Aqil, gəl bəri, gəl bəri,
Gir gönülə nəzər eylə.
Görür göz, eşidir qulaq,
Söylər dilə nəzər eylə.
Başdır gövdəyi götürən,
Ayaq mənzilə yetirən,
Dürlü məsləhət bitirən
İki ələ nəzər eylə.
Sufi isən, alıb satma.
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
İki əlin qızıl qanda,
Çox günahlar vardır məndə,
Ya ilahi, kərəm səndə,
Düşgün qula nəzər eylə.
Xətayi aydır: – Ya ğəni,
Verən mövla alır canı,
Əvvəl kəndi-kəndin tanı,
Sonra elə nəzər eylə.