Dörd məclis və beş pərdəli komediya
MƏCLİSLƏRİN ƏHALİSİ
Ş e y x N ə s r u l l a h – 45 yaşında.
Ş e y x Ə h m ə d – onun şagirdi, 40 yaşında.
H a c ı H ə s ə n – şəhərdə bir mötəbər bir hacı, 50 yaşında.
K ə r b ə l a y ı F a t m a x a n ı m – onun övrəti, 40 yaşında.
İ s k ə n d ə r – onun oğlu, 22 yaşında.
C ə l a l – onun kiçik oğlu, 10 yaşında.
N a z l ı – onun qızı, 12 yaşında.
Z e y n ə b – Hacı H ə s ə nin qaravaşı, 20 yaşında.
Ə l i – Hacı H ə s ə nin nökəri, 18 yaşında.
H a c ı B ə x ş ə l i – 45 yaşında.
H a c ı K ə r i m – 50 yaşında.
H a c ı K a z ı m – 50 yaşında.
M ə ş ə d i O r u c – 35 yaşında.
M ə ş ə d i O r u c u n anası – 50 yaşında.
M i r B a ğ ı r a ğ a – 35 yaşında.
H e y d ə r a ğ a – teleqrafçı, 45 yaşında.
Ə l i b ə y – dilmanc, 30 yaşında.
M i r z ə H ü s e y n – müəllim, 40 yaşında.
K ə r b ə l a y ı V ə l i – 35 yaşında.
D ö r d n ə f ə r q ı z – Şeyx Nəsrullahın övrətləri: hər biri 13-14 yaşında.
A z a r l ı l a r, a r v a d l a r, m ü s a f i r l ə r, c a m a a t.
Əhvalat vaqe olur İrəvan şəhərlərinin birində, iyirmi il bundan irəli.
Birinci məclis
Hacı H ə s ə nin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul. C ə l a l və müəllim diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
C ə l a l (qabağında kitab, buruxa-buruxa oxuyur). Mara çe töhfə adərdi.
M ü ə l l i m (ucadan). Avərdi!
C ə l a l. Avərdi. Küft. Bəxatir. Bəxatir daştəm ki, çün bədər xət...
M ü ə l l i m (ucadan). Bədirəxt!
C ə l a l. Bədirəxt gül rəsmi daməni, daməni pər künəm...
M ü ə l l i m (ucadan). Pür künəm.
C ə l a l. Pür künəm hədiyeyi əshabra, əshabra çün rəsidəm buy güləm çəndan məst kərd ki, damənəm, damənəm əz dəst bərfət.
M ü ə l l i m (ucadan). Berəft!
C ə l a l. Əz dəst berəft, ey mürği səhər, eşqi zipərvanə, zipərvanə...
Bir kişi (məşədi paltarında tələsik girir içəri və tövşüyə-tövşüyə ucadan). Hacı H ə s ə n əmi evdə?..
C ə l a l (kişiyə). Ağam gedib bazara.
Kişi çıxıb gedir. M ü ə l l i m təəccüb ilə baxır onun dalınca.
C ə l a l (yenə oxuyur). Zipərvanə beyamuz, beyamuz... kanə... suxtəra...
M ü ə l l i m (ucadan). Düz oxu, kon suxtəra... şeiri qələt oxumazlar.
C ə l a l. Kon suxtəra can şüd, can şüd avaz nəyaməd...
İskəndərin səsi gəlir: “Mars! Mars! Mars!” deyib iti çağıra-çağıra girir içəri.
C ə l a l (oxuyur). Kon suxtəra, kon suxtəra... (İskəndərə) Dadaş, çıx get, qoy dərsimi oxuyum.
İskəndər itin qulaqlarından yapışıb, istəyir çəkə içəri. İt dartınıb gəlmir.
C ə l a l (İskəndərə). Sən allah, dadaş, iti çağırma içəri; qoy dərsimi oxuyum.
İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını kravatın üstünə çırpıb, başlayır papiros eşməyə.
M ü ə l l i m (İskəndərə). Xudahafiz, İskəndər bəy. Yaxşı oldu təşrif gətirdiniz. Təvəqqe eləyirəm mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın.
İ s k ə n d ə r (oturub kravatın üstündə). Baş üstə, baş üstə, nəsihət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, allahın iti də mənim sözümə baxmır; nə qədər elədim, içəri girmədi. Xa... xa... xa... (qah-qah çəkib gülür).
M ü ə l l i m . Yox elə buyurma. Mirzə Cəlal ağıllı oğlandı; mirzə Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən onun yolunda çəkirəm, atası çəkir, gərək bu da elə rəftar eləyə ki, bu zəhmətlər səmərəsiz qalmayalar. Məgər mirzə Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə qədr-qiyməti ola bilər və nə hörməti ola bilər.
İ s k ə n d ə r (ucadan qah-qah çəkib gülür). Məgər mirzə Cəlal görmür ki, elmli insan bir qəpiyə dəyməz? Xa... xa... xa... Hər kəsin ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. Xa... xa... xa... İnsan ona deyərlər ki, nə elmi ola, nə hörməti ola. Xa... xa... xa...
M ü ə l l i m (C ə l a la). Yox-yox, İskəndər bəy zarafat eləyir; əlbəttə, zarafat eləyir.
C ə l a l (M ü ə l l i m ə). Mirzə, vallah dadaşım genə keflidi.
İ s k ə n d ə r (tez durub gəlir Cəlalın yanına). Mən? Mən? Mən kefliyəm?
Ağzını C ə l a lın ağzına tutub, “hu, hu, hu” eləyir.
Hanı? Mən kefliyəm?
C ə l a l (başını kənara çəkib üzünü turşudur). Valllah, dadaş, genə çaxır içmisən.
İ s k ə n d ə r (gülə-gülə ucadan). Yalan deyirsən, vallah yalan deyirsən! Çaxır içməmişəm, araq içmişəm! Gördün yalan deyirsən! Xa... xa... xa!..
M ü ə l l i m (ayağa durub Cəlala). Çünki bu gün dərsini yaxşı bilmirsən, dəxi mən də sənə təzə dərs vermirəm. Haman dərsi sabah soruşacağam.
B i r k i ş i (məşədi paltarında qapıdan tələsik girib, tövşüyə-tövşüyə ucadan). Hacı əmi evdə?
C ə l a l (kişiyə). Evdə deyil.
Kişi gedir. Həyətdə it hürür kişinin üstünə.
İ s k ə n d ə r (qapıya tərəf gedib). Küş, küş, küş! Xa... xa... xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).
C ə l a l (İskəndərə). Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürürdü adamların üstünə.
İ s k ə n d ə r (bir qədər Cəlala baxandan sonra). Mən də deyəcəyəm ki, Cəlal dərsini bilmirdi. Xa... xa... xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gəlir Cəlalın yanına). Yox, yox, demənəm, demənəm. Sən bilirsən ki, mən səni çox istəyirəm (üzünü əlləyir). Amma dadaşının sözünə baxmamaqda bir az yaxşı eləmirsən. İndi, məsələn, bu kitabı qoyubsan qabağına, oxuyursan. (Kitabı götürür əlinə). İndi yəqin ki, ağan bu kitaba üç abbası, bəlkə hələ dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə versəydin, sənə iki şüşə Smirnov arağı verərdi. Sən də gətirib verərdin İskəndər dadaşına. Mən qoyardım cibimə. Birini səhərdən içərdim axşama kimi sənin sağlığına, birini də axşamdan içərdim səhərə kimi mirzənin sağlığına. Siz sağ olardınız, mən də kef elərdim (M ü ə l l i m ə tərəf). Mən ölüm, mirzə, doğru demirəmmi? Xa... xa... xa!..
M ü ə l l i m . Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. Siz qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, başlayırsız ona lazım olmayan nəsihətləri eləməyə.
Cəlal istəyir kitabı onun əlindən ala, o da vermir.
İ s k ə n d ə r. Xa... xa... xa!.. (Cəlala). Elm dalınca get. Xa... xa... xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nə deyirəm.
B i r m ə ş ə d i (tövşüyə-tövşüyə içəri girib, ucadan). Hacı Həsən əmi evdə?
İ s k ə n d ə r. Evdədi, evdədi.
C ə l a l (məşədiyə). Dadaşım yalan deyir, ağam gedib bazara.
M ü ə l l i m (məşədiyə). Nə var, nə xəbərdi?
Məşədi dinməyib gedir.
İ s k ə n d ə r (Əlində kitab, qaçır məşədinin dalınca). A kişi, getmə, Hacı evdədi, getmə. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerə döyür).
M ü ə l l i m (istəyir çıxıb gedə). Hələ ki, xudahafiz (Çıxıb gedir).
İ s k ə n d ə r (gülə-gülə Müəllimin dalınca). Mirzə, getmə! Mən ölüm getmə, gəl Cəlala elm öyrət. Oxusun alim olsun.
C ə l a l (İskəndərə yavıq gəlib). Dadaş, ver kitabımı.
İ s k ə n d ə r (çox ucadan və hirsli). Cəhənnəm ol!
Cəlal qorxub qaçır eşiyə.
(İskəndər bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündə və bir cibindən araq və o biri cibindən bir balaca stəkan çıxarıb, başlayır töküb içməyə, sonra kitabı açıb baxır).
İ s k ə n d ə r (kitaba). Tanıyıram səni. Mən də səni bir az oxumuşam. On beş il bundan irƏ l i həmin otaqda mən də səni oxumuşam (oxuyur). “Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər güzəşt”[i]. Mənim də Müəllimim mənə nəsihət elərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol. Amma məni bir başa salan yoxdur ki, axır, bu elm, elm nə deməkdir? Elm ona deyərlər ki, indi birisi bu şüşəni çəkə başına, hamısını içə, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm – buna deyərlər.
C ə l a l (başını qapıdan uzadır içəri). Dadaş, vallah, ağam gələndə deyəcəyəm.
İ s k ə n d ə r (stəkanı və şüşəni qoyur cibinə). Cəlal, Cəlal, bura gəl, gör sənə nə deyirəm.
C ə l a l. Gəlmirəm, sən keflisən.
İ s k ə n d ə r. Cəlal, bilirsən Sokrat nə deyirmiş?
C ə l a l. Sokrat kimdi?
İ s k ə n d ə r. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyərmiş ki, “mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm”. Xa... xa... xa! Yəni araq içməyi də bilmirəm! Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küplərin dibində yatmağa. Xa... xa... xa!..
N a z l ı (qapıda görsənir). Dadaş, sən allah az iç bu zəhrimarı!
İ s k ə n d ə r. Baş üstə, bax, mənim bu gözlərim üstə (Əlini qoyur gözünə).
N a z l ı. Vallah, yalan deyirsən.
İ s k ə n d ər. Vallah, yalan demirəm. Nə qədər ki, sən burada durubsan, bir tikə də içmərəm, amma doğrudan doğrusu elə (ki) buradan gedibsən, içəcəyəm.
N a z l ı (gəlib yapışır İskəndərin əlindən). Mən də sənin yanından getmənəm.
İ s k ə n d ə r (Nazlını qucaqlayır). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər? Sənin burnu fırtıqlı balaca qardaşların (Cəlal və Nazlı gülür) gedirlər arxların kənarında yonca yığıb yeyirlər, amma sən evdə oturub, saqqız çeynəyirsən. Evdə bitli bacılarınnan əl-ələ verib, atılıb düşürsən və deyirsən: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun ətək haquşka! Xa... xa... xa!.. (Cəlal və Nazlı gülürlər). Mənim istəkli Nazlı bacım! Gəl yapışım əlindən, baş alıb bu vilayətdən çıxıb, qoyub gedək. Dəm qənimətəst Dəxi niyə durubsan?
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Qaşında, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq![ii]
Hacı Həsən çox havalı və ləhləyə-ləhləyə girir içəri. Nazlı və Cəlal gedirlər.
İ s k ə n d ə r. Ata, nə xəbər?
H a c ı H ə s ə n (bir az fikir eləyəndən sonra başını qalxızıb). Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ə n d ə r (təəccüblə başını atasına tərəf əyib). Necə?
H a c ı H ə s ə n. Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ə n d ə r (təəccüblə). Necə Kərbəlayı Fətullah?
H a c ı H ə s ə n. Hacı Rüstəm əmivin oğlu Kərbəlayı Fətullah.
İ s k ə n d ə r. O ki, Xorasanda ölmüşdü?
H a c ı H ə s ə n. Hə, hə... haman Kərbəlayı Fətullah.
İ s k ə n d ə r. Yəni lap dirilib, qəbirdən çıxıb eşiyə?
H a c ı H ə s ə n (hövsələsiz). Hə, hə, dirilib.
İskəndər düzəlib, üzünü çöndərir kənara və istəyir gülməyin saxlasın, amma tab gətirə bilməyib, birdən qah-qah çəkib gülür və qaçır eşiyə.
H a c ı H ə s ə n (təəccüblə onun dalınca baxa-baxa). Allah sənə lənət eləsin! Budu, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə allahı tanıyır, nə peyğəmbəri tanıyır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör axırı nə günə qalıb? Hələ bir para namərdlər müsəlmanlara məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa! Yəni (mən) başı küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa, öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gəlsin, allaha şükür, məqdurun[iii] var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun; incinar olsun, həkim olsun, silitçi[iv] olsun, nə bilim nə zəhrimar olsun. Bəli , göndərdik. Maşallah, oxudu gəldi; indi gör nə olub; səhər kefli, axşam kefli. Divanxanalarda heç mirzəliyə də götürmürlər. Allah baisin evini yıxsın.
H a c ı B ə x ş ə l i (tövşüyə-tövşüyə girir içəri). Hacı, Kərbəlayı Fətullah dirilib?
H a c ı H ə s ə n (durub ayağa). Bəli, Bəli, dirilib; hətta öz əliynən kağız da yazıb. Məəttəl qalmışam.
H a c ı B ə x ş ə l i . Allahın qüdrətindən heç bir şey uzaq deyil və bir də, ay hacı, ölü öz başına dirilməz ki? Əlbəttə, onu bir dirildən var.
H a c ı H ə s ə n. Yəni, ay hacı, bu bir qəribə iş deyil ki! Odu, keçən il Kabla Xəlilin arvadı, xəbər çıxdı ki, ölüb. Amma səhər dedilər ki, dirilib. İndi odura gəzir.
