Bimərhəmət əyanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr xudaya!
Millət qəminə baxmayan ənzari-kərəmlə -
İşani-zəvişanlarına şükr, xudaya!
Iş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudaya!
Bidadi-bəradərlə olan qanına qəltan,
Qafqazdakı qurbanlarına şükr, xudaya!
Xunxar olan əfradi-bəni-növünə daim –
Bu vəhşiyü ğürranlarına şükr, xudaya!
Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!
Gözlənməyən ədnalığın icadına ciddən –
Himmət edən insanlarına şükr, xudaya!
Həmmadə övrətlərə quldurluq edən bu
Qeyrətli müsəlmanlarına şükr, xudaya!
Sakit oturan boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!
Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!
Həll olmadı könlümdəki niskilli müəmma,
Təcdid edirəm mətləi, mabədi var əmma!..
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 dekabr 1907, № 47) imzasız çap olunmuşdur.