1
GÖRÜNCƏ ŞƏXS BIR ƏRBABI-SƏRVƏTIN ÜZÜNÜ
Görüncə şəxs bir ərbabi-sərvətin üzünü –
Görür mücəssəm olan bir ləamətin üzünü!
Gözüm ağarsın əgər yüzdə, mində, milyonda –
Görürsə ölkədə bir əhli-hümmətin üzünü!
Qəmim ki, var mənim ancaq budur: qiyamətdə
Ki, bir də görməliyəm işbu millətin üzünü!
İlk dəfə “Həqiqət” qəzetində (13 iyun 1910, № 133) “S.” imzası ilə çap olunmuşdur.
2
DINDIR ƏSR BIZI, - DINMƏYIRIZ
Dindir əsr bizi, - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
İlk dəfə “Həqiqət” qəzetində (14 iyun 1910, № 134) imzasız çap olunmuşdur.
3
ƏKSİMƏ
Zahidin əksimə düşcək nəzəri-xudbini –
Görür ayineyi-safımda o bir bidini;
Zənn edər əqli-qəsirilə o mənhus mənəm,
O mənə lənət edər, mən deyərəm amini;
Gec-tez, əlbəttə, kəsər bir bu qədər lənət onu,
Yerdə qalmaz mənim aminim, onun təlini.
İlk dəfə “Həqiqət” qəzetində (17 iyun 1910, № 137) imzasız çap olunmuşdur.
4
DÜN CƏHƏNNƏM VƏSFİNİ ZAHİDDƏN EYLƏRDİM SUAL
Dün cəhənnəm vəsfini zahiddən eylərdim sual
Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;
Ol cəhənnəm ki, zəlalət əhlini təzib edər,
Göstərir hala onu qüdrətlə ərbabi-“Nicat”[i].
İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, № 21) “Patıltı” imzası ilə çap olunmuşdur.
5
KÜRD ÇALDIQCA BORU ÇINGƏNƏ OYNAR, DERLƏR
Kürd çaldıqca boru çingənə[ii] oynar, derlər, -
Bir məsəldir ki, demiş Türkiyə izanlıları.
Bir tuhaf çalğı ilə oynadıyor avropalı
Şimdi yunanlı ilə bir sürü osmanlıları.
İlk dəfə “Həqiqət” qəzetində (20 iyun 1910, № 139) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
6
YILDIRIMLAR YAĞSA GÖYDƏN, TITRƏMƏZ RUHUM MƏNIM
Yıldırımlar yağsa göydən, titrəməz ruhum mənim,
Dağlar atəş püskürərsə kargir olmaz bana;
Hücreyi-təhtəl-türabımda məni həp düşmənin
Öldürü ənfasi-təkfirindəki murdar hava.
İlk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, № 140) “İlan” imzası ilə çap olunmuşdur.
7
BIZI ALDATMA, XACƏ, HƏR SÖZÜNƏ
Bizi aldatma, xacə, hər sözünə,
Bizə yox, get nəsihət et özünə!
Görüyorkən gözün düzü əyri, -
Bizdən əl çək də, çarə qıl gözünə!
İlk dəfə “Həqiqət” qəzetində (22 iyun 1910, № 141) “S.” imzası ilə çap olunmuşdur.
8
ŞANLI GÖRDÜKCƏ MƏNI SANKI EDIR QÖVR FƏLƏK
Şanlı gördükcə məni sanki edir qövr fələk,
Min kələk çidə edir başıma filfövr fələk.
Namurad olmağım oldisə muradi oldum,
Şimdi bilməm nə murad ilə edir dövr fələk?
Asiman oldumu surax iki gün güldü üzüm
Ki, mükafat olaraq bunca edir cövr fələk?!
Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,
Mən özüm oynayıram çalsa da hər tövr fələk!
Şimdilik rəqsdəyiz, ta görəlim kim yıxılır:
Mənü dil, eşqü həvəs, hutü həməl, sövri-fələk?
İlk dəfə “Həqiqət” qəzetində (24 iyun 1910, № 143) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
9
ARIF ÇALIŞIR KI, MILLƏT AZAD OLSUN
Arif çalışır ki, millət azad olsun,
Zahid çığırır ki, məscid abad olsun.
Söz boynu qraxmallılarındır ki, deyir:
- Bir madmazel olsun ki, pərizad olsun!
İlk dəfə “Həqiqət” qəzetində (25 iyun 1910, № 144) “S.” imzası ilə çap olunmuşdur.
10
DÜN YATIB MIR HAŞIMI RÖYADƏ GÖRDÜM, SÖYLƏDIM
Dün yatıb Mir Haşımı[iii] röyadə gördüm, söylədim:
Seyyidim, hicrində ərzi-şurişi-həşr eylərəm.
Ən boğuntu bir “Səda”[iv] ilə dedi: görməzmisən –
Hiylələr icad edib, bir qəztəçik nəşr eylərəm.
İlk dəfə “Zənbur” jurnalında (25 iyun 1910, № 22) “Patıltı” imzası ilə çap olunmuşdur.
11
... DEYİR
Oylə səngindir ki, əsqali-təəssübdən yüküm,
Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm!
İlk dəfə “Həqiqət” qəzetində (27 iyun 1910, № 145) “Ə.S.” imzası ilə çap olunmuşdur.
12
TAPDIM!..