İ s k ə n d ə r (qapıdan başını içəri uzadıb). Əlbəttə, axşam elə biliblər ki, arvad ölüb, amma demə sən diri imiş! Xa... xa... xa!..
H a c ı H ə s ə n (çox ucadan və hirsli İskəndərə tərəf). Cəhənnəm ol!
H a c ı K ə r i m (tövşüyə-tövşüyə girir içəri). Hacı, deyirlər Kərbəlayı Fətullah dirilib?
H a c ı H ə s ə n. Bəli, belədir, doğrudur. Hacı, əyləş. Hacı, əyləş.
Otururlar.
H a c ı K a z ı m (tövşüyə-tövşüyə girir içəri). Hacı, Həsən ağa, deyirlər Hacı Rüstəm dadaşın oğlu dirilib?
H a c ı H ə s ə n (durur ayağa). Bəli, Hacı ağa, belədir, doğrudu.
Məşədi Oruc və onun dalınca bir dəstə adam tövşüyə-tövşüyə girirlər içəri.
M ə ş ə d i O r u c (bir əlində kağız, hər iki əlini göyə qalxızıb, allahı çağırır). Barı Pərvərdigara, sənin qüdrətini tərif eləməyə dilim laldır. Min şükürlər olsun kərəminə, İlahi!
A d a m l a r ı n bir parası qabağa yeriyib, kağıza baxırlar və deyirlər: - Budurmu Kərbəlayı Fətullahın kağızı? Oxu görək nə yazıb?
H a c ı H ə s ə n (Məşədi Oruca). Məşədi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidə; çünki çox qəribə işdir; insan məəttəl qalır.
M ə ş ə d i O r u c (yenə hər iki əlini yuxarı qalxızıb, başlayır ağlamağa və gözünün yaşını arxalığının ətəyi ilə siləndən sonra başlayır kağızı oxumağa).
“Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Bu kağız sənə çatan kimi, əvvəl qabaqca Hacı Həsən əmimə müjdə ver.
Hacı Həsən ağlayır
Ondan sonra, həyə anam sağdır, get anamı bas bağrına və deginən: “Ay ana, yazıq ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fətullah dirilib. Sonra mənim oğlum MəhəmmədH ə s ə ni al qucağına və deginən: “Ey yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən, atan dirilib və bir neçə gündən sonra sənə Xorasandan qırmızı başmaq gətirəcək”. Və ayıb olmasın MəhəmmədH ə s ə nin anası, - əlbəttə indi gedib ərə və işdi, əgər getməmiş olsa, - gƏlin bacımı göndər, ona xəbər versin (ağlayır). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlbiqara adamlara təəccüblü görsənə. Min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirələr!
A d a m l a r h a m ı b i r d ə n: Lənət!
M ə ş ə d i O r u c (oxuyur). Qardaşım Məşədi Oruc! Mən və məndən savayı yüz on dörd nəfər qədirdən ricət edib, dübarə bu dünyaya gələnlər, gərək bir həftə tamam ziyarətə məşğul olaq və inşallah bir həftədən sonra gələrəm vətənə. Ancaq indi müxtəsər surətdə bunu deyə bilərəm ki, Məşədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Əyyədullah təala billütf![v]. Şeyx cənabları neçə illər ilə İsfahanda ülumi-xəfiyyatı təhsil edəndən sonra təşrif gətiriblər Xorasana və burada neçə ay riyazəti-tam və mücahideyi-lakəlamdan sonra, həmin elmin xəfayasının istinbatına və istixracına müttəle olub, axırda bu niyyətə düşüb ki, sübhanə və təalanın mərhəmətilə təsxiri-ərbahə iqdam eləsin. Ey mənim mehriban qardaşım Məşədi Oruc! Macəranın təfsilini, inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm və sən eşidib mat və heyran qalarsan. Ancaq bunu bil və eşit ki, cəmadiyəl-axirin on səkkizinci günü, qəmər süfla aləminə yavuqlaşan saatda, şeyx cənabları Məşhədi-müqəddəsdə qürəba qəbristanına əhli-qübur ziyarətinə gəlib, təsxirül-əmvat şəraitini əmələ gətirəndən sonra, əvvəl başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Əzzəmtü əleyküm ya əhləl-qübur! Durun ayağa, ey allahın mömin bəndələri! Bu səsi eşitcək cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər.
Adamlar başlayır ağlamağa.
Dəxi nə deyim, ay qardaş? Gördüm başımın üstündə bir şəxs durub, uca qamətli, qırx yaşında, abidi-seleh və rəhmdil, siyəhçeşm və rəngi-ruyi-möbarəkeş bəsəbzə mail və ismi-mübarəkəş Şeyx Nəsrullah İsfəhani[vi].
H a c ı l a r ı n b i r i d e y i r: Xudaya, şükür sənin cəlalına!
B i r i d e y i r: Bari Pərvərdigara, rəhmin gəlsin yazıq bəndələrinə!
Hamı yenə ağlayır.
M ə ş ə d i O r u c (oxuyur). Ey mənim mömin qardaşım Məşədi Oruc! Bu kağızı sənə yazmaqda məqsədim səni xəbərdar eləməkdir ki, fazili-bimisl və abidi-müqəddəs Şeyx Nəsrullah rəcəb ayının qürrəsində Məşhədi-müqəddəsdən çıxacaq, Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfül-əşrəf şəhərinə azim olacaq. Şeyx cənablarının qəsdi bizim şəhərimizdə bir gün qalıb və əhli-qübur ziyarətinə müşərrəf olub, sonra yola düşüb getməkdir.
Adamlar ağlayır.
Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarıma və xüsusən möhtərəm Hacı əmimə yetirəsən ki, ayın yeddisində ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. Vəssalam. Kağıza qol qoyub əhli-vilayəti-filan Məşədi Fətullah Hacı Rüstəm oğlu, fi-tarix 19 cəmadiyəl-axir, şəhri. Məşhədi-müqəddəs. (Hər iki əlini göyə qalxızıb ağlayır. Adamlar da habelə ağlayırlar). Xudaya, şükür!
H a c ı B ə x ş ə l i (təəccüblü). Elədə şeyx cənabları bizim şəhərə də təşrif gətirəcək?
H a c ı H ə s ə n. Bəli, Bəli. Kağızdan belə məlum olur ki, belə yazılıb. Adamlardan bir neçəsi gələcək; bizim şəhərə gələcək.
M ə ş ə d i O r u c . Bəli, Bəli, bizim şəhərə gələcək; yəni gəlibburadan Təbrizə gedəcək.
H a c ı K a z ı m. Nə vaxt təşrif gətirəcək? A kişi, nə deyirsən?
M ə ş ə d i O r u c . Bəli, Bəli, belə yazılıb; rəcəb ayının yeddisində ya səkkizində təşrif gətirəcək.
H a c ı K ə r i m. A kişi, nə danışırsan? Yəni neçə gündən sonra bizim şəhərə təşrif gətirəcək?
M ə ş ə d i O r u c . Yəni iki-üç gündən sonra.
A d a m l a r ı n bir neçəsi. Yəni iki-üç gündən sonra şeyx cənabları bizim şəhərə təşrif gətirəcək?
M ə ş ə d i O r u c . Bəli, Bəli, belədir.
Adamlar hərəkətə gəlir, bir-birinə deyir: “Dəxi niyə durmuşuq?” bir az hamı baxır bir-birinin üzünə.
H a c ı H ə s ə n (üzünü hacılara tutub). Vallah, dünyanın işlərinə məəttəl qalmışam (bir az fikirdən sonra). Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola.
H a c ı B ə x ş ə l i . Hacı Həsən ağa, sən elə sözləri gərək buyurmuyasan. Allahın hikmətinə əl aparmaq olmaz və bir də bu işlər gizlin bir iş ki, deyil: o dur ki, kişi öz əli ilə kağız yazıb. Xeyr, Hacı ağa, sən o sözləri buyurma.
B i r n e ç ə a d a m. Əlbəttə, əlbəttə, bunların hamısı hikmətdir. Bu sirlər hamısı Allah-taalanın yanındadır.
H a c ı H ə s ən. Elədə dəxi niyə durmuşuq? Elədə indi şeyx cənabları yoldadır. Dəxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kərim, Hacı Bəxşəli , Məşədi Oruc , dəxi kim var, hamınıza deyirəm:durmayın tədarük görün (ucadan). A gədə, Heydərəli , haradadır bizim gədələr?
Nökər Əli qapıda adamların dalında görsənir.
A gədə, ata arpa verin, yəhər-əsbabını sazlayın. Siz də, hacılar, məşədilər, hazırlaşın; durmaq vaxtı deyil. Gərək yol tədarükü görək. Gərək qabağa gedək.
Hacılar, adamlar hərəkətə gəlirlər. Adamların bir neçəsi çıxır və bir-birinə deyir: “Gedək atları hazırlayaq”.
H a c ı H ə s ə n. A gədə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək.
Adamların içindən nökər Heydər çıxıb gedir.
H a c ı K a z ı m (Hacı Həsənə). Hacı, qoy sizə zəhmət olmasın, şeyx cənablarının zəhmətini mən çəkim, qoy bizim qonağımız olsun; qorxuram sizə zəhmət ola.
H a c ı H ə s ə n. Yox-yox, Hacı Kazım, sən Allah elə demə. Elə vücudun yolunda belə zəhmətlər xoşdur.
H a c ı B ə x ş ə l i . Xeyr, Hacı Həsən ağa, qoy şeyx bizə qonaq olsun.
H a c ı K ə r i m. Vallahı, razı olmanam, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. Vallah, olmaz.
H a c ı H ə s ə n (Hacı Kərimə). Sənin başın üçün razı olmanam; çünki şeyx cənablarının boynumuzda haqqı yoxdur.
H a c ı K a z ı m. Elədə, Hacı Həsən ağa, dəxi dayanmaq vaxtı deyil. Gedək hazır olaq. Hacılar, buyurun, gedək, yol tədarükü görək.
Hamı “buyur-buyur” – deyib çıxırlar. Otaqda bir Hacı Həsən qalır. Bu, tərəfdəki qapıdan K ə r b ə l a y ı F a t m a x a n ı m, başında çadra, qorxa-qorxa başını içəri uzadıb, sonra girir içəri.
K ə r b ə l a y ı F a t m a x a n ı m (Hacı Həsənə). Ay Hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətullah dirilib gəlir?
H a c ı H ə s ə n. Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya və aləm bir-birinə dəyib; Xorasanda hər nə qədər adam ölmüşdü, hamısı dirilib. Kərbəlayı Fətullah da dirilib; odur, bu gün-sabah gəlir. Onu dirildən şeyx də gəlir; özü də düşəcək bizdə. Di sənə deyirəm durma get, ev-eşiyi səliqəyə sal (ucadan və hirsli). Di sənə deyirəm durma! (İstəyir çıxıb getsin).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay Hacı, Allah atana rəhmət eləsin, bir de görüm, bizim şəhərin ölülərini də dirildəcək?
H a c ı H ə s ə n (qapıda). Ay arvad, sən allah, tez ol, durma! Bilmirəm dirildəcək ya diriltməyəcək. O bağlıdır Allahın iltifatına. Mənim özümün də ağlım çaşıb; heç bilmirəm nə cür diriləcək? Allahın iltifatı olsa, bu nə bir çətin işdir? (Çağırır). Arvad, sənə deyirəm durma get, tədarük gör! Mən gedirəm (çıxır).
K ə r b ə l a y ı F a t m a x a n ı m (hər iki əlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! Ay rəhim Allah, mən səndən istəyirəm Saramı! Ay Kərbəlayı Fətullahı dirildən Allah, mənə də rəhmin gəlsin; mənim gülüzlü qızımı dirilt! Allah! Allah!.. (ağlayır, üzüqoylu döşənir yerə).
İ s k ə n d ə r (içəri girir, yavaş-yavaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir). Yazıq ana!
P ə r d ə
İkinci məclis
Hacı Həsənin qonaq otağı. Kərbəlayı Fatma xanım və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı sevincək gəzir, oynayır, oxuyur.
N a z l ı (sevincək anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay qız, mən nə bilim? Mən də sənin kimi. Deyirlər Xorasanda on yüz adam dirildib. Kərbəlayı Fətullah əmoğluvu da dirildib. Hələ məni ötür, indi qonaqların gəlmək vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynəb, tez ol yastıqları gətir, bu tərəfdən qoy. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpəş!
N a z l ı. Ana, vallah, bilmirəm ağlayım, ya gülüm. Vallah, gör fikrimə nə gəlir. Ana, ürəyimdə bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşəcəyəm (ağlaya-ağlaya) mənim Sara bacımı da diriltsin.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay qız, nə bilim (Yerə çöküb, üzünü çarqatının ucu ilə örtür və başlayır ağlamağa).
Z e y n ə b. Ay xanım, sən Allah, ürəyini sıxma, Allah kərimdir (Kərbəlayı Fatma xanım gözlərini silib, üzünü açır). Ay xanım, sən Allah, o kişi necə adamdır ki, ölüləri dirildir? Yaxşı, bəlkə imamdı, seyiddi? Bay, Allah, kərəminə şükür. (Bir az dinməyib). Sən Allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elə deyəsən tifil bu saat qabağımda can verir. Yazıq uşaq öləndə gözlərini elə dirəmişdi üzümə ki, deyəsən məndən bir zad istəyir. (Ağlaya-ağlaya çarqatı ilə gözünün yaşını silir).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ah, Vallah, heç özüm də bilmirəm. Allah rəhim Allahdı, əlbəttə bizə də yazığı gələr. Di durma, Zeynəb, get Əliyə de ki, su gətirsinlər. Sən də ocağın altına bax. (Zeynəb çıxır).
N a z l ı. Ana, ana, vallah, ürəyim bir tikə olub. (Gülə-gülə). Bircə dəfə Sara bacımı görsəydim, ölməzdim. Ana, axı, sən bilirsən mən Sara bacımı nə qədər istəyirdim. Bircə ölməyəydim, o günü görəydim Sara bu qapıdan girir içəri. Belə atılıb onun boynunu qucaqlayaydım deyərdim, ay torpaqların içində çürüyən bacı! Vallah, ana, istəyirəm dəli olam. Bilmirəm gülüm, ya ağlayım. Mən and içirəm Allaha, peyğəmbərə; nəzir eləyirəm ki, hər nəyim var, paylayım fəqir-füqəraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hər nə var gətirəcəyəm. (İstəyir qaçıb gedə).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. Qonaqların gəlmək vaxtıdı. Get Zeynəbə de tez olsun gəlsin.
