə m ə d b ə y. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiz nədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanın buyruğudur, gərək səni onun yanına aparaq.
T e y m u r a ğ a. Məni diri onun yanına apara bilməzsiniz! Məgər mənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah, əgər hünəriniz var, ayaq irəli, qoyun. (Tapançanı yuxarı qalxızır).
S ə m ə d a ğ a. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənim ilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlər nə lazımdır? İnanın ki, xan əhd edibdir sizə bir zad etməsin.
T e y m u r a ğ a. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. O hansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim.
Bu halda həyətdə dübarə qalmaqal qopur. Səlim bəy eşik ağası, Teymur ağanın süd qardaşı Riza ilə içəri girir.
S ə l i m bəy.Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun! Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib, lötgə çevrilib, xan dəryaya qərq olubdur. İndi xalq xanlıq imarətinin ətrafına cəm olub səni özlərinə xan istirlər. Təşrif gətirin!
Teymur a ğ a. Riza, belədirmi?
R i z a. Bəli, başına dönüm, belədir! Buyurun gedək! (Bu halda vəzir və Səməd bəy yeriyib torpağa düşürlər, yalvarırlar). Ağa, bizi başına çevir!
Teymur a ğ a. Səməd bəy, sən dur geri çəkil! (Səməd bəy: qalxıb geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki, mənim sənin evinə gəlməyim ondan ötrü idi ki, mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib allahın əmrilə onu almağa talib idim. Amma çünki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma canəbi-əqsədi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub, kamali-asayişdə güzəran edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki, bir həftədən sonra gərəkdir ki, toy başlansın. Anam Pəri xanım, bacım Şölə xanım, xudahafiz!
P ə r i x a n ı m v ə Ş ö l ə x a n ı m. Ağa, allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən!
Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır.
C ə z a i r ç i l ə r (qışqırır). Teymur xan sağ olsun!
Pərdə salınır.
Tamam olur.
[i] İstinad: ( Şer görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifindir (1717- 1797).
[ii] İstinad: ( "Diş əvəzinə diş, göz əvəzinə göz, yara əvəzinə yara".)
[iii] İstinad:( Xüləfayi-əzimüşşən - yüksək, böyük rütbəli xəlifələr. Məhəmməddən sonra ərəb xəlifələri olan Əbubəkr, Ömər, Osman və Əli nəzərdə tutulur.)
[iv] İstinad: ( Cəzairçi - piyada ordu əsgəri)