Qoy sağ olsun başımız, düşməsin əsla ayağa,
O bizi torğa qoyub, gərçi satıb yandırdı;
Bir qədəh şol[v] ... suyu şimdi iki yüz yirmi beşə
Bizə işdirmək ilə yanğımızı qandırdı.
İlk dəfə “Həqiqət” qəzetində (28 iyun 1910, № 146) “Ə.S.” imzası ilə çap olunmuşdur.
13
HANKI ALÇAQ BIR ƏLIN QEYD ETDIYI XƏTDIR O KI
Hankı alçaq bir əlin qeyd etdiyi xətdir o ki,
Büsbütün təqdirə şayan xətlərin əlasıdır?
Mən bunu hər əhli-vicdandan sual etdim, dedi:
Xəlinə Əbdülhəmidin çəkdiyi imzasıdır.
İlk dəfə “Həqiqət” qəzetində (29 iyun 1910, № 147) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
14
- YOLDAŞIM, YATMIŞMISAN?
- Yoldaşım, yatmışmısan?
- Yox, bir sözün varsa, buyur!
- On manat qərz istərəm...
- Yox, yox, bəradər, yatmışam!
İlk dəfə “Həqiqət” qəzetində (30 iyun 1910, № 148) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
15
BAŞQA MILLƏTDƏN HÜQUQUN ALMAQ ÜÇÜN HƏR ZAMAN
Başqa millətdən hüququn almaq üçün hər zaman
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Bizdən isə satmağa namüsü irzi-milləti
Etidaliyyun, himariyyun, fəsadiyyun çıxar!
İlk dəfə “Həqiqət” qəzetində (2 iyul 1910, № 23) “Patıltı” imzası ilə çap olunmuşdur.
16
DÜN OXURKƏN BIR MÜDIRI-MƏKTƏBIN MƏKTUBUNU
Dün oxurkən bir müdiri-məktəbin məktubunu
Min qələt gördüm qarışmış bir vərəq imlasına;
Uf!.. Yazıq millət, dedim, bilsəydiniz məktəb nədir,
Boylələr düşməzdi təlim etmənin sövdasına.
İlk dəfə “Həqiqət” qəzetində (4 iyul 1910, № 151) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
17
ƏLHƏZƏR, QOYMA BAXA ƏKSIMƏ ZAHID KI, ONUN
Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun
Nuri-həq dideyi-xudbininə zülmət görünür;
Qoy bu ayinəyə ol paknəzər baxsın ki,
Bütün əşyadə ona nuri-həqiqət görünür.
İlk dəfə “Həqiqət” qəzetində (6 iyul 1910, № 153) “S.” imzası ilə çap olunmuşdur.
18
QƏZTƏLƏR TÖVQIFINI YALNIZ SIPƏHDAR ƏKMƏYIR
Qəztələr tövqifini yalnız Sipəhdar[vi] əkməyir,
Bizdə də əksik deyildir boylə biidraklər!
Çarparaq cari olan bunca məarif seylinin
Qarşısın sədd etməyə qabilmidir xaşaklər?!
İlk dəfə “Həqiqət” qəzetində (8 iyul 1910, № 155) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
19
SANMA BIR MƏSLƏKI TƏQIBLƏ MÖHKƏM QALARAM
Sanma bir məsləki təqiblə möhkəm qalaram,
Əlli arxın suyunu gündə bir arxa calaram!
Kefimin gəlməsinə[vii] bax, nə gərək yaxşı, yaman?
Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram.
Burjua mühərriri Haşım bəy Vəzirovun dilindən yazılan bu taziyanə ilk dəfə “Həqiqət” qəzetində (9 iyul 1910, № 156) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
20
DÜN BIR EŞŞƏKXISAL INSANƏ
Dün bir eşşəkxisal insanə
Gəlməmiş xoş təraneyi-zənbur;
Atdı şıllaq, dedim, əfəndim, sus,
Dağılar bilmə xaneyi-“Zənbur”.
Haşım bəy Vəzirov haqqında deyilən bu taziyanə ilk dəfə “Zənbur” jurnalında (9 iyul 1910, № 24) “Patıltı” imzası ilə çap olunmuşdur.
21
CƏNNƏTDƏKI HURILƏRI, QILMANLARI ALLAH
Cənnətdəki huriləri, qılmanları allah, -
Qovdum, - deyə bir vəhylə etsə səni ifham,
Zahid mən ölüm, gizləmə, aç sidqini söylə,
Sən bir də edərsənmi nəmaz əmrinə iqdam?
İlk dəfə “Həqiqət” qəzetində (11 iyul 1910, № 157) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
22
KIMDIR ARIF? – DEYƏ SORDUM, DEDILƏR, ƏSRƏ GÖRƏ
Kimdir arif? – deyə sordum, dedilər, əsrə görə:
Arifin indi nə dini və nə imanı olur.
Bunu bildim, tanıdım, zahidi sordum, dedilər:
Zahidin heç şeyi olmazsa, cibişdanı olur.
İlk dəfə “Həqiqət” qəzetində (12 iyul 1910, № 158) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
23
OĞLUNUN VASITEYI-XILQƏTI OLMAQLA FƏQƏT
Oğlunun vasiteyi-xilqəti olmaqla fəqət,
Atalıq borcunu ifa edəməz insanlar;
Atalıq borcu eyi tərbiyənin qeyri deyil,
Yoxsa bir işdədir insanlar ilə heyvanlar.