İ s k ə n d ə r (oxuya-oxuya girir içəri). Hə... ana, kefin necədi?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Eh, zəhrimar olsun kefim! Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında, hərəsi özünə görə bir qulluq sahibi olub. Amma sən gecə kefli, gündüz kefli... Vallah, el içində lap biabır olmuşuq. İçirsən o zəhrimarı, hər nə ağlına gəlir, danışırsan. Nə Allah tanıyırsan, nə böyük-kiçik tanıyırsan. Hələ o nə sözdü dünən Nazlıya demisən? “Gəl yapışım Əlindən gedək, gəzək”. Yoxsa indi də bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? Vallah, dünən bunu Cəlal mənə deyəndən az qalıram elə öz Ə l i mlə bir qəbir qazam, girəm içinə, yaxam qurtarsın.
İ s k ə n d ə r (qah-qah çəkib, yapışır anasının çiynindən). Daha bundan sonra ölsən də, yaxanı qurtara bilməyəcəksən. Odu, Şeyx Nəsrullahdı-nədi, bu gün gəlir. Sən ölərsən, genə səni dirildər. Xa... xa... xa!.. Daha bundan sonra ölməknən də yaxan qurtarmaz. Xa... xa... xa!..
Zeynəb və Nazlı girirlər. İskəndər gedib oturur yastıqların üstündə, Zeynəb istəyir qoymasın.
Z e y n ə b. Oturub yastıqları əzmə! Səndən ötəri bunları bura qoymamışıq! Görmürsən ki, qonaq gəlir?
İ s k ə n d ə r (Zeynəbə). Hey, Zeynəb, vallah, fəndini duymuşam! (Durur). Qonağın yolunda, bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu diriltsin? Vallahı, fəndini duymuşam. Xa... xa... xa!..
K ə r b ə l a y ı F a t m a x a n ı m (İskəndərə). Ay yazıq, ay başı daşlı! Sən nəyə inanırsan ki, buna da inanasan? Yazığım gününə! Yaxşısı budu çıx get, qoy işimizi görək. Ay qız, Zeynəb, gəl bu xalçanın ucunu düzəlt.
N a z l ı (İskəndərə). Dadaş, sən Allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gələcək.
M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam əleyküm.
Nazlı üzünü örtüb, qaçıb gedir.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Əleykəssəlam. Ağa, buyur əyləş.
Mir Bağır ağa oturur. İskəndər qaçır Nazlının dalınca.
İ s k ə n d ə r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gəldi.
K ə r b ə l a y ı F a t m a x a n ı m (İskəndərə acıqlı). Kəs səsini! Axmaq-axmaq danışma!
Mir Bağır ağa başını salır aşağı.
İ s k ə n d ə r (gəlibdurur Mir Bağırın qabağında). Mən ölüm, əl ver! Lotusan həyə, əl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gərək bircə tikə artıq olmasın. Quzu əti, şax, təzə-tər, lətif, balaca. Ağzından süd qoxusu gəlir. Ləzzət, ləzzət! vallah, ruhun var! Lotusan həyə, əl ver!
M i r B a ğ ı r (İskəndərə). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan həya elə, o sözləri danışma.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Onun həyası olsa, niyə o sözləri danışır?
İ s k ə n d ə r (bir az durub, təəccüblü baxır özünə). Doğrudan, bəlkə məndə heç həya yoxdu. (İki Əlini ciblərinə salıb, bir şey axtaran kimi). Baxım görüm, bəlkə həya ciblərimdədi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mən ölüm, sən də bir ciblərinə bax, bəlkə ciblərində ola.
Mir Bağır ağa istəyir dursun ayağa.
Xa... xa... xa!.. Mən ölüm incimə! Lotusan həyə, incimə! Əyləş, əyləş. Bu saat gedib nişanlını gətirəcəyəm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).
M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kəs səsini, piyan! (istəyir getsin).
K ə r b ə l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gədə lap dəli olub. (Ucadan) Adə, Əli , gəl bu səfehi çıxar sal eşiyə! (Mir Bağır ağa çıxıb gedir).
N a z l ı (girir içəri). Dadaş, vallah, lap biabır olduq. O nə sözlərdi danışırdın? Ayıb deyil?
İ s k ə n d ə r (çırtıq çala-çala oxuyur və oynayır).
Bir qız sevmişəm doqquz yaşında...
Sürmə gözündə, rasix qaşında.
Ay can! Ay can! Ay can!..
(Kərbəlayı Fatma xanım ikiəlli İskəndərə boğma çıxardıb gedir).
N a z l ı (ucadan). Dadaş, kəs səsini!
İ s k ə n d ə r (bir az fikir eləyəndən sonra gedib yapışır Nazlının əlindən və gətirir pəncərənin qabağına). Bax, bax, o kimdi?
N a z l ı. Nə bilim? Özün bilirsən kimdi.
İ sk ə n d ə r. Yaxşı bax! Bax, gör kimdi?
K ə r b ə l a y ı F a t m a x a n ı m (gəlibdurur qapıda). Ay balam, axı bir bəsdi! Utan, yorul! Axı bir özünə yazığın gəlsin. Axı bir həya elə. O sözləri ki, o kişiyə dedin, necə utanmadın? Yazıq kişi xəcalətindən dayana bilmədi, durub getdi. Necə olsa seyiddi, qohumdu. Məgər adamın ağzına nə gəlsə danışar? Axı o da yazıqdır, qəribdir; bizdən savayı onun bu şəhərdə kimi var?
İ s k ə n d ə r (çırtıq çalıb Nazlını göstərir). Belə bu şəhərdə onun Nazlı kimi nişanlısı var.
N a z l ı. Dadaş, and olsun Allaha, mən Mir Bağır ağaya getməyəcəyəm. Mən heç kəsə getməyəcəyəm.
İ s k ə n d ə r. Xa... xa... xa!.. (gedib yapışır Nazlının əlindən). Bacım, hələ sən uşaqsan. Get dolanginən, xamsən hənuz! Bir gün olar ki, gəlibgörərəm səni qabağına bir ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən çəm-xəm elədin. (Özü də çəm-xəm eləyən kimi burulur). Tutaq ki, sən istəmədin gedəsən. O vaxt bir də görəcəksən ki, səni daldan itələyib deyirlər ki, “Dayanma, tez-tez get!” Çönüb baxıb görərsən ki, itələyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki, dayanıb getməyəsən; bir də görəcəksən ki, daldan genə bir adam səni dürtmələyir ki: “Dayanma, yeyin yeri!” Çönüb baxıb görəcəksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımdı. Əgər, işdi, çox hay-küy eləsən, yanındakı, ətrafındakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cicilər, bacılar – hərə bir yandan səni mizləyəcəklər ki: “Dinmə, kəs səsini! Xortdan gələr səni aparar!” Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sən məni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).
Bir gün olar sən də məni atarsan,
Qurtlarınan aşnalığı qatarsan,
Balam, qatarsan,
Bacım, qatarsan!..
(Bir az dayanıb fikir eləyəndən sonra, baxır Nazlının və anasının üzünə). Ana, bəlkə mən kef havasına bu sözləri danışıram? (Kərbəlayı Fatma xanım dinmir. Nazlı gəlir İskəndəri qucaqlayır).
N a z l ı. Dadaş, kefli də olsan, mən sənin sözündən çıxmanam.
N ö k ə r l ə r (tövşüyə-tövşüyə girib, xəbər verirlər). Xanım, çıxın eşiyə, qonaqlar gəlir.
Xanım və Nazlı qaçırlar otaqdan.
H a c ı H ə s ə n (üstü-başı tozlu, girib tövşüyə-tövşüyə otağın bu tərəfinə-bu tərəfinə baxır, uzaqdan salavat səsi gəldikcə ucalır). Allah-taalanın hər bir bəlası gərək bizim vilayətə nazil ola. Şeyx cənabları yolda bir az naxoş olub. Bari Allah şəfa versin ki, xəcalət olmayaq. (İskəndərə). İskəndər, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmən var.
İ s k ə n d ə r. Dadaş, bu haman ölü dirildən şeyxdir ki, gəlir?
H a c ı H ə s ə n. Şeyx Nəsrullah cənablarıdır. Dəxi vaxtım yoxdur sənnən artıq danışmağa. (İstəyir çıxsın). Görüm evdə hər bir şeyi hazır eləyiblərmi?
İ s k ə n d ə r. Dadaş, elədə qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm.
Hacı Həsən tez və dinməz gəlib yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. Salavat səsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnəməsi və qiylü-qal gəldikcə ucalır. Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx Nəsrullahı qoltuqlayıb, gətirirlər içəri və otudurlar döşəyin üstündə və özləri çəkilib, ədəblə dururlar kənarda. Hacı Bəxşəli , Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, Mir Bağır ağa və hacılar, otaq tutduqca, camaat üst-başları tozlu, tövşüyə-tövşüyə otağa girib, ədəblə dururlar kənarda. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb, dayanır yastıqlara. İskəndər adamların içindən başını çıxardıb baxır. Hacı Həsən işarə eləyir ki, çıxıb getsin. İskəndər yox olur. Şeyx Əhməd yavaşca gəlir, çökür Şeyx Nəsrullahın qabağında və dizi üstə yavaşca soruşur.
Ş e y x Ə h m ə d (Şeyx Nəsrullaha). Şeyxəna, əhvalınız indi necədir?
Şeyx Nəsrullah bir söz deməyib, başını tərpədir.
H a c ı H ə s ə n (qorxa-qorxa Şeyx Əhmədə yavıq gəlib). Şeyx cənabları izin versin çay gətirsinlər.
Şeyx Nəsrullah başı ilə yox işarəsi eləyir.
H a c ı H ə s ə n (qorxa-qorxa). Bəlkə qəndab gətirsinlər?
Şeyx Nəsrullah yenə başı ilə işarə eləyir razı deyil.
H a c ı H ə s ə n. Bəlkə şeyx cənabları təam buyuralar? Yaxşı cücə-plov bişiriblər.
Ş e y x N ə s r u l l a h ( heç kəsin üzünə baxmayıb yavaşca). Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmibaşəd. Dil niz də vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-hübbi dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləziz başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti-bəndəgiyi-xuda və təhsili-faydeyi-üqba mütələzziz nəmigərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axirətül min qəlbikə və biqədri matəhzünü axirətin yüxrücü hümmüd dünya min qəlbikə[vii]. ( Bir az fikir eləyib, baxır Hacı Həsənin üzünə və birdən dikƏ l i b çığırır). Necə təam? Necə cücə-plov? (Şeyx Əhmədə). Şeyx Əhməd, məni hara gətirmisən? Bunlar necə müsəlmandırlar? Necə mömindilər? Bu nədir? (Otağın fərşlərini göstərir). Bu xalilər nədir? Necə təam, necə cücə-plov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!
Şeyx Əhməd və adamlar qorxub titrəyirlər,
Ş e y x Ə h m ə d. Bəli, şeyxəna, demişəm.
Ş e y x N ə s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nədir, vələdüzzina? Nə uymusunuz bu dünyaya? İnnə dünyaküm indi lahövlə min vərəqətin fixümmi cəradətin. Bu nədir? Nə istəyirsiniz? Nə axtarırsınız? Öləcəksiniz, əgərçi şah olasız. Dünyayi-şüma dər nəzdi-mən hər ayinə biqədrtər əst əz bərgi ki, dər dəhəni-mələx başəd[viii]. Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkum, mərkub və məşşum. Vəssəlam! Lakin ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır. O ki, qaldı mənkuhatın müəzzəm faydaları burada mətləb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudməndtər daruyi ki, cərəb xarxari-şahidan gülüzarra füru minişanəd, əmritəzvic nigahi-mitəəst. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayi canistan hisnisti-həsini dər təqlidi-xuni-fasid[ix]. (Çox ucadan). Mən təzəvvəcə əhrəzə nisfi dinihi. Yəni hər kəs ki, təzvic konəd nisfi-dini-xudra əz şərri-vəsvasi-şeytani və fəsadi və həvəshai-nəfsani eymən başəd[x]. (Bir az dayanıb yavaşca). Şeyx Əhməd, bu camaatın içində bacılardan heç gözümə dəymir? Deynən ki, o biçarələrə xəbər versinlər ki, onlar da buraya gəlibvə pərdə dalına cəm olub, Allah-taalanın hökmlərini eşitməkdən bibəhrə qalmasınlar.
Adamlar hərəkətə gəlir. Çadraya bürünmüş övrətlər tək-tək otağa girib, kişilərin dal tərəfinə düzülürlər.
Ş e y x N ə s r u l l a h (ucadan). Əksərü əhlinnaril-əzzəb; biştərin əhli-cəhənnəm əzabanənd (yavaşca Şeyx Əhmədə). Şeyx Əhməd, mənim taqətim yoxdur, sən bunları başa sal.
Ş e y x Ə h m ə d (camaata). Şeyx cənablarının fərmayişindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxsu siğeyi-mütədən məhrum olan kişi və övrətlərdir.
Ş e y x N ə s r u l l a h (Şeyx Əhmədə). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükət nəmazi ki, mütəzəvvic güzarəd behtər əst əz həftad rükət nəmazi ki, əzəb migüzarəd[xi]. (Birdən ayağa qalxıb və sağ əlini camaata tutub, çox ucadan). Təzvic kop və gər nə əz cümleyi rəhbanani-nəsarayi və gər nə əz bəradərani-şeytani[xii].
H a c ı H ə s ə n (qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcədyə). Şeyxəna, bizə rəhmin gəlsin; biz yazığıq. Biz hər halda sizin əmrinizə itaət etməyə hazırıq. Bizə yazığın gəlsin.
Ş e y x N ə s r u l l a h (bir qədər Hacı Həsənin üzünə baxandan sonra başlayır ağlamağa). Həzrət Davudra bə qəbristani güzar iftadə, mələki əzabra did ki, mürdəra əzab mikünəd. Həzrət fərmud[xiii]. (Dayanıb oturur yerə və camaat başlayır ağlamağa). Şeyx Əhməd, danışmağa taqətim yoxdur.
H a c ı H ə s ə n. Allah şəfa versin!
