Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!
Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəslərə şayandır əgərçi,
Bir adəti-irsiyyə dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dövlətliləriz, məqsədimiz eyşü səfadır,
Mehmanlarımız büsbütün ərbabi-qinadır,
Kökdür, yekədir, boynuyoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı dualı üləmadır,
Bişmişlərimiz min cürə ləzzətli qidadır,
Dikmə gözünü mətbəxə, biar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dəxli bizə nə boşda qalıb dəsti-süalın?!
Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tüf üzünə, surəti murdar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dövlətli neçin sərf edib öz bəzlü səxasın,
Əyanı qoyub, doydura şəhrin füqərasın?
Töksün görüm allah üzünün şərmü həyasın!
əl çək yaxamızdan, itil, idbar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Bir dəfə fəqir olduğunu anla da, zinhar,
Dövlətlilərin bişmişinə olma həvəskar,
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!
Etmə bu qədər bizlərə azar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
İlk dəfə “Zənbur” jurnalında (29 mart 1910, № 8) “Qoca bəy” imzası ilə çap olunmuşdur.