İlk dəfə “Həqiqət” qəzetində (13 iyul 1910, № 159) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
24
DEYIRDIK BIR ZƏMANLAR BIZ KƏMALI-FƏXRÜ HÜMMƏTLƏ
Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:
“Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!”[viii]
Bu gün də iftixar etsək səzadır fərti-qeyrətlə:
Kərəmkaranə beş dövlət yetişdirdik rəiyyətdən!
İlk dəfə “Həqiqət” qəzetində (14 iyul 1910, № 160) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
25
MÜTLƏQIYYƏTDƏ ƏBD ŞƏKLINDƏ
Mütləqiyyətdə əbd şəklində
Mütəşəkkil olan nifaqü təzad
Dövri-məşrutədə siyasət ilə
Mülki-İranə salmasınmı fəsad?
İlk dəfə “Həqiqət” qəzetində (15 iyul 1910, № 161) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
26
BIR MÜDIRIN KI, KEÇMƏYƏ QOLUNA
Bir müdirin ki, keçməyə qoluna
Qolu bulvarda bir gözəl sənəmin,
O necə millətiçəkər qabağa,
Ya “Səda”sı nasıl çıxar qələmin?
İlk dəfə “Həqiqət” qəzetində (16 iyul 1910, № 162) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
27
BİR GÜL
Vaiz ki, çıxar minbərə, hey püflər odu,
Təkfirə qoyar kimin ki, eşq isə modu;
Vardır deyəsən bu xazini-niyranın
Ağzında ekstrenni kafir zavodu.
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 iyul 1910, № 28) “Bağban” imzası ilə çap olunmuşdur.
28
SİPƏHDAR DEYİR Kİ:
Arşimed:[ix] “Bir nöqtə bulsaydım, ona bilistinad
Qaldırardım cürmi-ərzi” – söyləmişdir; leyk mən
Qaldırardım büsbütün İranı da, Turanı da –
Kisəmə girsəydi ancaq bir beş-on yüz min tümən.
İlk dəfə “Günəş” qəzetində (18 avqust 1910, № 1) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
29
HÜSEYN KƏMAL[x] DEYİR Kİ:
Tənü təhqirə təhəmmül edərəm mən, lakin
Tən edən zati-firumayədə vicdan olsa;
Nə gözəldir bu sözü şairi-osmaninin:
“Tən edən dinimizə bari müsəlman olsa”.
İlk dəfə “Günəş” qəzetində (9 sentyabr 1910, № 5) imzasız çap olunmuşdur.
30
RƏMƏZAN SÖHBƏTİ
Bizim hacı deyir ki:
Ələman artıq orucdan, ələman!
Qoymadı taqət oruc məndə, inan!
Sən oruc yersən[xi], balam, lakin məni
Yer[xii] oruc hər ləhzə, hər an, hər zəman!
İlk dəfə “Günəş” qəzetində (13 sentyabr 1910, № 17) imzasız çap olunmuşdur.
31
ORUC DEYİR Kİ:
Ey hacı, məndən şikayət eyləmə,
Kəndinə[xiii] et kəndi şəkviyyatını;
Mən səni illərlə görmək istəməm,
Sərmühərrir görsə səhviyyatını!
İlk dəfə “Günəş” qəzetində (15 sentyabr 1910, № 18) imzasız çap olunmuşdur.
32
“SƏDA”NIN 162-ci NÖMRƏSİNƏ
Şairəm, əsrimin ayinəsiyəm,
Məndə hər kəs görür öz qaş-gözünü;
Necə kim, dün “Birisi”[xiv] baxdı mənə,
Gördü ayinədə ancaq özünü.
İlk dəfə “Günəş” qəzetində (17 sentyabr 1910, № 19) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
33
E`TILA ETDIKCƏ, DERLƏR, YÜKSƏYƏ TƏYYARƏLƏR
E`tila etdikcə, derlər, yüksəyə təyyarələr –
Görməyə nail olur hər yanda alçaq yerləri.
Işbu qanunu bizim mənsəblilər bilsəydi, ah,
Bir görə görsəydi də alçaqdakı müztərləri!..
İlk dəfə “Günəş” qəzetində (28 sentyabr 1910, № 27) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
34
KƏNDLİ DEYİR Kİ:
Bakıda nafiz ikən əllidən artıq üləma, -
Rəməzan eydini tək bircə gün elam etdi;
Yenə az-çox bərəkət varsa bizim qəryədədir,
Iki alim hərəsi bir günü bayram etdi.
İlk dəfə “Günəş” qəzetində (6 oktyabr 1910, № 34) “Ə.S.” imzası ilə çap olunmuşdur.
35
BAKILI DEYİR Kİ:
Rəməzan eydinin icrasını hərçənd bizə
Həzərati-üləma bircə gün elam etdi;
Biz o bir gündə də açdıq dükan, aldıq, satdıq,
Ancaq onlar qara məxluq ilə bayram etdi.
İlk dəfə “Günəş” qəzetində (7 oktyabr 1910, № 35) “Ə.S.” imzası ilə çap olunmuşdur.
36
ŞAH DEDI: - AĞLAYIRAM, BƏS KI, ÜZÜM ÇIRKINDIR
Şah dedi: - Ağlayıram, bəs ki, üzüm çirkindir,
İldə bir görsəm əgər ayinədə surətimi!
