- Nə xəbər var, məşədi?
- Sağlığın!
- Az-çox da yenə?
- Qəzet almış Hacı Əhməd də...
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
- Belə nəql eylədilər!..
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Dəxi bir başqa xəbər?
- Hac Cəfərin oğlu Vəli
Qoyub uşqolaya oğlun...
- O qurumsaq da?
- Bəli!
- Sənə kim nəql elədi bu sözü?
- Bilməm kim idi.
- Oylə isə ona da min kərə lənət deməli!..
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Dəxi bir başqa xəbər yoxmu?
- Tanırsan Qəfəri?
- Nə Qəfər? Hansı Qəfər?
- Mirzə Mənafın pədəri!
- Tanıram!
- Dün o da bir şübhəli kəslə danışıb...
- Kim deyirdi?
- Yedici Xansənəm arvadın əri.
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Yenə bir başqa xəbər varmı?
- Bizim qonşu Kərim...
- A... A... A?..
- Bəli, hə... hə!..
- O nə qayrıb, de görüm?
- “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.
- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşını
Satıb, onversetə göndərmək üçün qardaşını...
- Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:
Özü də çəkmə geyib, saç da qoyubdur başına...
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
- Bəli, düzdür bu dəzi!..
- Heyf, o dövlətdən ona!..
Dövlət azdırdı onu, dini-xudadan uzaşır...
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?
- Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!
- Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- O qurumsaq Cəbi də gözləməyir hörmətimi,
Burda-orda, belə derlər ki, edir qiybətimi...
- Bəli, hətta bu işin üstə onun arvadına söymüşəm!
- Borcun odur, - gözləmisən qeyrətimi...
Mən də hər daim ona yağdırıram lənətimi,
Başlayıb dəvətimi, ərz edib hacətimi
Vəqfi-nifrin edərəm həm günümü, saətimi,
Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lənət oxuyun, çünki bu məlun babıdır!..
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 mart 1910, № 11) “İmza (.......)” imzası ilə çap olunmuşdur.