A d a m l a r. Allah şəfa versin!
Adamların içindən “çəkil oyza yol ver” səsi gəlir. Heydər ağa, Əliəy və Müəllim Mirzə Hüseyn girirlər içəri. Şeyx Nəsrullah bunlara göstərilən hörməti görüb, durur ayağa.
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, bu ağalar kimdirlər?
H a c ı H ə s ə n. Şeyxəna! Bu Heydər ağadır, telğrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. Bu ağa – Əliqulu bəydir. Məşhur Cahangir bəy mərhumun oğlu; özü də həkim yanında dilmancdır. Bu cənab – Molla Hüseyn müəllimdir.
Ş e y x N ə s r u l l a h (Əli ilə gələnlərə yer göstərir, onlar da otururlar). Məzaci-şərifiniz inşallah səlamətdir?
H e y d ə r a ğ a. Allah-taala siz tək üləmanın sayəsini bizim üstümüzdən əskik eləməsin.
Ə l i q u l u b ə y. Allah sizə ömür versin.
Ş e y x N ə s r u l l a h. Çün adəmira bə cənazə güzarənd və raqimani-kitabxaneyi-qeybi ibrətxaneyi-kalbudi-insanra baxameyi-əcəl bər lövhi-təxteyi-tabut nigarənd həqq-təala...[xiv] (Şeyx Nəsrullah birdən “uy-uy” eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə).
Adamlar təəccüblə gəlibdinmirlər. Şeyx Əhməd genə bir söz deməyib, durur ayağa və Hacı Həsənə işarə eləyib çıxır, Hacı Həsən Şeyx Əhmədin dalınca çıxandan sonra Şeyx Nəsrullah yenə başlayır moizəsini.
Çehl sual əz u nümayəd. Əz cümleyi on sual: yeki anəst ki, fərzəndi-alim, zahiri xudra balibashayi-kafiran zinət dadi və batini xudra ki, məhəlli-nəzəri-mən büvəd vagüzaşti. Nədanəm ki, dər cəvabi-in sual çe güyənd?[xv].
H e y d ə r a ğ a. Bəli, cənab şeyx, biz hər halda Allah-taalanın günahkar bəndələrindənik. (Üzünü adamlara çöndərib bir az yavaş). Maşallah, cənab elm dəryasıdır; mən belə alim görməmişəm.
A d a m l a r ı n b i r n e ç ə s i. Maşallah, qəribə danışır, lap Allah vergisidir.
Ə l i q u l u b ə y (adamlara). Maşallah olsun şeyxin elminə! “Malades!”.
Ş e y x N ə s r u l l a h (Heydər ağaya). Ağayi-mən, bu şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?
H e y d ə r a ğ a. Xeyr, şeyxəna, yoxdur. Ancaq bir neçə nəfərik. Doğrudur, Hacı Həsən ağanın oğlu da Firəngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Həqiqət, cənab şeyx, əcnəbi millətlərin dilini insan bir az öyrənsə, heç eyib deyil.
Şeyx Əhməd və Hacı Həsən girirlər içəri.
Amma bir surətdə ki, müsəlman uşağı illərlə gedib kafirlər içində qaldı, əlbəttə, etiqadı dəyişiləcəkdi.
H a c ı H ə s ə n. Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. Bir qələtdir eləmişəm.
Ş e y x N ə s r u l l a h. Hacının oğlu da burada camaat içindədir?
H a c ı H ə s ə n. Xeyr, cənab şeyx, xəcalətindən sizi görcək qaçıb gizlənib. Allah onun üzünü qara eləsin.
Ş e y x N ə s r u l l a h. Əmr bəməruf hər müsəlmana vacibdir. Hacı Həsən ağa, çağırın oğlunuzu gəlsin; mən onu görmək istəyirəm.
Adamlar hərəkətə gəlir, Hacı Həsən qapıya tərəf gedir, bir övrət başlayır ucadan ağlamağa.
Nə istəyir övrət?
M ə ş ə d i O r u c (bir az qabağa yeriyib). Şeyxəna, bu mənim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kərbəlayı Fətullahdır ki, sizin mərhəmətiniznən Xorasanda dirilib.
A ğ l a y a n ö v r ə t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gəlir). Belə sənə qurban olum, ay şeyx! Mən oğlumu səndən istəyirəm.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Hər süxən cayi, hər nüktə məqami darəd[xvi].
Ş e y x Ə h m ə d (övrətə). Ay bacı, çəkil get, şeyxə başağrısı vermə; hələ o söhbətin vaxtı deyil.
Hacı Həsən yapışıb İskəndərin əlindən gətirir. İskəndər gəlib durur Şeyx Nəsrullahın qabağında və əllərini ciblərinə qoyub, baxır onun üzünə.
Ş e y x N ə s r u l l a h. Bəyin ismi-şərifi nədir?
H a c ı H ə s ə n. Nökərinizin adı İskəndərdir.
Ş e y x N ə s r u l l a h. Pəh, pəh! İskəndər! İskəndər! İskəndəri-Rumi! İskəndəri-Zülqərneyn! Nə gözəl isimdir! İskəndər, İskəndər! Hiç yek əz ahadi-xəlqra təkmili-nəfsi
Hacı Həsən Hacı Bəxşəlini işarə ilə çağırır və hər ikisi çıxır eşiyə.
və təhzibixülq zəruritər əz mülki-səlatin nist ki, məmləkət səddi möhkəm bəstə kişvəri-xatir süknəra zi şəri-yəcuci təşvişi düşmənani şum eymən kərdanəd[xvii]
Əz əsəri söhbətəst,
Hər çi dər in aləməst.
Vərzi kuca yafti
Bid bəhayi-nəbat[xviii].
İ s k ə n d ə r. Bəli, cənab şeyx, başa düşdüm.
H e y d ə r a ğ a (Əliqulu bəyə). Görürsən şutit eləyir.
Ş e y x N ə s r u l l a h (İskəndərə). Cənabınız da bir mənsəb sahibisiniz ya yox?
İ s k ə n d ə r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu ağalardır. (Heydər ağanı və Əliqulu bəyi göstərir). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.
Ə l i q u l u b ə y (Heydər ağaya). Yəqin genə keflidi.
Ş e y x N ə s r u l l a h (İskəndərə). Belə məlum olur ki, sizin dərsiniz bu ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.
İ s k ə n d ə r. Bəli, Bəli, bunlar elm dəryasıdırlar. İndi də ki, inşallah, siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşallah!
Ş e y x N ə s r u l l a h (hacılara). Hacı Həsən ağa, təvəqqe edirəm bu biədəbi buradan kənar edəsiniz! Bu mürtəd Allah-taalanın hikmətinə istehza eləyir.
Hacı Həsən və qeyriləri İskəndəri hədələyib, salırlar eşiyə.
H e y d ə r a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz keflidir.
M i r B a ğ ı r a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Necə?
H a c ı K ə r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.
M i r B a ğ ı r a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, çiçəklər açıb. Mən öz qulağımnan eşidmişəm.
Ş e y x N ə s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hərəkətə gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir). Mən bu vilayətdə qala bilmənəm!
Adamlar qarışır bir-birinə. Hacı Həsən təşvişlə girir içəri və ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.
H a c ı H ə s ə n. Şeyxəna, mən yazığam, mənə rəhmin gəlsin. Nə tənbeh lazımdır, mən eləyim; kaş siz mənim evimdən narazı getməyin və məni bədbəxt eləməyin.
H a c ı l a r. Şeyxəna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedər cəhənnəmə!
Adamların bir neçəsi evdən çıxıb, İskəndərin dalınca deyinə-deyinə qaçırlar.
H a c ı H ə s ə n (adamların dalınca). Yavaş! Yavaş! Səbr eləyin. Mən özüm onun tənbehini elərəm. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım! Cahıl-cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm (çıxır otaqda qalır Şeyx Nəsrullah və Şeyx Əhməd).
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, mənim bu İskəndərdi-nədi, bundan gözüm su içmir.
Ş e y x Ə h m ə d (bir az fikirdən sonra). Şeyxəna, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol.
Ş e y x N ə s r u l l a h (bir az fikir eləyib). Şeyx Əhməd, əvvələn, çıx ev sahibinə xəlvətcə de ki, mənə bir tikə çörək gətirsinlər. Saniyən[xix], təvəqqe elə ki, gəlibmənə yer göstərsinlər, rahat olmaq istəyirəm. Və salisən[xx], (bir az dayanıb) dəxi özün bilirsən ki, söz yox ki, tədarük görübsən. Mən bu gecə tək burada qala bilmənəm, bədənim yekcə ağrıyır. Gərək ovduram... Allaha şükür, özün hamısını bilirsən. Dəxi dayanma, tez ol!
Şeyx Əhməd çıxır, hava başlayır qaranlıqlaşmağa.
(Şeyx Nəsrullah gəliboturur döşəyin üstündə və bir qədər fikirdən sonra öz-özünə). Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma Allah şahiddir ki... (bir az dayanıb) mən heç kəsi aldatmıram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir. (Fikir eləyir). Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan kişmiş istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: “Şeyx Əhməd, mənə kişmiş” (iki əlilə üzünü örtüb, sakit oturur).
Hacı Həsənin nökəri Əli bir məcməyi içində plov və qeyri xörəklər gətirib qoyur ortalığa və çıxır. Şeyx Əhməd daxil olur və gəlibdurur bir tərəfdə. Bir qədər keçir, qapıda iki övrət görsənir. Pıçhapıç ilə övrətlər bir balaca övrətin Əlindən tutub, gətirirlər içəri və dururlar qapının yanında. Nökər girib çıraq yandırır. Hacı Həsən övrətlərin dalınca girir.
H a c ı H ə s ə n (övrətlərə). Qızım, utanma, Allah əmridir. Niyə utanırsan?
Ş e y x N ə s r u l l a h. Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə.
Ş e y x Ə h m ə d. Baş üstə.
Hamı çıxır və balaca övrət qalır otaqda. Bu da istəyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içəridə. Şeyx Nəsrullah durur ayağa və bir qədər fikirdən sonra tərpəşməyib, övrətə sarı bəlağətlə deyir.
Ş e y x N ə s r u l l a h. O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx[xxi] aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boynuna sapa düzülmüş zəbərcəd danələri qırılıb dağılalar və başlayasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur. (Övrətə yavuqlaşır). O vədə qılman yapışar sənin əlindən (yapışır övrətin əlindən) və gülə-gülə sənə deyər: “Görəsən dünyada nə qədər savab işlər görübsən?”
P ə r d ə
Üçüncü məclis
Üçüncü məclis vaqe olur şəhərin kənarında, qəbiristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstə qoyub, ayaq üstə durublar. Ortalıqda Şeyx Nəsrullah uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Şeyx Əhməd, sol tərəfində Hacı Həsən və ətrafında biz gördüyümüz adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.
Ş e y x N ə s r u l l a h (Əlində bir cildli yekə kitab, çox fəsahətlə danışır). Dər xəzaini-qüdrət cövhəri-şəriftər əz elm və nəfistər əz daniş nist (Şairanə).
Elm bəvəd zindəgiyi-canü dil,
Elm bəhəd tazəgiyi-abü gil.
Elm nəsimi-çəməni-can bəvəd,
Rayiheyi-rövzeyi-rizvan bəvəd.
Hər ki, bəsərçeşmeyi-daniş rəsid,
Abi-həyati-əbədira çəşid[xxii].
(Bir az dayanıb, kitabı iki əli ilə yuxarı qalxızıb, çox ucadan). Budur kitab! Budur elm! (Bir az dayanıb yavaşca). Ənvai-ülum və əsnafi-on dü qisməst: cəliyyə və xəfiyyə. Cəliyyə on ki, səmti-iştihar yaftə, əksəri-üləma bər qəvaid və qəvanini on müttəle mişəvənd və əhateyi-dəqayiqü rəqabiqi-külliyyat və cüziyyati-on minümayənd. Və xəfiyyə on ki, dər zəvayayi-ixtifa mandə hər kəsra vüquf bər həqayiqi əsrar və bədayei-asari-on müyəssər nəşəvəd. (Bir azca ucadan). Əz cümleyi-xəfiyyat: əvvəl, elmi-tilismatəst. Və lakin bunnan işimiz yoxdur. Dövvüm, elmi-təsxirat. Bunnan da işimiz yoxdur. Sevvüm, elmi-xəyalat. Bunnan da işimiz yoxdur. Cəharüm, elmi-şəbədə. Bunnan da işimiz yoxdur. Pəncüm (ayağa durub, üzünü qəbirstana çöndərib, bir qəbrə baxıb, çox ucadan). Ricəti-əmvat (bir az dayanıb, yavaşca), yəni ölülərin ricəti. (Bir az sakit olub oturur, yavaşca). Bina bər ümumi-fəvaid və şümuli-əvaidi-in kitab (kitabı yuxarı qalxızır) ki, lübbü lübab və məqbuli-ülül-əlbabəst. Misali bimisal, lazimül-imtisal, alicənab, niqabəti-intisab, dirayəti-nisab, vəlayəti-iktisab, Cəlalül-həşəmət vəddövlə, qəvimüd-din vəl-millət, sərirarayi-gah-Xösrövi əmiri-bahadir lazalə, müəyyədən min indillah binnəfsil-qüdsiyyə, siməti-südur yaft ki, in həqiri-fəqir Nəsrullah ibni-Cəfərül-vaizül-İsfəhani bətəlifi in kitab iştiğal künəd və in risaləra ki, bə “Kəşfül-kəşşafi-hikməti-ricət” gəştə bər pənc məqsəd məbni saxt. Əvvəl, elmi-simiya; dövvüm, elmi-rimiya; sevvüm, elmi-kimiya; çəharüm, elmi-limiya; pəncüm, elmi-himiya. Və lakin bunlarınan da işimiz yoxdur. (Bir az dayanıb). Ricət bəfəthra, bəməniyi-bərgəşt bədünyast bəd əz mürdən. (Bir az baxıb, çox ucadan) Oturun!
Adamların hamı birdən çöküb, diz üstə otururlar. Şeyx bir az alçaqdan.
Bəzi münkirlər deyirlər ki, ricət bəd əz mərg münafiyi-təklifəst. Zira kəsi ki, mürdə, təklif əz u mürtəfe şüd. Dübarə amədəni u be in aləm çe səmər darəd? (Ucadan). Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin mənim bərabərimə. Mən bu kitab ilə onun cavabını verim. Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar?