Ona ərz etdi vəziri: - Səni hər gün görürəm,
Nə qədər ağlayıram, şimdi düşün halətimi!..
İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, № 36) “Ə.S.” imzası ilə çap olunmuşdur.
37
INTELIGENTLƏR DEYIR KI:
Deyirik haləti-təhsildə: millət! millət!
Diplom alcaq görünür bizlərə illət millət;
Basırıq bağrımıza hər birimiz bir hacını,
Canı çıxsın ki, görür min cürə zillət millət!..
İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, № 36) “Palanduz” səhifəsinin 1-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.
“Günəş” qəzeti 1910-cu il 8 oktyabr tarixli 36-cı nömrəsindən etibarən “Palanduz” adı altında “Həftəlik məzhəkə səhifəsi” açmışdı. Sabirin həmin səhifə üçün yazdığı satiraları “Nizədar” imzası ilə, çox vaxt “Çuvalduz” adı altında çap olunardı.
38
İRANLILAR DEYİR Kİ:
Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,
Yarın İranımız, əlbəttə ki, bir babət olur;
Biz bu qeyrətlə bütün aləmə fəxr etməliyiz
Ki, ufaq dövlətimiz bir neçə zor dövlət olur.
İlk dəfə “Günəş” qəzetində (11 oktyabr 1910, № 38) “Ə.S.” imzası ilə çap olunmuşdur.
39
SÖYLƏ, TƏQSIRI NƏDIR, TAPDALAYIRSAN YAZIĞI?
- Söylə, təqsiri nədir, tapdalayırsan yazığı?
- Boylə işlər çox olur, cümləsi şeytan işidir!
- Etdiyin cürmünü şeytan adına çıxma, onun
Yox bu işdən xəbəri, söylə: müsəlman işidir!
İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, № 42) “Ə.S.” imzası ilə çap olunmuşdur.
40
MİLLƏT DEYİR Kİ:
İnteligent ağalar, biz sizi çoxdan tanırıq...
Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!
Biz niyə məktəbi, təhsili-ülumi sevirik,
Çünki məktəb adına bizdə xəyanət yoxdur.
İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, № 42) “Palanduz” səhifəsinin 2-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.
41
QLASNI SEÇKISINI QOYDU DUM MÜZAKIRƏYƏ
Qlasnı seçkisini qoydu dum müzakirəyə,
Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.
Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:
Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.
İlk dəfə “Günəş” qəzetində (17 oktyabr 1910, № 43) “Ə.S.” imzası ilə çap olunmuşdur.
42
BAKILILAR DEYIRLƏR KI:
Şamaxlılar kimi işsiz, kifayəsiz deyiliz
Ki, tek vuraq dumaya biz ana lisanı üçün;
Klubda, bağda, qoruqda var ol qədər işimiz
Ki, ev, uşaq yada düşmür, o Anna canı üçün!...
İlk dəfə “Günəş” qəzetində (18 oktyabr 1910, № 44) “Ə.S.” imzası ilə çap olunmuşdur.
43
DİLƏNÇİ DEYİR Kİ:
Əl açıb sail olmağın xoşdur,
Gərçi bir həbbə sim isə diləyin;
O səfilanə sirqətindən kim,
Kəsilə bir fülus üçün biləyin.
İlk dəfə “Günəş” qəzetində (20 oktyabr 1910, № 46) “Ə.S.” imzası ilə çap olunmuşdur.
44
ÇOX TƏƏCCÜB EDİRƏM TƏRZİ-CƏDİDƏ Kİ, ONU
Çox təəccüb edirəm tərzi-cədidə ki, onu
Əcnəbilər oxuduqca hünər izhar ediyor.
Halbuki millətimizdən onu kim ki, oxuyur,
Qaliba həzrəti-allahı da inkar ediyor.
İlk dəfə “Günəş” qəzetində (21 oktyabr 1910, № 47) “Ə.S.” imzası ilə çap olunmuşdur.
45
GƏRÇİ PƏRVAZ ETDİ AYROPLAN DÜNƏN BİR QUŞ KİMİ
Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimi,
Aləmi heyrətdə qoydu elmü irfan naminə;
Leyk bizlərtək hələ qadir deyildir uçmağa,
Rəxti-xab içrə yatarkən hurü qılman naminə...
İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, № 48) imzasız çap olunmuşdur.
46
AXŞAM OLCAQ UÇENİKLƏR HƏRƏ BİR MADMAZELİN
Axşam olcaq uçeniklər hərə bir madmazelin
Keçirib qol qoluna küçədə cövlan ediyor;
Sonyalar bunları tədris edəsiymiş, əcəba,
Uçitellər dəxi məktəbdə nə meydan ediyor?!
İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, № 48) “Palanduz” səhifəsinin 3-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.
47
CÜMƏLƏRDƏ DÜKAN AÇMAZ BAKILI
Cümələrdə dükan açmaz bakılı
Istəsən gəz Bakının hər yerini;
Ancaq, ancaq... arasından qapının
Şey satıb razı edər müştərini.
İlk dəfə “Günəş” qəzetində (24 oktyabr 1910, № 49) “Ə.S.” imzası ilə çap olunmuşdur.
48
ÖYMƏ NƏSƏBİ, ÖYMƏYƏ ŞAYİSTƏ HƏSƏBDİR
Öymə nəsəbi, öyməyə şayistə həsəbdir
Gördük o müləvvəsləri kim, paknəsəbdir.
