Küçədən bir çocuq yüyürdü evə,
Bir bumajnik bulub dedi bu nevə:
“Ana, gəl, gəl ki, dövlətə çatdıq,
Pullu olduq, səadətə çatdıq!”
Dedi xatun ki: “Söylə, ey fərzənd,
Noldu kim, olduq indi dövlətmənd?
Görəyim, ver, nədir, nədir bu, oğul?”
Dedi: “Buldum bunu içi dolu pul;
Yol gedən bir qoca kişi nagah
Düşürüb keçdi, olmadı agah.
Görmədən kimsə mən qoşub aldım,
Tez qaçıb kəndimi evə saldım”.
Anası oğlunun cimayətini
Görərək zahir etdi nifrətini;
Dedi: “Oğlum, nə sərd imiş qanın
Ki, buna qazı oldu vicdanın?
Tifli-məsum ikən günah etdin,
Kəndi vicdanını təbah etdin.
Niyə verdin fənayə doğruluğu,
İrtikab eylədin bu oğruluğu?
Hiç zənn etməm, özgənin mali
Bizi zəngin qılıb, edə ali.
Yox, yox, oğlum, inan ki, xar oluruz!
Ərzəli-əhli-ruzigar oluruz!
Xain olsaq əgər bu dünyadə,
İrzü namusumuz gedər badə;
Gözümüz müntəhayi-zillətdən
Baxamaz kimsəyə xəcalətdən;
Gərçi pul çox fərəhfəzadır, oğul,
Leyk namus pək bəhadır, oğul!”
Ilk dəfə “Füyuzat” jurnalında (23 noyabr 1910, № 6) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.