Sürür inəkləri Dadaş
Otarmağa yavaş-yavaş,
Belində bağlama çörək,
Yanında bir ala köpək.
Basıb gözə papağını,
Vurur yerə çomağını.
Ara-sıra oxur, çalır,
Sürü həvəslə otlayır:
“Yaşıllanıb çəmən, çayır,
Səfalanıb dərə, bayır.
Inəklərim, ot otlayır,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
Əlində badya, həm çatı”.
1906