Hərçənd ki, dünyadə oğul varisi-əbdir,
Ən xeyrli miras, vəli, elmü ədəbdir.
İlk dəfə “Günəş” qəzetində (26 oktyabr 1910, № 51) “Ə.S.” imzası ilə çap olunmuşdur.
49
CƏVANKƏN FƏQRDƏN ETMƏ ŞİKAYƏT
Cəvankən fəqrdən etmə şikayət
Cəvanliqdan böyük bir sərvət olmaz!
Qoca müstəğniyi-sərvət də olsa,
Qolunda bir çocuqca qüvvət olmaq!
İlk dəfə “Yeni füyuzat” jurnalında (26 oktyabr 1910, № 2) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
50
OĞRULARDAN DA BƏDƏXLAQ QUMARBAZLARDIR
Oğrulardan da bədəxlaq qumarbazlardır,
Çünki bu firqədə onlar kimi cürət yoxdur;
Gərçi bunlarda da, onlarda da vicdana görə
Səyu namusu həya, hümmətü qeyrət yoxdur.
İlk dəfə “Günəş” qəzetində (27 oktyabr 1910, № 52) “Ə.S.” imzası ilə çap olunmuşdur.
51
TAP GÖRÜM!..
Həp kiçiklər kiçik ikən böyüyür,
O nədir ki, böyük ikən kiçilir?
Al, tapdım!..
Bu kiçilmək fəqət müsəlmanın
Boyuna hər bir əmrdə biçilir!
İlk dəfə “Günəş” qəzetində (28 oktyabr 1910, № 53) “Ə.S.” imzası ilə çap olunmuşdur.
52
MÜLKİ-ŞİRAZƏ ZİLLİ-SULTANIN
Mülki-Şirazə Zilli-Sultanın[xv]
Yenə hakimliyi müqərrər isə,
Kim deməz ömrü bitdi İranın –
On min ildən daha müəmmər isə?!
İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, № 54) “Ə.S.” imzası ilə çap olunmuşdur.
53
MÜRTƏCELƏR, SEVİNİN, KİŞVƏRİ-IRANƏ YENƏ
Mürtəcelər, sevinin, kişvəri-İranə yenə
Tanıyıb bildiyiniz sayeyi-sultan gəlir!
Pişvazə yüyürün, gəlcək öpün əllərini,
Çünki bu zati-mükərrəm sizə mehman gəlir!
Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerin
Verməyə hürrlərin qətlinə fərman, gəlir!
Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardan
Indi Şirazda kəsdirməyə qurban, gəlir!
İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, № 54) “Palanduz” səhifəsinin 4-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.
54
ZİLLİ-SULTANA, AMANDIR, VERMƏYİN İRANA YOL
Zilli-Sultana, amandır, verməyin İrana yol
Rəhm edin bir kərrə xəlqüllaha, allah eşqinə!
Işbu millət xainin mən, sən deyil, aləm tanır,
Yalxı xəlqüllah deyil, allah satar şah eşqinə!
İlk dəfə “Günəş” qəzetində (31 oktyabr 1910, № 55) “Ə.S.” imzası ilə çap olunmuşdur.
55
ONLAR Kİ, EDİR HÖRMƏTÜ NAMUSUNU TƏQDİS
Onlar ki, edir hörmətü namusunu təqdis –
Bir digərinin irzinə eylərmi xəyanət?
Dersə ki, zinakarləin qeyrəti olmaz,
Olmazmı mənim işbu sözüm eyni həqiqət?!
İlk dəfə “Günəş” qəzetində (1 noyabr 1910, № 56) “Ə.S.” imzası ilə çap olunmuşdur.
56
SAXTƏ BİR XƏTTİ-XAM İLƏ MƏNƏ KAĞIZ YAZIB
Saxtə bir xətti-xam ilə mənə kağiz yazib,
Ey məni təhdid edən min dürlü təkidat ilə!
Boylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de!
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!..
İlk dəfə “Günəş” qəzetində (3 noyabr 1910, № 58) “Ə.S.” imzası ilə çap olunmuşdur.
M.Ə.Sabirin parlaq ədəbi nailiyyətləri, mütərəqqi ictimai fəaliyyəti onun əleyhdarlarının kin və qəzəbini artırmışdı. Onlar böyük şairə qarşı açıq mübarizə apardıqları kimi, gizli hədə məktubları yazmaqdan da çəkinmirdilər. sabir isə öz əleyhdarlarına kəskin taziyanələrlə cavab verirdi.
57
HATİFDƏN GƏLƏN BİR NİDA DEYİR Kİ:
Görəsən Məmdəlinin yapdığı əfalı nədir?
Bu səyahətdən onun qayeyi-amalı nədir?
Zilli-Sultan ilə, aya, nə üçündür bu görüş?
Naibüssəltənəyə ya deyəcək halı nədir?
Vyana teleqrafları deyir ki:
Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,
Sənə nə ta biləsən bunların əqvalı nədir?
Şübhələnmə, yox onun gizlicə bir başqa işi,
O gedir ta görə Avropanın əhvalı nədir.
“Naye-Fraye-Press” qəzetəsi deyir ki:
Bizə pək doğru xəbərlər yetişir İrandan,
Yazıyorlar ki, işin surəti, əşkallı nədir!