Ş e y x Ə h m ə d (yavaşca Şeyx Nəsrullaha). Ərəbcə de, ərəbcə de.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Fəiza ərəftə haza və övzəhtü ləkə fil-qövli bir-ricətil-ləti ictəməətiş-şiətü əleyhima fi cəmiil-əqvam. Bunu inkar edən gərək elədə bu nu da inkar edə ki, dəsti mübarəkəşra bər püşti güsfəndi (başlayır ağlamağa), fürud avürdə düayi-bərəkət güft və bəqüdrəti bari-təala əz on ek güsfənd həftad güsfəndi digər mütəvəllid şüdənd. Bir qoyunu bir saniyədə yetmiş qoyun eləyən öz bəndələrini öldürə də bilər, dirildə də bilər. (Çox ucadan). Kimdir bunu danan? Qoy gəlsinlər bərabərimə, bu kitab ilə onların cavabını verim.
H a c ı H ə s ə n (Əli əlinin üstündə, qorxa-qorxa başını aşağı əyib). Fəda olaq, sənə, allahın hökmünü danan kafirdir.
Ş e y x N ə s r u l l a h (hirslə camaata, ucadan). Durun ayağa!
Hamı birdən qalxır ayağa.
Məgər eşitməyibsiniz ki, yetmiş min nəfər bir qövm taundan həlak olmuşdular. Ərz kərd, ilahi, əgər mixasti inhara zində gərdani ta biladi-türa abad nümayənd. Ondan ötrü ki, sən göndərdiyin bəladan qaçmayıb, şəhadətə yetişiblər. Qoy indi dirilsinlər. Qoy zində olub, sənə ibadət eləsinlər. Qoy bu dünyaya ricət edib, sənin şəhərlərini abad eləsinlər. Xudavəndi-aləmdən cavab gəldi ki: (ağlaya-ağlaya) aya, dust midari ki, işanra zində nümayəm, bəcəhəti xatiri qu? Ərz
Camaat başlayır ağlamağa.
kərd: Bəli! Pəs həqq-təala işanra zində gərdanid. Allah-taala onların hamısını diriltdi. Çinan ki, zikr şüd, mürdəənd və zində şüdənd və rücu nümudənd bəin dünya.
C a m a a t içindən bir qoca kişi (ağlaya-ağlaya). Ay şeyx, belə qurban olsun sənə mənim canım. Mən pəhlivan oğlumu səndən istəyirəm ki, indi bir ay olar ölüb; mənim ciyərimi yandırıb. Qurban olum sənə, ay şeyx, mən yazığam.
Bir neçə adam istəyir belə təvəqqe eləsin.
Ş e y x Ə h m ə d (ucadan). Səbr eləyin, hələ o söhbətlərin vaxtı deyil.
Camaat başlayır yenə ağlamağa, biri deyir: “atamı dirilt”, biri deyir: “anamı dirilt”, biri: “bacımı”, biri: “qardaşımı”.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Sükut!
Hamı gözlərinin yaşını silə-silə səsini kəsir.
Şeyx Əhməd, götür kağız-qələmi, hər kəs öz qohum-əqrabasından ölənlərinin hamısının dirilməyini xahiş edir, yaz, ver mənə.
Adamlar hərəkətə gəlir, istəyirlər yavuqlaşsınlar Şeyx Əhmədin yanına, bir-birini basır. Bəzi ağlayır. Hər kəs istəyir qabağa keçə və axırda basa-bas düşür və qiylü-qal başlanır.
Ş e y x N ə s r u l l a h (çox ucadan çığırır). Ədəb!
Hamı yavaş-yavaş çəkilib durur öz yerində.
Ş e y x Ə h m ə d (kağızı və qələmi alır əlinə). Bismillahir-rəhmanir-rəhim. Hər kəs ölənlərinin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir, bir-bir növbə ilə və qayda ilə və ədəb ilə desin, mən yazım bu kağıza və yetirim şeyx həzrətlərinin xidmətinə.
Yenə adamlar hərəkətə gəlib, istəyirlər basabas salsınlar.
Ş e y x N ə s r u l l a h (çox ucadan). Əssəbr! Ya məşərəl-islam![xxiii]
Camaat qorxub, sakit olur.
Ş e y x N ə s r u l l a h (Hacı Həsənə). Hacı Həsən ağa, ölənlərinin adlarını bir-bir söylə, Şeyx Əhməd yazsın.
H a c ı H ə s ə n (ədəblə əllərini bir-birinin üstünə qoyub, qabağa gəlir və baş əyir). Atam Hacı Mehdi. Allah sizin də ölənlərinizə rəhmət eləsin.
C a m a a t (bir səslə). Allah rəhmət eləsin!
Ş e y x Ə h m ə d (yazır). Atan Hacı Mehdi.
H a c ı H ə s ə n. Anam Səkinə.
Ş e y x Ə h m ə d (yazır). Anan Sükeynə.
H a c ı H ə s ə n. Bir oğlum Cəfər (ağlayır).
Ş e y x Ə h m ə d (yazır). Bir oğlun Cəfər.
H a c ı H ə s ə n. Bir oğlum Heydər.
Ş e y x Ə h m ə d (yazır). Bir oğlun Heydər.
H a c ı H ə s ə n. Qızım Sara.
M i r B a ğ ı r a ğ a (birdən adamların içindən çığırır). Onu yazma! Onu yazma!
Hacı Həsən və adamlar təəccüblə baxırlar Mir Bağıra tərəf.
Ş e y x N ə s r u l l a h (ucadan). O kimdir deyən yazma? Ona nə dəxli var?
M i r B a ğ ı r a ğ a (yeriyib qabağa). Şeyxəna, o qız, ayıb olmasın, mənim övrətimdir!
Ş e y x N ə s r u l l a h. Xub, məgər əyalının dirilməyinə razı deyilsən?
M i r B a ğ ı r a ğ a (bir az duruxub). Cənab şeyx, sözüm orada deyil. Mənə bu acıq gəlir ki, həyə Hacı Həsən düz adamdır, niyə bəs qardaşı Hacı Rzanı yazdırmır?
Camaat diqqətlə baxır Hacı Həsənin üzünə.
H a c ı H ə s ə n (Mir Bağıra hirsli). O sənə borc deyil! Öz qardaşımdır; istərəm yazdıraram, istəmənəm yazdırmanam. Sənə nə dəxli var?
M i r B a ğ ı r a ğ a (Hacı Həsənə hirsli). Çox əcəb, indi ki, (o) yekəlikdə kişini yazdırmırsan, bir balaca qızı bəs niyə yazdırırsan?
Ş e y x N ə s r u l l a h (ucadan). Çox mübahisə lazım deyil! (Hacı Həsənə). Hacı Həsən ağa, nə səbəbə ölən qardaşın Hacı Rzanı yazdırmırsan?
H a c ı H ə s ə n (başını aşağı salıb, fikir eləyir). Şeyxəna! Qardaşım Hacı Rza beş ildən artıqdır ölüb; indi çürüyüb gedib; dəxi o necə dirilib gəlibadam olacaq?
Ş e y x N ə s r u l l a h (çox ucadan). Necə çürüyüb? Kimdir onu çürüdən? Ənzər-üllah-ül-izam keyfə nənşərəha. Yəni nigah kon bəsuyi istixanəha ki, günə xudavəndi-aləm onhara əz zəmin bülənd mikünəd və bəcayi-xud rədd mikunəd ki, cəsədi-işan başəd və mürəkkəb mikünəd bəzira bəbəzi bəd əz on güşt miruyanəd və mipuşanəd[xxiv]. Necə çürüyüb? Kimdir onu çürüdən?
Ş e y x Ə h m ə d (Hacı Həsənə). Hacı Həsən ağa, sözü müxtəsər eləmək lazımdır. Şeyx həzrətlərinin övqatı çox bahadır. Qardaşın Hacı Rzanı da yazımmı kağıza ya yox? İxtiyar sizindir. Əgər dirilməyinə razı deyilsiz, o özgə mətləbdir.
H a c ı H ə s ə n (Şeyx Nəsrullaha). Şeyxəna, mümkündürmü ki, mənə izin verəsiniz, gedim bir qədər fikirləşim?
Ş e y x N ə s r u l l a h. Xub, get fikirləş.
Hacı Həsən başını salıb çıxır.
Ş e y x N ə s r u l l a h (Hacı Bəxşəliyə). Hacı ağa, növbət sizindir. Ölənlərinizin adlarını bir-bir de, Şeyx Əhməd yazsın.
H a c ı B ə x ş ə l i (Əlini əlinin üstünə qoyub, yeriyir qabağa və başlayır ağlamağa). Atam-anam sənə fəda olsun. Əvvəl-axır, ayıb olmasın, bir qızım qalıb, oğul üzünə həsrət qalmışam. Bütün ömrümdə Allah-taala mənə iki oğul mərhəmət eləyib: amma ikisini də mən biçarənin Əlindən alıb. Birinin adı Cəlil, birinin adı Xəlil idi. Cəlil on yaşında idi, Xəlil səkkiz yaşında. İkisi də nişanlı idi. Elə Cəlilin toyunun tədarükündə idim ki, birdən ayınşayın gəzdiyi yerdə, bax, boynunun burasından (Əli ilə öz boynunun dalını göstərir) bir yara çıxdı. Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi (ağlayır). Ax, binəva Cəlil! Nə qədər nəzr elədim, neçə dəfə Qaradaş ocağına apardım, çıfayda. Deməyinən yazığın əcəli tamam imiş.
Ş e y x N ə s r u l l a h. Hacı Bəxşəliyə, mənim burada çox oturmağa vaxtım yoxdur.
Ş e y x Ə h m ə d. Hacı Bəxşəli , sözü müxtəsər elə, kimi istəyirsən, de yazım.
H a c ı B ə x ş ə l i (Şeyx Nəsrullaha). Cənab Şeyx, dəxi mənim sözüm yoxdur. Mən Cəlilimi və Xəlilimi səndən istəyirəm.
Ş e y x Ə h m ə d (yazır). Demək ki, bir oğlun Cəlil və bir oğlun Xəlil. Bunları yazdım. Dəxi bunlardan savayı?
H a c ı B ə x ş ə l i . Şeyx Əhməd ağa, dəxi bunlar kifayətdir.
Ş e y x Ə h m ə d (təəccüblü). Xub, məgər atandan, anandan və qeyri əqrəbanızdan vəfat edən yoxdur?
H a c ı B ə x ş ə l i. Bəli, atam da, anam da vəfat edib; amma biçarələr çox qocalmışdılar. O qədər qocalmışdılar, o qədər qocalmışdılar ki, özləri də təngə gəlmişdilər.
Ş e y x Ə h m ə d. Demək, Cəlildən və Xəlildən savayı özgə bir kəsiniz yoxdur ki, yazım?
H a c ı B ə x ş ə l i (üzünü qəbiristana tərəf tutub). Ax, yazıq balalarım. Biçarə tifillərin qəbri elə buradan görsənir. İkisini də bir-birinin yanında dəfn eləmişəm. Çünki o yazıq Xəlil, doğrusu, çox nadinc idi, amma bir-birini çox istəyirdilər. Odur ki...
Ş e y x N ə s r u l l a h (Hacı Bəxşəlinin sözünü kəsib hirslə). Hacı Bəxşəli, əgər dəxi öləniniz yoxdur, çəkil kənara!
H a c ı B ə x ş ə l i . Xeyr, şeyxəna, dəxi yoxdur.
C a m a a t içindən birisi (ucadan). Necə yoxdur? Pəs övrətin Hürnisəni niyə yazdırmırsan?
Camaat təəccüblə baxır səs gələn tərəfə.
Ş e y x N ə s r u l l a h. Kimdi o danışan? Gəlsin qabağa.
K ə r b ə l a y ı V ə l i (qabağa yeriyir). Şeyx, mənəm danışan. Bu hacıdan (Hacı Bəxşəlini göstərir) bir soruş görək, üç il bundan qabaq ölən arvadını niyə yazdırmır? Adı da Hürnisədi; özü də mənim doğma bacımdı.
H a c ı B ə x ş ə l i (Kərbəlayı Vəliyə). İtil cəhənnəmə, axmağın biri! Öz əyalımdı; kefim istər yazdıraram, istəməz yazdırmaram; sənə nə borcdu?
Ş e y x N ə s r u l l a h (ucadan). Sükut! Mübahisə lazım deyil! Hacı Bəxşəli, qəti cavab lazımdır. Mənim vaxtım azdır; istəyirsiniz ki, övrətiniz dirilsin, yazdırın; istəmirsiniz, çəkilin kənara.
H a c ı B ə x ş ə l i (bir az fikir eləyib). Şeyxəna, təvəqqe edirəm bir az izin verəsiz, gedəm fikirləşəm.
Ş e y x N ə s r u l l a h. Çox əcəb, get fikirləş. Şeyx Əhməd, gör dəxi kimdir, yaz qutar.
Hacı Bəxşəli çıxır, adamlar başlayır yavaş-yavaş azalmağa.
K ə r b ə l a y ı V ə l i (qabağa gəlib). Cənab şeyx, belə o qədəmlərinə qurban olum. Mənim bacım Hürnisəni siyahıya yazdır, qoy yazıq arvad dirilsin və öz dili ilə cənabınıza ərz eləsin, görün bu Hacı Bəxşəli onun başına nə toy tutub. Onda cənabınız görərsiniz ki, nə səbəbə Hacı Bəxşəli övrətinin dirilməyinə razı deyil.
H a c ı B ə x ş ə l i (adamların içindən dübarə qabağa gəlib, hirsli və ucadan). Ədə, hələ utanmırsan da danışırsan? Çox əcəb, Hürnisəni yazdır. Amma bu şərtlə ki, sən də ölənlərinin hamısını yazdır.
K ə r b ə l a y ı V ə l i (hirsli). Çox əcəb, yazdırram.
Ş e y x Ə h m ə d. Uzun danışıq lazım deyil. Kərbəlayı Vəli, əgər deyəcəksən, ölənlərüvün adını de, çəkil kənara.
K ə r b ə l a y ı V ə l i. Atam Məşədi Mustafa.
Ş e y x Ə h m ə d (yazır). Atan Məşədi Mustafa.
H a c ı B ə x ş ə l i. Çox əcəb.
