Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin[1] vəfalı padşahi!..
Bu hali-zari-məhrumanəmizlə,
Məlali-nəfsi-məhmumanəmizlə,
Xülusi-qəlbi-məsumanəmizlə.
Sana ərz eyləriz biz, ya ilahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Xüdavənda, kərima, girdigara,
Onilə rəhmətinlə qıl müdara,
Olurkən fövt, edib islami ihya,
Səadət rütbəsin aldı kəmahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Müqəddəs fikri, pak əqli, zəkasi,
Vətən övladının oldu bəqasi,
Verib İranə qanuni-əsasi,
Bütün İranın oldu qibləgahi;
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Hümayi-ruhini xüldaşiyan et,
O zati-əqdəsi cənnətməkan et,
Mübarək qəbrini rəşki-cinan et,
Ayırma rəhmətindən sən bu şahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Onun qanuni-pakin payidar et,
Vəliəhdin müsavat ixtiyar et,
Rəiyyətdust, hürriyyətşüar et,
Şərəflənsin bu yolda izzü cahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Şəhi-İran Məhəmməd şahi-əzəm,
Uzun ömr eyləsin ol zati-əkrəm,
Ola qanuni-ədl ilə münəzzəm
Ümuri-dövləti, mülki, sipahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Müzəffərədin şahın vəfatı münasibəti ilə yazılmış bu şer ilk dəfə “İrşad” qəzetində (11 yanvar 1907, № 8) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.