Istəyir Məmdəli hürriyyətə bir zərbə vura,
Yoxsa Avropada bica onun əşğalı nədir?!
Berlin mətbuatı inandırır ki:
Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?!
Yenə İranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa yazıq millətin əhvalı nədir?!
Rusiya mətbuatı deyir ki:
O özü gəzməyə çoxdan bəri müştaq idi,
Ona lazım deyil İran nədir, əmsalı nədir!
O, siyasi işə hərgiz də qarışmaz, çünki
Özü çox yaxşı bilir ki, bu işin dalı nədir...
Məclis ol vəqt ona bir çet də məvacib verməz,
O zaman Məmdəlinin söyləyəcək qalı nədir?
Naibüssəltənə ilə bu səfərdə ancaq
Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!
Gələcək məsədətiçin danışıb İranın –
Ona yol göstərəcək surəti-ikmalı nədir!
Məşhur professor Vamberi[xvi] deyir ki:
Oylə aşiqləri var Məmdəlinin İranda –
Canınıfədyə verər, mülki nədir, malı nədir!
Naibüssəltənəyə - əksinə tənzimatın –
Məmdəli hər nə desə yap, onun ehmalı nədir?
Biz də deyiriz ki:
Görəsən boylə ağırdan yatan iranlıların
Üstə saldıqları yorğanların əsqalı nədir?
Daşmıdır, kütləmidir, ahənü fuladmıdır?
Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!
İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, № 60) “Ə.S.” imzası ilə çap olunmuşdur.
58
“TƏRCÜMANİ-HƏQİQƏT”[xvii] DEYİR Kİ:
Xəstəmiz Əbdülhəmid[xviii] artıq sağaldı, səmridi,
Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
Şey yeyir, çalqı çalır, gahi yazır, gahi oxur,
Vəqtini bəzən də dülgərlikdə imrar eyləyir.
Əbdülhəmid deyir ki:
Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin
Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;
Lafövəllah, hökmranlıq etdiyim günlərdə də
Kəsmişəm, kəsdirmişəm, sultani-cəbbar olmuşam.
İlk dəfə “Günəş” qəzetində (9 noyabr 1910, № 63) “Ə.S.” imzası ilə çap olunmuşdur.
59
HALƏTİ-MƏSTLİYİNDƏ NƏ OLUR, EY ƏYYAŞ!
Haləti-məstliyində nə olur, ey əyyaş!
Baxıb ayinəyə görsən əcəba surətini;
O kərahət, o səfalət, o rəzalət tökülən
Surətindən utanıb, anla nədir siyrətini?!
İlk dəfə “Yeni fuyuzat” jurnalında (9 noyabr 1910, № 4) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.
60
ALMANİYA İMPERATORU VİLHELM DEYİR Kİ:
Möhtərəm iranlılar, sizdən təmənnamız budur;
Bir də İran hifzini bizdən təmənna etməyin;
Çünki rusun, ingilisin xatiri bizdən sınar,
Incinərlər; siz dəxi artıq təğəlla etməyin.
Aləmi-insaniyyət də deyir ki:
Növ`pərvər, rəhmgüstər, mədələtfər Vilhelm,
Bir də ali namımı dillərdə icra etməyin;
Çünki vicdanın o nazik xatiri sizdən sınar
İncinər; artıq ona minbəd iyza etməyin.
İlk dəfə “Günəş” qəzetində (12 noyabr 1910, № 66) “Ə.S.” imzası ilə çap olunmuşdur. Taziyanə həmin günlərdən Berlindən alınmış teleqraf xəbərləri əsasında yazılmışdır.
61
EYNÜDDÖVLƏNİN İSTEFASINDAN DOLAYI BƏSTƏ GİRMƏK İSTƏYƏN TEHRAN TACİORANİ QEYRƏTMƏNDANƏLƏRİNƏ!
Bəstə iqdam eyləyin, ey tacirani-mötəbər!
Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!
Olmayın razı ki, Eynüddövlə[xix] istefa verə!
Iştə Təbriz, iştə Eynüddövlə ar olsun sizə!..
İlk dəfə “Günəş” qəzetində (14 noyabr 1910, № 67) “Ə.S.” imzası ilə çap olunmuşdur.
62
HATİF DEYİR Kİ:
Bəs Şəmaxidə məktəbi-nisvan
Açacaqdın, buna güman çox idi...
Müdir əfəndi deyir ki:
Bəli, onda müəllimə qızımın
Bakudə çünki məktəbi yox idi!
İlk dəfə “Günəş” qəzetində (16 noyabr 1910, № 69) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Şamaxı şəhərində işləyən Şeyxzadə Hafiz əfəndi müəllimə qızını Şamaxıya gətirərək qız məktəbi açmaq təşəbbüsündə olur. Lakin qızı Bakıya çağırıldığından Şamaxıda məktəb aşmaq fikrindən əl çəkir.
63
“OSMANLICADAN TƏRCÜMƏ TÜRKƏ” – BUNU BİLMƏM
“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!
İlk dəfə “Günəş” qəzetində (17 noyabr 1910, № 78) “Ə.S.” imzası ilə çap olunmuşdur.
64
ŞİMDİ HƏR MİLLƏT EDİR NƏFSİNİ İRFANƏ FƏDA
Şimdi hər millət edir nəfsini irfanə fəda,
Vətən övladı üçün elmə, dəbistanə fəda.