K ə r b ə l a y ı V ə l i. Bir oğlum Zeynal (istəyir ağlasın).
Ş e y x Ə h m ə d (yazır). Bir oğlun Zeynal.
H a c ı B ə x ş ə l i. Çox əcəb.
K ə r b ə l a y ı V ə l i. Qızım Püstə.
Ş e y x Ə h m ə d. Qızın Püstə.
H a c ı B ə x ş ə l i . Çox əcəb.
K ə r b ə l a y ı V ə l i (bir az fikirləşib). Vəssalam.
H a c ı B ə x ş ə l i (hirsli qabağa yeriyib, Kərbəlayı Vəliyə). Necə vəssəlam? Bəs ananı niyə yazdırmırsan? Bəs anan ölmüyüb? Keçən il ağbirçək arvadı döyə-döyə öldürdün! Hə, niyə dinmirsən? Yoxsa qorxursan dirilə, gedə hökumətə şikayət edə, səni tutub qatalar dustaqxanaya? Hə... niyə yazdırmırsan? Niyə gözlərini bərəldirsən?
Ş e y x N ə s r u l l a h (ucadan). Qeylüqal lazım deyil. Kərbəlayı Vəli, istəyirsən, ananı da Şeyx Əhməd yazsın; istəmirsən, çəkil kənara.
K ə r b ə l a y ı V ə l i (başını salıb aşağı). Cənab şeyx, qoy gedim fikirləşim.
Ş e y x N ə s r u l l a h. Xub, sən də get, fikirləş.
Kərbəlayı Vəli və Hacı Bəxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Cammat başlayır ağlamağa. Uzaqdan kefli İskəndərin səsi gəlir: “Xub, sən də get, fikirləş! Xub, sən də get, fikirləş!..” Bu sözləri deyə-deyə və cibindən çörək parçalarını çıxarıb yeyə-yeyə İskəndər qalan tək-tük adamların qolundan yapışıb, gülə-gülə baxır üzlərinə. Onlar da bir söz deməyib, başları aşağı, çıxıb gedirlər, Şeyx Nəsrullah daşın üstündən yenir aşağı və Şeyx Əhməd qələmdan-kağızı yığışdırır. Sonra İskəndər yenə öz-özünə bir-iki dəfə: “Xub, sən də get, fikirləş!” – deyib, şeyxi görən kimi durur və qah-qah çəkib, uğunub elə gülür ki, az qalır yıxılsın. Sonra sakit olub, bir qədər şeyxin üzünə baxandan sonra deyir:
İ s k ə n d ə r. Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlibşəstinən dursun bu meydanda və desin: (ucadan). Cənab şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda (əli ilə göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa... xa... xa!.. (Çönüb baxır cammat dağılan tərəfə). Xa... xa... xa!.. hamı getdi fikirləşsin: (Şeyx Nəsrullaha tərəf çönüb, gəlir onun qabağına və istəyir əl versin). Cənab şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!
Ş e y x N ə s r u l l a h (ucadan). Kənar ol! Mən sənə əl vermənəm. Sən şərab istemal eləyirsən.
İ s k ə n d ə r. Cənab şeyx, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb, görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır. Xa... xa... xa!.. Mən ölüm əl ver! Lotusan, əl ver! Xa... xa... xa!..
Ş e y x N ə s r u l l a h (çox hirsli). Cəhənnəm ol! Vallahı elə bəd dua elərəm ki, yer ilə yeksan olarsan! Mən Allahın əmri ilə hər gecə intəhasız səvaba nail oluram; dəxi sənin tək meyxanalarda övqatımı zaye eləmirəm (Şeyx Əhmədə). Şeyx Əhməd, gəl gedək, hələ bu babi çox söz danışacaq.
Şeyxlər uzaqlaşır. İskəndər dinməyib, baxır onların dalınca və şeyxlər gözdən itəndən sonra iki yumruğunu yuxarı qalxızıb, ucadan deyir.
İ s k ə n d ə r. Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız... (və özüdə paqq eləyib atılır göyə). Tfu, şarlatanlar!.. (kefli kimi ufuldayır. Sonra diqqətlə öz-özünə baxıb, gülə-gülə). Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa... xa... xa!.. (papirosu yandırıb, yavaş-yavaş gəlibdurur Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durur, baxır qəbiristanlığa. Bir qədər fikirli baxandan sonra heyifsilənib, əllərini dizlərinə vurub deyir:). Ax, Allahın altında Şeyx Nəsrullah kimi mənim də bir elə elmim olaydı ki, burada yatan ölülərnən danışa biləydim! Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığa və çığırardım: (çox ucadan). Ölülər! (bir az alçaqdan). O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb, soruşacaq idilər ki, “nə deyirsən, a İskəndər bəy?” Onda mən bu rəhmətliklərə bir belə vəsiyyət elərdim; mən bunlara deyərdim: (üzünü qəbiristanlığa tutub çığırır). Ölülər! (yenə bir alçaqdan). Bir gün Şeyx Nəsrullah gəlibduracaq sizin başınızın üstündə və bir dua oxuyub, uca səslə çığıracaq: (ucadan). “Durun ayağa, ey Allahın mömin bəndələri!” (Bir az dayanıb, bir az alçaqdan). Ölülər! Mən sizə vəsiyyət eləyirəm ki, şeyxin sözünə əməl eləməyəsiz. Gəlin bu kefli İskəndərin sözünü bir yaxşıca düşünün və nəsihətini qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? – Mən sizə cavab verməyə hazıram. (Bir az dayanıb, cibindən bir tikə çörək çıxardıb yeyir). Ay rəhmətliklər! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xəbəriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin əziz canınıza elə ki, başınıxı qəbirdən çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Əgər məndən soruşsanız ki, niyə? – Mən sizə bu saat ərz elərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb. Axı diriləndən sonra bu qəbiristanda ki, qalmayacaqsınız; istəyəcəksiniz ki, söz yox, dağılasınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm, sizi hələ evə qoyacaqlarmı? Vallah-billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlibaçsınlar. Onda qapının dalına bir adam gəlibsoruşacaq: (nazik səslə). Ey qapını döyən, sən kimsən? Bəli, siz cavab verəcəksiniz ki, tez ol, aç qapını, mənəm. (Nazik səslə). Axı sən kimsən? Adın nədi? – Aç qapını! Mən bu evin sahibiyəm. (Nazik səslə). – Cəhənnəm ol, qoy get! Biz səni tanımırıq. – A kişi, necə tanımırsınız? Mən Kərbəlayı Hüseynquluyam, bu ev mənimdi. Mənim burada arvadım var, uşağım var. (Nazik səslə). Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç bir zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxıra. – A kişi, Allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var (yoğun səslə). Çox danışma! Çıx qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sənin kimi kaftarın yeri qəbirdi. İtil cəhənnəmə! Haradan gəlmisən, çıx qoy get ora!.. Bizə lazım deyilsən. Xa... xa... xa!.. Xa... xa... xa... (birdən sakit olub baxır qəbiristanlığa və ucadan çığırır). Ölülər! (bir az yavaş). Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki, yatıbsınız, yatın! Allah sizə rəhmət eləsin...
P ə r d ə
Dördüncü məclis
ƏVVƏLİNCİ PƏRDƏ
Hacı Həsənin evi, İskəndərin otağı, Hacı Həsən və övrəti. Kərbəlayı Fatma xanım fikirli oturublar.
H a c ı H ə s ə n. Ay qız, Fatma, Nazlının əl-ayağını hazırla, bu gün gərək köçürək şeyxin otağına.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay hacı, elə bu tezlikdə?
H a c ı H ə s ə n. Bəli, elə bu tezlikdə...
K ə r b ə l a y ı F a t m a x a n ı m (bir az fikir eləyəndən sonra). Ay Hacı, vallah, bilmirəm nə eləyim? Lap məəttəl qalmışam: bilmirəm şeyx bu qədər arvadı nə eləyir? Elə gündə birini alır. İndi də bizim qızı istəyir.
H a c ı H ə s ə n. Yəni gündə birini alanda bir xilafi-şər iş görmür ki? Allahın əmridi, alır.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Hacı, yaxşı deyirsən, amma qorxuram Nazlı atılıb-düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı hələ lap uşaqdı.
H a c ı H ə s ə n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhəccə ayının 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Yox, vallah, Mir Bağır ağaya verməkdən ötrü demirəm! Özün bil, öz qızındır. Hər kəsə istəyirsən ver. Ancaq bilirəm ki, Nazlı atılıb-düşəcək.
H a c ı H ə s ə n. Cəhənnəmə-gora atılıb-düşəcək! Qız tayfası axmaq şeydi; xeyrini-şərini nə anlayır?! Kefli İskəndərin bacısı ondan artıq olmayacaq ki! Hələ o gərək Allahına şükür eləsin ki, Şeyx Nəsrullah kimi bir vücuda ərə gedir. Bir belə müqəddəs şəxslə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. Bu bir mərhəmətdi ki, Xudayi-taala bizə göndərir və bunların hamısı keçəndən sonra, sən özün gərək biləsən ki... (yavaşca) şeyxi incitmək olmaz. Axı gərək başa düşəsən nə deyirəm.
K ə r b ə l a y ı F a t m a x a n ı m (yavaşca). Başa düşürəm.
H a c ı H ə s ə n. Doğrusu, Fatma, mən bu iki gündür, deyəsən, elə bir təhər olmuşam: gözlərim qaralır, hərdən bir başım da gicəlir.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay hacı, Allah kərimdi, heç zad olmaz.
H a c ı H ə s ə n (fikirli). Nə bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nə lazımdı de (övrət çıxır, Hacı başını aşağı salıb fikrə gedir. Bir az keçib, qapıya tərəf baxır, guya bir şey görür və hövlnak ayağa durub soruşur). Nə istəyirsən? (cavab gəlmir. Tez-tez özünə deyir). Əstəğfürullah rəbbi və tuba ileyh, bismillahür-rəhmanür-rəhim, (sonra ucadan çağırır). Fatma, Fatma.
İskəndər girir içəri və təəccüblə soruşur.
İ s k ə n d ə r. Ata, nə istəyirsən?
H a c ı H ə s ə n (İskəndərə). Bura gəl, bura gəl. Gəl yapışım əlindən, dizlərim titrəyir (oturur, İskəndər yapışır atasının əlindən). Bismillahür-rəhmanür-rəhim. Deginən mənə bir stəkan su gətirsinlər.
İ s k ə n d ə r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.
H a c ı H ə s ə n (yapışıb İskəndərin əlindən). Yox, İskəndər, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlərim qaralır.
İ s k ə n d ə r. Qorxma, heç bir şey deyil, ancaq adam dəli olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib.
H a c ı H ə s ə n. Yox, yox, inşallah, heç zad olmaz. Deginən bir stəkan su gətirsinlər.
İ s k ə n d ə r. Su gətirsinlər; amma dəli olana su xeyir eləməz. (Ucadan). Əli, Əli!
Əli girir içəri.
Bir stəkan su gətir. (Əli çıxır).
H a c ı H ə s ə n. İskəndər, sən məni lap qorxudursan. Axı mən özüm bilirəm ki, ağlım başımdadı. Ancaq deyəsən ki, gözümə bir şey görsəndi. Elə kəfənli adam kimi bir şey idi. Gəlibdurmuşdu qapıda. Bəlkə sənin də sənin gözünə bir elə şey sataşıb?
İ s k ə n d ə r. Yox, ata, mənim gözümə bir şey sataşmayıb. Dəli adamın gözünə elə şeylər görsənər.
Əli su gətirir, Hacı Həsən alıb içir və deyir:
Allah Yezidə lənət eləsin!
H a c ı H ə s ə n (İskəndərə). İskəndər, vallah, deyəsən mənnən zarafat eləyirsən. Mən burada hər bir zadı ayın-şayın görürəm. Nədən deyirsən ki, mənim başıma hava gəlib?
İ s k ə n d ə r. Ondan ötrü ki, Şeyx Nəsrullah sizə tələ qurmaqdan ötrü beyninizi doldurub ki, ölüləri dirildə bilər, sən də inanıb var-yoxunu istəyirsən verəsən İsfahan lotusuna!
H a c ı H ə s ə n (bir qədər fikir eləyib). Yaxşı, bir saatlığa, tutaq ki, mən dəli olmuşam; bəs Mir Bağır ağa ki, alim adamdır, o niyə bəs ölülərin dirilməyinə inanır? Elədə o da dəli di?
İ s k ə n d ə r. Yox, Mir Bağır ağa dəli deyil, ancaq eşşəkdi.
H a c ı H ə s ə n (dikəlib hirsli, ucadan). Kəs səsini, namərbut! (Bir az baxıb). Bəs teleqrafçı Heydər ağa niyə inanır, elədə o da dəli olub?
İ s k ə n d ə r. Yox, dəli olmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundur.
H a c ı H ə s ə n. Hə, elə də, dünyada səndən savayı hamı dəli di, hamı eşşəkdi, bircə sən ağıllısan. Elədə Hacı Bəxşəli də dəli di, Hacı Kazım da axmaqdı, H a c ı K ə r i m də səfehdi. Hamı dəli di, bircə İskəndər ağıllıdı.
İ s k ə n d ə r. Dünyada uzunqulaq məgər azdı? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?
H a c ı H ə s ə n (hirsli). Axmaq, axmaq danışma!
K ə r b ə l a y ı F a t m a x a n ı m (girir içəri və durur bir tərəfdə). Hacı, mən sənin qızının öhdəsindən gələ bilmirəm; sən özün bəlkə onu dilə tutasan.
H a c ı H ə s ə n (bir az fikirdən sonra). Arvad, Fatma, sən məni, Allaha şükür, tanıyırsan; bilirsən ki, hirsim tutanda gözümə heç zad görsənmir. Get dinməz-söyləməz qızının əl-ayağını qayır. Axşam gərək köçürək. (Fatma xanım çıxır. Hacı Həsən onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gəlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskəndər bir az atasına baxandan sonra “tfu” eləyib çıxır).
H a c ı H ə s ə n (hirsli onun dalınca ucadan). A səni əkib-doğan tünbətün düşsün! Axırda işi bu yerə yetirdin? (İskəndərin dalınca hirsli çıxıb, yenə qayıdıb gəlir yerinə).
