İnteligentlik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə
Həmdəm olub işləri samanlarıq,
Ay barakallah, nə gözəl canlarıq!
Xoşlamarıq bir para nadanları,
Şiveyi-nisvani-müsəlmanları,
Neyləyirik Fatma-Tükəzbanları?!
Annaları, Sonyaları yanlarıq,
Ay barakallah, nə gözəl canlarıq!..
Bir para biəqlü fərasət bizə
Eyləyir isnadi-qəbahət bizə,
İstəyir etsin nə nəsihət bizə,
Bir bunu qanmır ki, biz irfanlarıq,
Ay barakallah, nə gözəl canlarıq!..
Kimsəyə yox dəxli ki, biz işrəti
Xoşlayırıq; boşlayırıq külfəti,
Güşeyi-qəstində olan ləzzəti
Xaneyi-viranda haçaq anlarıq?!
Ay barakallah, nə gözəl canlarıq!..
İnteligentlik, bu ki, böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qabili-irfan deyil,
Biz buna qail olan insanlarıq!
Ay barakallah, nə gözəl canlarıq!
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq bana
Eybdir! Öz eybimizi anlarıq!
Ay barakallah, nə gözəl canlarıq!..
Yox işimiz məcməi-islam ilə
Püxtə nasıl söhbət edər xam il?
Çünki klublarda sərəncam ilə
Hər gecə bir mətləbi ünvanlarıq,
Ay barakallah, nə gözəl canlarıq!..
İlk dəfə “Zənbur” jurnalında (12 fevral 1910, № 3) “Cingöz bəy” imzası ilə çap olunmuşdur.