Qara məxluq deyil, bizdəki ariflər də
Vətən övladın edir nəfi-cibişdanə fəda.
İlk dəfə “Günəş” qəzetində (18 noyabr 1910, № 71) “Ə.S.” imzası ilə çap olunmuşdur.
65
OYLƏ QORXMAM “BİŞ”DƏN KİM, QORXURAM “CƏDVAR”DƏN
Oylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,
Yardən olmam əmin, olsam da gər əğyardən;
Qorxmuram vəhşiyyəti-gürgani-insanxardən,
Qorxuram insansifət, vəhşitəbiət yardən.
İlk dəfə “Günəş” qəzetində (19 noyabr 1910, № 72) “Ə.S.” imzası ilə çap olunmuşdur.
66
BAKIDA ŞAMAXI YOLUNDAKI HƏBSXANƏNİN
QABAĞINDA OXUNAN NÖVHƏDİR:
Asta-asta, ey hacı, izhar olur xəlvətdəki;
Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;
Pərdə çəkdin, yorğan altında yatırdın işləri,
Bilmədinmi bir zəman bidar olur xəlvətdəki?!
İlk dəfə “Günəş” qəzetində (19 noyabr 1910, № 72) “Palanduz” səhifəsinin 7-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.
67
SƏFİL TACİR DEYİR Kİ:
Bir neçə ildir ki, uyub işrətə,
Bilməmişəm əmri-ticarət nədir?
Indi deyirlər, hacı, borcun da var...
Çox da var, ondan mənə xiffət nədir?
Xiffəti qeyrətli edər, mən ki, hiç
Bilməmişəm dəhrdə qeyrət nədir?!
İlk dəfə “Günəş” qəzetində (22 noyabr 1910, № 74) “Ə.S.” imzası ilə çap olunmuşdur.
68
TUMANOV İZN ALIR Kİ, ŞİRVANƏ
Tumanov izn alır ki, şirvanə
Sığnağdan çəkə dəmir yolunu;
Buna, aya, bizimkilər nə deyir?
Boşlayırlarmı Kürdəmir yolunu?
İlk dəfə “Günəş” qəzetində (25 noyabr 1910, № 77) “Ə.S.” imzası ilə çap olunmuşdur.
69
ÖVRƏT ALMAQ, BOŞLAMAQ, ÖVLADA AD QOYMAQ KIMI
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimi
Nəsnələrdən ücrət almaqçın Qazan mollaları
Ittifaq etdisə də, lakin cənabət qüslünün
Muzdunu heyfa unutdu xatiri-valaları.
İlk dəfə “Günəş” qəzetində (26 noyabr 1910, № 78) “Ə.S.” imzası ilə çap olunmuşdur.
70
DƏRYADƏ QƏRQ OLAN İRANLILARIN
YETİM BALALARINA TƏSƏLLİ
Iki yüz qərq olan iranlıların
Qiymətin bildi əcəb konsulunuz!
Istədi “Merkuri”dən[xx] yüz qırx min...
A yetimlər, sevinin, var pulunuz!..
İlk dəfə “Günəş” qəzetində (28 noyabr 1910, № 79) “Ə.S.” imzası ilə çap olunmuşdur.
71
BƏS DEYILMIŞ BUNCA MEHDILƏR XÜRUCI, INDI DƏ
Bəs deyilmiş bunca Mehdilər[xxi] xüruci, indi də
Volqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir.
Cahiliyyət hökmfərmadır ki, hər şəxsi-müzill
“Mehdiyəm” namilə xəlqüllahı izlal eyləyir.
İlk dəfə “Günəş” qəzetində (29 noyabr 1910, № 80) “Ə.S.” imzası ilə çap olunmuşdur.
72
Ə.QƏMKÜSAR BƏRADƏRİMƏ CAVAB
“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, -
Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
Bir boylə xəta kəlmə mühərrir qələmindən
Cari olur isə, ədəbiyyatə bəladır!..
İlk dəfə “Günəş” qəzetində (2 dekabr 1910, № 82) “Ə.S.” imzası ilə çap olunmuşdur.
73
BILDIR EHYAYI-SƏMƏRQƏND ETDI İRAN TACIRI
Bildir ehyayi-Səmərqənd etdi İran taciri,
Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
Gördü əlsizlər, ayaqsızlar da insantək oxur –
Məktəbi bilmərrə dərbənd etdi İran taciri.
İlk dəfə “Günəş” qəzetində (5 dekabr 1910, № 84) “Ə.S.” imzası ilə çap olunmuşdur.
74
ŞAMAXIDA
Əsri-bistümdür, səhab altında qalmaz şəmsi-elm,
Bir zəman tələt açar, pərtöv saçar, zülmət qaçar;
Məktəbi-nisvan lüzumu hər kəsə məfhum olar,
Şeyxzadəm açmaz isə, xahərim Gövhər açar.
İlk dəfə “Günəş” qəzetində (8 dekabr 1910, № 87) “Ə.S.” imzası ilə çap olunmuşdur.
Şeyxzadə Hafiz əfəndinini qızı Şamaxıda qız məktəbi açmamış, az sonra Gövhər adlı bir müəllimə Şamaxıda qızlara məxsus yeni üsullu məktəb açır.