Ə v v ə l i n c i a z a r l ı (“ay, vay” eləyə-eləyə və öskürə-öskürə, rəngi qaçmış bir kişi Əlindəki ağaca söykənə-söykənə girir içəri). Salam əleyküm. Ax! Vay! Vay! Heç ayaq üstə durmağa taqətim yoxdu. Hacı ağa, Allah oğlanlarını saxlasın, mənə bir əlac. İndi az qalır bir il tamam olsun ki, bu zəhrimar naxoşluq yapışıb yaxamdan, əl çəkmək bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hərdənbir döşümün burasından ki, bir ağrı tutmur, dəxi qoymur nəfəsimi alım. Gecə səhərə kimi öskürmə qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dəllək usta Cəfərə yol döyməkdən dəxi yorulmuşam. Aman günüdür, ay Hacı (öskürür). Mənə əlac. Allah sizə ömür versin. Dəxi sizin qapınıza pənah gətirmişəm: ya gərək şeyx cənabları bu saat mənim canımı ala ki, bir yolluq (“uy, uy” eləyib Əlini qoyur döşünə, öskürür) dincələm, ya gərək mənə bir əlac eləyə. Şeyxin qədəmlərinə fəda olum. Heç zad istəmirəm, elə bircə mənə mərhəmət nəzərilə baxsa, yaxşı olaram; yoxsa heç bir şeyim yoxdur. Elə Allah-taalanın mənə mərhəməti bəsdi. Ax... ay... vay! Nəfəsim kəsildi.
H a c ı H ə s ə n. Çox əcəb, baş üstə, məşədi. Ancaq indi şeyx cənabları ibadətə məşğuldur. Baş üstə, fariğ olan kimi, mən ərz elərəm ki, yazıqsan, sənə bir əlac eləsin. Baş üstə.
Ə v v ə l i n c i a z a r l ı. Ax! (öskürür). Ax!.. Vallah-bilmirəm ki, bu nə dərddi gəlibyapışıb yaxamdan. Bir-iki ay bundan irəli, yəni deyəsən bir az yaxşı idi. Öskürməm azalmışdı, iştəham da...
İ k i n c i a z a r l ı (başı dəsmal ilə bağlı, qaşqabaqlı girib, əvvƏlinci azarlının sözünü kəsir). Salam əleyküm. (Əvvəlinci azrlıya). Məşədi Hüseynqulu, sən də buradasan? Yaxşı eləyib gə l i bsən; biz yazıqlara nicat yolu elə bu qapıda olacaq. Allah H a c ı əminin kölgəsini bizim başımızın üstündən əskik eləməsin öz birliyi xatirinə! (Hacı Həsənə). Hacı əmi, başağrısı məni həlak eləyibdir; nə qoyur gecə rahat olam, nə qoyur gündüz rahat olam. Gedirəm usta Cəfərin yanına, deyir: qanın çoxalır, gərək səndən qan alam. Gedirəm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə şey yeməyəsən. Hacı əmi, məni çövür balalarıvın başına, şeyx cənablarından iltimas elə, mənə bir barmaq yekəlikdə (Əlinin şəhadət barmağını göstərir) dua yazsın ki, bu başağrısı məndən rəf olsun. Hacı əmi, nə qədər canım sağdır...
Qucağında uşaq bir kişi, uşaq ağlayır və ikinci azarlının sözünü kəsir. Sonra yenə azarlılar başlayırlar bir-bir içəri girməyə. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb “ax, vay” ilə girib düzülürlər. Və bərk azarlılar girən kimi çöküb otururlar yerə. Bunların bir neçəsi başlayırlar, Hacı Həsəndən bu tövr təvəqqe eləməyə.
A z a r l ı l a r. Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. Aman günüdü, bizə yazığınız gəlsin gəlsin.
H a c ı H ə s ə n (gəlibdurur azarlıların qabağında). Baş üstə, mən əlimdən gələni sizdən əsirgəmənəm; ancaq indi görürsünüz, şeyxəna hələ heç kəsə içəri girməyə izin vermir. Siz zəhmət (çəkin) həyətdə oturun ağacın kölgəsində, gözlüyün. Baş üstə, elə ki, şeyx cənabları izin verdi, mən sizə xəbər verərəm, hamınız dərd-dilinizi ərz edərsiniz və inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.
A z a r l ı l a r (Hacı Həsənə dua edə-edə, yavaş-yavaş çıxırlar). Allah Hacı əmiyə ömür versin! Allah H a c ı ağanın atasına rəhmət eləsin! Allah onu bizə çox görməsin öz birliyi xatirinə!
H a c ı H ə s ə n (qapıda nökəri Əlini görüb deyir). Əli, şeyx cənablarına çay-çörək aparıbsan?
Ə l i. Xeyr, Hacı ağa, hələ şeyx yuxudan durmuyub; qapısı indiyə kimi bağlıdır.
K ə r b ə l a y ı F a t m a x a n ı m (girir içəri, Əli çıxır). Hacı, Nazlını bir fəndlə dilə tutdum, razı elədim. Amma, Vallah, bir sözüm var, deməyə də qorxuram.
H a c ı H ə s ə n. De, sözün nədi, de.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Hacı, sən bilirsən yazıq Saranı ərə verəndə mən nə qədər niskil elədim ki, yazıq qıza toy çaldırmadıq. Sən dedin günahdı – mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qoxmuşuq, ancaq...
H a c ı H ə s ə n (arvadının sözünü kəsib). Hə, sözünü de görüm. İndi elə o qalıb ki, şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Vallah, mənim işim yoxdu, mən heç zad demirəm. Odu, öz qardaşın qızları, Fizzə xanım, Gülçöhrə xanım, Ümmigülsüm xanım – hamısı tökülüb gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.
H a c ı H ə s ə n. Sənə deyirəm axmaq-axmaq danışma. Hələ şeyx qalsın kənarda, kim görübdür ki, H a c ı evində toy çalına?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Sən elə barı insafnan danış: məgər Hacı Ələsgərin qızını ərə verəndə toy çaldırmadılar? Bə Hacı Mirtağıya nə deyirsən? Hazır toya çağırmışdılar. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bəxşəli oğlunu evləndirdi; indi bir soruş gör oxuyub-çalan gətirmişdilər ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürdəndə elə köçürdürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gəliblər. Nə olu ki, heç olmasa, bircə saat çəpik çalalar, yazıq Nazlının da ürəyi açıla. Vallah, səhərdən indiyədək ağlayır. Yad ki, deyil, sənin öz qızındı; gərək sənin də qızına yazığın gəlsin.
H a c ı H ə s ə n (bir az fikirdən sonra yavaş səslə). Yox, qızıma degilən ki, ağlamasın. Mən razı olmanam ki, o ağlasın. Dur gedək, mən də onu dilə tutum. (Dur ayağa). Yox, yox, Nazlı qızım ağlamasın, dur gedək (çıxırlar).
Nökər Əli girir içəri və onun dalınca iki qoca övrət. sonra yenə ikisi-üçü və bu cür on beş-iyirmiyədək çarşovlu övrət, çoxu qoca, pıçıldaşa-pıçıldaşa gəlibçökürlər bir tərəfdə. Əli çıxır. Cəlal ağzında konfet, gəlibdurur qapıda, övrətlərə baxır. Övrətlərin heç biri dinmir və heç biri üzünü açmır. Cəlal bir az baxandan sonra soruşur:
C ə l a l. Siz də toya gəlmisiniz?
Arvadlar dinməyib baxırlar Cəlala.
(Cəlal bir az baxıb deyir). Həyə toya gəlibsinizsə, toy otağı bura deyil.
Arvadlar dinmirlər, ancaq başlarını bulayırlar. Sonra bir övrət alçaq səslə Cəlala deyir: “Gəlmişik şeyxə siğə olaq”.
C ə l a l (soruşur). Siğə olaq nədir?
Övrətlər yavaşca gülüşürlər. Bir övrət cavab verir: “Gəlmişik şeyxə ərə gedək”. Cəlal başlayır gülməyə və deyir.
C ə l a l. Buy, bu qədər də arvad bir kişiyə ərə gedər? (Gülüb qaçır eşiyə);
Övrətlərin bir neçəsi də gülür. Mir Bağır ağa qapıdan içəri girib, övrətləri görüb, diksinən kimi qayıdır. Sonra Fatma xanım başında çarşov; dalınca Mir Bağır ağa, girirlər içəri.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ağa, buyur gəl, get əyləş o tərəfdə.
Mir Bağır ağa dalını övrətlərə çöndərib, gəlibəyləşir qabaqda, dalı övrətlərə tərəf. Kərbəlayı Fatma xanım gedib övrətlərə pıçıldaşandan sonra Mir Bağır ağaya.
K ə r b ə l a y ı F a t m a x a n ı m. Ağa, bu bacılar səndən təvəqqe eləyirlər, zəhmət çəkib şeyxə deyəsən ki, Allah rizası üçün adını qoysun bu biçarələrin üstünə ki, yazıqlar Allahın savabından binəsib olmasınlar.
M i r B a ğ ı r a ğ a (başıaşağı). Baş üstə, baş üstə. Deyərəm, əlbəttə, deyərəm. Çox gözəl işdir. Allah-taala həmişə belə bəndələrini dost tutar. Allah əcri-xeyir versin. Maşallah, maşallah, bacılar!
Çıtmıq səsi gəlir və sazəndə çalıb oxumağı eşidilir.
M i r B a ğ ı r a ğ a (təəccüblü başını qalxızıb, Fatma xanıma). Əmidostu, bu nə xəbərdi?
K ə r b ə l a y ı F a t m a x a n ı m (arvadlara). Bir də, Vallah-billah, hər kəs hər nə desə, yalandı. Hər kəsin alnına nə yazılıbsa, elə də olacaq. Yoxsa kimin ağlına gələrdi bizim N a z l ı şeyx kimi adama qismət olacaq.
M i r B a ğ ı r a ğ a (çox təəccüblü). Necə Nazlı, sizin Nazlı?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Nə bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.
M i r B a ğ ı r a ğ a (təəccüblü). Şeyx Nəsrullaha?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Bəli, cənab şeyxə.
M i r B a ğ ı r a ğ a (bir az fikir eləyib). Elə bu gün?
K ə r b ə l a y ı F a t m a x a n ı m. Yəni, Vallah, ağa, mən hacının öhdəsindən gələ bilmirəm; deyirəm axı bu tələsikdə iş olmaz. Nə bilim, Vallah, özüm də məəttəl qalmışam.
Mir Bağır ağa başını salıb aşağı, cibindən qırmızı güllü dəsmalını çıxarıb, basır üzünə və başını aşağı əyib, başlayır ağlamağa.
H a c ı H ə s ə n (qapıda görsənir). Fatma, bacıları apar o biri otağa; bura adam gələcək.
Kərbəlayı Fatma xanım və övrətlər durub gedirlər. Hacı Həsən və İskəndər girirlər içəri. Hacı Həsən oturur və İskəndər durur ayaq üstə.
H a c ı H ə s ə n (oğluna). İskəndər, qulaq as, gör nə deyirəm. Mir Bağır ağa da özgəsi deyil. Sən bilirsən ki, bacın Nazlı səni nə qədər istəyir. Bugünkü gündə razı olma ki, mənim evimdə göz yaşı tökülsün. Şeyx cənablarına getməyə mən onu razı eləmişəm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nə bilim, gərək İskəndər razı olsun. Bunu da sənə xəbər verirəm ki, razı oldun, olmadın, mənə heç təfavütü yoxdu. Məni sən o qədər incitmisən ki, mən səni daha adam yerinə qoymuram. İndi özün bil: əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dilnən onu danışdır. Qərəz özün bil.
Mir Bağır ağa ağlaya-ağlaya Hacı Həsənlə çıxıb gedirlər. Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər fikir eləyir. Nazlı qapıda görsənib, durub və dinmir.
N a z l ı. Dadaş, qoy gəlim üzündən öpüm. (İstəyir gəlsin irəli. İskəndər tez çəkilib, durur kənarda və dinməyib, baxır Nazlının üzünə). Dadaş, sən Allah, məndən incimə!
İ s k ə n d ə r. Həyə istəyirsən mən səndən inciməyim, dur orada və yerindən tərpənmə. (Bir qədər Nazlıya baxandan sonra Əlini salıb, cibindən araq şüşəsini çıxardıb, istəyirbaşına çəkib içə. Nazlı onun yanına yeriyib, istəyir qoymaya. İskəndər çox ucadan və hirsli “çəkil!” – deyib Nazlını elə bərk itələyir ki, qız dalı üstə yıxılır yerə. İskəndər başlayır arağı içməyə və Nazlı ağlaya-ağlaya durur ayağa və qapıya tərəf gedir. İskəndər: “puf” eləyib üzünü turşudur və Nazlıya deyir). Dayan, dayan! Getmə! Sənə söz deyəcəyəm. (İkinci dəfə şüşəni başına çəkib içir və şüşəni qoyur cibinə. Sazəndənin çalıb oxumaq səsi gəlir. İskəndər haman səsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazəndə oynamaq havası çalır və İskəndər düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mən ölüm bura gəl; gəl bura, gəl barışaq. İndi hər nə sözün var de. İndi mən sənə nökərəm, mən sənə qulam. Gəl, gəl barışaq. (Gedib Nazlını qucaqlayır).
M ə ş ə d i O r u c (Əlində teleqraf kağızı, kəhildəyə-kəhildəyə girir içəri və ucadan soruşur). Hanı Hacı əmi?
Onun dalınca anası yenə ağlaya-ağlaya girir içəri. Nazlı yox olur. Sonra kəhildəyə-kəhildəyə içəri girirlər. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa və biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kəhildəyə-kəhildəyə bir-birinin üzünə baxıb, bilmirlər nə qayırsınlar. Hacı Həsən içəri girib, çox təəccüb eləyib, mat qalır və adamlara üzünü tutub soruşur.
H a c ı H ə s ə n. Camaat, xeyir ola? Nə xəbərdi, nə var?
M ə ş ə d i O r u c (ağlaya-ağlaya). Hacı, Kərbəlayı Fətullah dirilməyib.
İ s k ə n d ə r. Xa... xa... xa!.. çəkib gülür və adamların içinə girib yox olur.
H a c ı H ə s ə n (Məşədi Oruca). Nə danışırsan, necə dirilməyib?
A d a m l a r ı n çoxu birdən. Bəli, Bəli, dirilməyib.
