Əşhədü billahi əliyyül əzim,
Sahibi-imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinin mənim,
Köhnə müsəlmanəm, a şirvanlılar!
Şiəyəm, əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən.
Sufiyəm, əmma nə bu əbdaldən,
Həq sevən insanəm, a şirvanlılar!
Ümməti-Mərhuməvü məğfur ilə,
Əmrdəyəm taəti-məzbur ilə,
Küfrümə hökm eyləməyin zur ilə,
Qaili-qur`anəm, a şirvanlılar!
Bu əsərin ilk bəndi şairin ölümündən sonra “Məlumat” qəzetində (29 iyul 1911, № 25) “Mərhum Ə.Sabirin axırıncı günlərində dediyi kəlamlarından” qeydi ilə çap olunmuşdur. Bütünlükdə isə ilk dəfə “Yeni irşad” qəzetində (6 sentyabr 1911, № 7) şairin vəfatı münasibəti ilə A.Səhhətin çap etdirdiyi “Sabir” adlı məqaləsinə daxil edilmişdir.