75
... LAM DEYİR Kİ:
Şeyxül –islamlərin müftiyi-islamlərin
Hankısı satmadı on müslümi bir tərsayə?
“Satdı gülzari-behişti iki buğdayə babam,
Satmasam naxələfəm mən onu bir arpayə”[xxii].
İlk dəfə “Günəş” qəzetində (12 dekabr 1910, № 89) “Ə.S.” imzası ilə çap olunmuşdur.
76
GÜNDƏ ÜÇ KAĞIZI, BEŞ KOPYANI IMZA EDƏRƏK
Gündə üç kağızı, beş kopyanı imza edərək,
Rayevski çəkiyormuş nə məratib zəhəmat?!
Kişinin min donluq ilə eyləyir imrari-həyat.
Uçitellərsə fəqət ildə alır doqquz yüz,
Gündə beş saət edir əlli uşaqçın xidəmat.
Var ikən məsələdə bunca təfavüt, əcəba,
Rayevski utanırmı dediyindən, heyhat?!
İlk dəfə “Günəş” qəzetində (13 dekabr 1910, № 90) “Ə.S.” imzası ilə çap olunmuşdur.
77
IŞTƏ BIR HEYƏTI-TƏHRIRIYYƏ
Iştə bir heyəti-Təhririyyə[xxiii]
Bulunur ən uca bir məşğələdə…
Göstərir xəlqə nəzafət yolunu,
Bəhs açır gündə birər məsələdə;
Lakin öz fikrinə bərəks olaraq,
Yaşayır kəndisi bir məzbələdə.
İlk dəfə “Günəş” qəzetində (14 dekabr 1910, № 91) “Ə.S.” imzası ilə çap olunmuşdur.
78
QURULUBDUR YENƏ MEYDANI-HƏYAHAYI-SÜXƏN
Qurulubdur yenə meydani-həyahayi-süxən,
Yazılır şer, açılır pərdeyi-mənayi-süxən;
Şair olmaq hünərindən başı bibəhrə ikən
Girişib oğruluğa Mirzəli Ağayi-süxən;
Əşrəfin gündə birər danə rübaisi ilə
Özünü ədd ediyor şairi-danayi-süxən.
Nə gözəl söyləmiş ol Nəfiyi[xxiv]-ustadi-kəlam,
O böyük xazini-rövşəndilü kalayi-süxən:
“Sirqəti-şer edənə qəti-zəban lazımdır,
Boylədir şeri-bəlağətdə fətavayi-süxən”.
İlk dəfə “Günəş” qəzetində (17 dekabr 1910, № 94) “Ə.S.” imzası ilə çap olunmuşdur.
[i] “Nicat” – Bakıda təşkil olunmuş maarif cəmiyyəti idi. Həmin cəmiyyət 1910-1911-ci ilərdə “Nicat” adlı bir qəzet də nəşr etmişdir.
[ii] Qəzetdə “çingənə” sözünün üzərinə çıxış əlaməti qoyulub, “qaraçı” deyə izah verilmişdir.
[iii] Haşım bəy Vəzirov (1868-1916) – 1905-ci il inqilabından sonra burjua mətbuatında və mütərəddid mətbuatda fəaliyyət göstərən jirnalist və yazıçı idi.
[iv] “Səda” – 1909-1911-ci illərdə Bakıda Haşım bəy Vəzirovun redaktorluğu ilə nəşr olunan gündəlik “ədəbi, siyasi, fənni, iqtisadi və ictimai” qəzet idi.
[v] Şollar sözünün ilk hecasıdır.
[vi] İranın böyük torpaq sahibi olan feodallardan Sipəhdar nəzərdə tutulur.
[vii] Haşım bəy Vəzirov nəşr etdiyi “Səda” qəzetində “Keyfim gələndə” sərlövhəsi ilə qərəzli məqalə və felyetonlar yazardı. Ona işarə olunur.
[viii] Keçən əsrin tərəqqipərvər türk şairi Namiq Kamalın məşhur qəsidəsindən bir misradır.
[ix] Qədim yunan alimi (y.e.ə. 287-212).
[x] Hüseyn Kəmal – Bakıdakı “İttihad” mədrəsəsinin müdiri idi.
[xi] Yeyirsən
[xii] Yeyir
[xv] Zilli-Sultan – Məhəmmədəli şahın əmisi idi.
[xvi] Vamberi, Armini (1832-1913) – Macar burjua dilçi-türkoloqu və etnoqrafıdır. 1860-cı illərində Orta Asiya ölkələrinə və İrana uzun müddətli səyahət etmiş, zəngin faktik material əsasında “Mənim İrandakı səyahətlərim və həyəcanlarım” (1864), “Orta Asiyaya səyahət” (1865) əsərlərini yazmışdı.
[xvii] İstanbulda nəşr olunan gündəlik türk qəzeti idi.
[xviii] Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.
[xix] Eynüddövlə - İranın mürtəce hakimlərindən biri idi. Bir neçə dəfə sədr-əzəm (baş nazir) olmuşdur.
[xx] “Merkuri” – Bakıda gəmiçilik şirkəti idi.
[xxi] Mehdi – şiələrin on ikinci və axırıncı imamıdır.
[xxii] Bu beyt fars şairi Hafizin:
“Pədərəm rövzeyi-rizvan be do kəndom befruxt,
Naxələf başəm əgər mən də cəvi nəfruşəm” – beytinin tərcüməsidir.