H a c ı H ə s ə n. A kişi, Allah rizasına, elə söz danışmayın, elə şey olmaz və ola da bilməz.
M ə ş ə d i O r u c . H a c ı əmi, vallah, belədi. Bu da teleqraf, al, oxut, gör nə yazılıb. (Ətəyi ilə gözünün yaşını silir və kağızı uzadır Hacı Həsənə). Hacı əmi, axı Kərbəlayı Fətullahdan kağız gəlmişdi ki, guya bu şeyx onu dirildib və özü də çıxıb gəlir. Mən də, özün bilirsən ki, Xorasana teleqraf eləmişdim ki, görüm Kərbəlayı Fətullah niyə yubandı. Teleqrafı da Hacı Məmmədəlinin üstünə göndərmişdim. Çünki dadaşım dirilsəydi, Hacı Məmmədəli gildən savayı özgə yana getməzdi. İndi Hacı Məmmədəli yazır ki, siz dəli-divanə olmusunuz. Adam da məgər öləndən sonra dirilər?
H a c ı H ə s ə n (teli ala-ala). Necə?
İskəndər adamların içindən xa... xa!.. çəkib gülür.
H a c ı H ə s ə n (Heydər ağaya). Ay Heydər ağa, Allah atana rəhmət eləsin, bir bizi başa sal görək, bu necə teleqrafdı? Axı ağıl kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalan çıxsın. Biz ki, Allaha şükür, uşaq deyilik, dəli deyilik. Allaha şükür, şeyx cənablarının möcüzələrini burada olan adamların hamısı gördü. Bəlkə teleqrafda səhv-zad var?
H a m ı b i r-b i r i n ə d e y i r: “Vallah, belə zad olmaz”, “Xeyir, belə deyil”. “Vallah, başa düşə bilmirəm”.
H e y d ə r a ğ a. Hacı Həsən ağa, mən teleqrafı diqqətlə oxumuşam. Teleqrafda səhv yoxdur. Mən belə məsləhət görürəm, genə şeyxin özünə bu əhvalatı bildirəsiniz ki, görək sözü nədi və bu teli kim vura bilər və belə yalanı kim düzəldə bilər?
H a m ı b i r d ə n. Bəli, Bəli, yaxşı buyurur; şeyxin özünə demək lazımdır. (Hamı sakit olur).
H a c ı H ə s ə n. Vallah, doğrusu, adam utanır da şeyxə belə sözləri deməyə. Doğrusu, mən bir az xəcalət çəkirəm. A kişi, Vallah, ola bilməz. Burada bir özgə əməl var. Qərəz ki, Vallah mən utanıram. Belə xəbəri mən şeyxə verə bilmənəm.
H a c ı B ə x ş ə l i (Hacı Kərimə). Hacı Kərim ağa, sən yaxşısan, sən özün şeyxnən danış.
H a c ı K ə r i m. Xeyr, xeyr, mən o qələti eləyə bilmənəm! (Hacı Kazıma). Hacı Kazım ağa, sən özün yaxşısan.
H a c ı K a z ı m. Doğrusu, mən şeyx cənablarından qorxuram. Qardaş, görmürsünüz ki, necə hirslidir? Elə çığırır ki, dam-daş titrəyir.
M i r B a ğ ı r a ğ a (qabağa yeriyib). A kişi, burada, mən bilmirəm, nə çətin iş var? Şeyx Nəsrullah adamyeyən deyil ki! İstəyirsiniz mən bu saat gedim, hər nə sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).
H a m ı. Çox əcəb! Çox əcəb! Allah atana rəhmət eləsin!
H a c ı H ə s ə n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sən Allah barı bir az ehtiyatlı ol. Genə hər nə deyəcəksən, bir az ədəbli de ki, yazıq şeyxi özümüzdən incitməyək.
M i r B a ğ ı r a ğ a (Əli ilə şeyxin qapısını taqqıldadır, hamı qorxub çəkilir kənara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenə qapını döyə-döyə çağırır). Cənab şeyx!
H a c ı H ə s ə n (kənardan qorxa-qorxa). Mir Bağır ağa, gəl bir istixarə eləyək; bəlkə, heç şeyxi narahat eləməyimiz məsləhət deyil?
Mir Bağır ağa qulaq asmayıb, qapını dəxi də bərk döyür. Hamı sakit olub, mat qalır. İskəndər adamların içindən çıxıb, birdən gəlir və qapını təpiyilə bərk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyə və şeyxin otağının tamaşaçılara tərəf pərdəsi qalxır.
İKİNCİ PƏRDƏ
Şeyxin otağında bir kəs görsənmir. İskəndər otağa girib, təəccüblü o tərəf-bu tərəfə baxıb, yavuqlaşır küncdə asılan pərdənin yanına və pərdənin kənarını qalxızıb baxan kimi, pərdə dalında olan dörd nəfər qız başlayır birdən ağlamağa.
İ s k ə n d ə r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab verməyib ağlayırlar).
İ s k ə n d ə r (Şeyxi axtarmaq qəsdilə yenə o tərəf-bu tərəfə baxıb və sonra pərdənin dalındakı qızlara baxıb, yenə soruşur). Bəs qonaqlar hara gediblər?
Q ı z l a r d a n b i r i s i (pərdənin dalından). Gecəynən şeylərini yığışdırıb dedilər: “gedirik hamama”.
İskəndər bir söz deməyib, qızların pərdəsini salıb, başını aşağa salıb, bir qədər fikirli durur. Bu heyində eşikdə qiylü-qal və qaçhaqaç qopur. Bir az da keçir, üç nəfər adam, müsafir paltarında, silahlı və toz-torpaqlı, çox hirsli girirlər qabaq otağa və ucadan soruşurlar. “Hanı o ölü dirildənlər?” Sonra müsafirlər və onların dalınca camaat girir şeyxin otağına. Müsafir və camaatdan bir neçəsi İskəndərdən soruşurlar: “hanı Şeyx Nəsrullah?” İskəndər cavab verir ki, “qaçıblar”. Müsafirlər və camaat ucadan soruşur: “Necə qaçıblar, hara qaçıblar?”. Otağa böyük mərəkə düşür. Pərdə dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: “Hara qaçıblar?”, biri: “Necə qaçıblar?”. Biri deyir: “Nə vaxt qaçıblar?” Bir-iki kişi gəlibpərdənin dalından qızlardan soruşur: “Bala, niyə ağlayırsan?” Bala qorxma!” Adamlar qarışıb bir-birinə. Müsafirlərin biri üzünü camaata tutub deyir.
M ü s a f i r. Ey müsəlman qardaşlar! Bir sakit olun; iki kəlmə sözümüzü eşidin; sonra siz də təklifinizi bilin; bizə də kömək eləyin. Biz İrəvan vilayətindənik və indi elə başa düşürük İsfahan lotuları bizim başımıza gətirəni, sizin də başınıza gətirib. Belə ki, bu haramzadalar yalandan adlarını müctəhid qoyub, gəlibbizim şəhərdə dörd gün qalıblar və min hiylə ilə gecədə bir qız alıb, kəbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizə nişan verin, tutaq və onların divanını eləyək.
Pərdə dalında qızlar yenə ağlaşırlar. Adamların bir neçəsi müsafirlərin qabağına düşüb və çoxusu onların dalınca tez qaçırlar və qaça-qaça çığırırlar.
Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kərbəlayı Həsən! Məşədi Cəfər! Əli! Həsənqulu! Atları minin, durmayın, gedək o lotuları tapaq!
Adamların çoxu və müsafirlər qaçıb, çıxıb gedirlər.
İ s k ə n d ə r (Şeyxin otağının ortasında durub, müsafirlərin sözlərini təkrar eləyib, öz-özünə deyir). Gecədə bir qız alıb, axırda qoyub qaçıblar! Xa... xa... xa!.. (Qah-qah çəkib gülür; sonra sakit olub fikirli, qızlara tərəf üzünü çöndərib və yenə bir az fikirdən sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içəri). (Adamlara). Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl!? Gəl, keç içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri! Mən ölüm hamınız gəlin! Bax, belə! Keç! Keç! Sən də keç içəri! Sən də gəl. Gəlin, gəlin (Bu sözləri deyə-deyə İskəndər adamları, yığır şeyxin otağına). Di indi növbət mənimdir, qulaq asın; mən də bir-iki kəlmə söz danışım. (Hamı büzülüb və sakit dururlar və İskəndər “sus” eləyib, gedir qızların pərdəsini çəkib qopardır, atır kənara. Camaat utandığından başını salır aşağı. Qızlar da utanıb, üzlərini əlləri ilə tuturlar və başlayırlar ağlamağa. İskəndər üzünü tutur camaata).
İskəndərin nitqi
Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər, bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: (ucadan) “Tfu sizin üzünüzə!” (Tüpürür camaata tərəf. Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Mən demirəm ki, siz niyə bu balaca uşaqları (qızları göstərir) zornan gətirib qatdız bu fahişəxanaya. Söz yox, bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: “Ata, aman günüdür, məni anamdan ayırma!” (Üzünü qızlara tutub). Elədirmi? Doğrumu deyirəm?
Qızlar ağlaya-ağlaya baş yendirirlər.
Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tfu sizin üzünüzə!” (Bərk tüpürür).
Camaat hamısı başını salır aşağı.
Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (Əlini uzadıb cibindən araq şüşəsini çıxardıb) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim Ə l i mdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim.
Qızlar başlayırlar ağlamağa.
Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ö l ü l ə r”. Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırırlar: “Ö l ü l ə r!” Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər. “Ö l ü l ə r”...
Musiqi.
Dəxi bəsdi. Di gəlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın Əlindən). Bu kimin qızıdı?
Camaat içindən bir kişi yeriyib qabağa.
Sənin qızındı? Di gəl apar.
Kişi gəlib, yapışır qızının əlindən.
İ s k ə n d ə r (o biri qızın əlindən yapışıb, yenə soruşur). Bu kimin qızıdır?
Yenə bir kişi gəlibyapışır qızın əlindən və aparır. Bu minvalla üçüncü və dördüncü qızı İskəndər yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin səsilə çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur. Axırıncı qız yola düşəndə İskəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə yenir və musiqi çalır.
Axırı
12 iyun 1909, Tiflis.
[i] Sədi Şirazinin məşhur “Gülüstan” əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və onun qanından keçdi.
[ii] Şeir Molla Pənah Vaqifindir (M.P.Vaqif, Əsərləri, 1954, səh. 196).
[iii] Qüvvən; burada: pulun, imkanın.
[iv] Rusca следователь (müstəntiq) sözünün o zaman el arasında işlənən şəklidir.
[v] Allah-taala öz lütfü ilə kömək eləsin.
[vi] Qaragözlü, mübarək üzünün rəngi yaşıla çalır və mübarək adı Şeyx Nəsrullah İsfəhani.
[vii] Xəstəlik zamanı insanın xörək yeməyə meyli olmaz. Ürək dünyanın həvavü həvəs mərəzinə mübtəla olan vaxt allahı yada salmağa rəğbət etməz; yemək nə qədər ləzzətli olur-olsun xəstənin nəzərində ləzzətli görünməz və axirət faydasını ələ keçirmək də ona ləzzət verməz. (Səndə) axirət eşqi olsa, dünya üçün gözəl hesab etdiyin şeylərin hamısını axirət sənin ürəyindən çıxardar və axirətdə görmək istədiyin şeylər dünyanı sənin ürəyindən çıxardar.
[viii] Sizin dünyanız mənim yanımda çiyirtkə ağzında olan yarpaqdan da alçaqdır.
[ix] Gözlərin xəyalı ilə tərpənən çox qaşıntılı qoturluğun ən faydalı dərmanı – evlənmək məsələsi, yəni siğə eləməkdir. İman məmləkətini canalıcı naz-qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir.
[x] Hər kəs evlənsə, evlənmək onun dinini saxlar. Vələdüzzina, yəni hər kəs evlənsə, öz dininin yarısını şeytanın şərindən və nəfsani həvavü həvəsdən qorumuş olar.
[xi] Evlinin qıldığı iki rükət namaz subayın qıldığı yetmiş rükət namazdan yaxşıdır.
[xii] Evlən, əks təqdirdə nəsara rəhbanlarından və şeytan qardaşlarından olarsan.
[xiii] Davudun bir qəbiristana yolu düşdü, gördü ki, əzab mələyi bir ölüyə əzab verir. Həzrət buyurdu.
[xiv] Elə ki, insanı qəbrə qoydular, qeyb kitabxanasının katibləri insan bədəninin ibrətxanasını əcəl qələmilə tabut taxtasının üstünə yazarlar... Allah-taala...
[xv] Ona 40 sual verər. O suallardan biri odur ki, ey alim oğlum, sən öz zahirini kafirlərin paltarları ilə bəzədin, amma mənim nəzərimi cəlb edən batinini yaddan çıxartdın. Bilmirəm bu suala necə cavab verəcəklər.
[xvi] Hər sözün bir yeri, hər nüktənin bir məqamı var.
[xvii] Xalqın heç bir nəfərinə öz nəfsini və əxlaqını təmizləmək padşahlara və sultanlara zəruri olan qədər zəruri deyildir ki, məmləkətə möhkəm bir İskəndər səddi çəkib, qəlb ölkəsini, Yəcucun şərri kimi pis olan düşmən təşvişindən əmin eləsin.
[xviii] Bu dünyada hər nə varsa, hamısı yoldaşlıq əsəridir, yoxsa söyüd ağacı nəbatat baharını haradan tapacaqdı?
[xix] İkincisi.
[xx] Üçüncüsü.
[xxi] Cəhənnəm.
[xxii] Qüdrət xəzinələrində elmdən daha əziz və daha qiymətli bir cıvahir yoxdur. Qəlbin və ruhun yaşayışı elmə bağlıdır. Elm suya və palçığa təzəlik verər. Elm can çəməninin nəsimidir. Elm behişt bağının ətridir. Elm sərçeşməsinə çatan adam həmişəlik abi-həyat daddı.
[xxiii] Ey müsəlmanlar! Səbr edin.
[xxiv] Bax gör sümükləri necə dirildirik. Yəni sümüklərə sarı bax gör Xudavəndi-aləm onları yerdən necə qaldırır və öz yerlərinə qaytarır ki, onların bəzisini o birilə birləşdirir, ondan sonra da ət əmələ gətirib, onların üzərini örtür.