Qonaq Kitabı
Layi isqat eyləyüb bir bilməyən illasini

Layi isqat eyləyüb bir bilməyən illasini,

Bilmədi nəfy ilə isbatın nədir mənasini,

Badiyi-üsyanda qıldı, anmadı mövlasini,

Abi-tövhid ilə tahir qılmadı əzasini,

İçmədi bəzmi-ələstin badeyi-həmrasini,

Açmadı nuri-vilayət çeşmi-nabinəsini,

Görmədi gün türrəsindən leylətül-əsrasini,

Bulmadı rahi-yəqinin mənzili-əlasini,

Qabi-qövseynin yanıldı qürb ilə ədnasini,

Silmədi ayineyi-dildən qübari pasini

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Yox ikən kövnü məkanü sahilü ağü qara

Cuşə gəldi şövq ilə bəhri-məhəbbət ibtida,

Daşə çaldı şişəsin, etdi təməvvüc hər yana,

Sərbəsər əşyayi seyran eylədi çunü çəra,

Eşq Mənsurini gördü ol arada aşina,

Bir fəna abdal gəldi yanıma, dedi mana:

-Bir fərağət guşəsin edən məqami-dilguşa,

K-oldüri darüş-şəfadır dərdməndanə dəva,

Aləmi-bəhri-təhəyyürdə gəzərkən binəva,

Guşimə girdi ğeyibdən bir nidavü xoş səda,

-Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Şol zaman kim, bətni-ümdə nütfeyi-mədfun idik,

Əmri-bari ilə anda pərdeyi-pürxun idik,

Qətreyi-naçiz idik, müdğə uyuşmuş xun idik,

Kasəsin kəsr eyləmiş bir Leyliyə Məcnun idik,

Sərsəri idik əgərçi, talibi-biçun idik,

Səy ilə dəryayə irmiş bir düri-məknun idik,

Özümüz fərq etməyüb, dəm bəstəvü məhzun idik,

Kuhi-təndə səy ilə Fərhad ilə hamun idik,

Acizü zarü zəlilü müflisü mədyun idik,

Dəstgir olmasa bir kani-kərəm, məğbun idik,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Adəmi-xakinin anladımsa tinü masini,

Batil inkari gedər, fəhm et xəyalın xasini,

“Ladə qalma, sufiya, bil tövhidin illasini,

Uyma şeytani-ləinə, dinləmə vəsvasini,

Yeni ğəmdən aça gör mirati-qəlbin pasini,

Dəxi əşk içrə bulasan mənzili-əlasini,

İbni-vəqt ol, alma dəhrin imruzü fərdasini,

K-o bu dün hümmət fənanin şurü şər qövğasini,

Göricək etsin gərək gərcəklərin dəvasini,

Anladınsa, əhli-eşqin sözünün mənasini,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Aşiq ol, ol gülüzarın bülbüli-nalani ol,

Can verüb yolunda sidq ilə qulü qurbani ol,

Künci-ğəmdə dərdü möhnət mədənini kani ol,

Keç fərağət təxtinə, gəl aləmin sultani ol,

Ruzü şəb ol məhliqanın valehi heyrani ol,

Baqidir sanma fəna darin, haman mehmani ol,

Gər səadət küncini bulmaq dilərsən, fani ol,

Kuyi-fərq içrə gədalıq mülkinin sultani ol,

Əhli-eşqin asitani babinin, dərbani ol,

Baş açıq meydani-eşqin soyunub üryani ol,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Həmdlillah, irişib cananəyə can olmuşuz,

Sər verüb meydani-eşqə girib üryan olmuşuz,

Qətreyi-naçiz ikən dəryayi-ümman olmuşuz,

Fəxr edib dərvişligi aləmdə sultan olmuşuz,

Təkyeyi-fanidə bir qaç gün ki, mehman olmuşuz,

Dəviyi-xam etməziz, rahi-təəyyün bulmuşuz,

Ey bəradər eşq əsrarilə heyran olmuşuz,

Der isən kim, dəhr pirindən nəsihət almışuz,

İrişib feyzi-ilahi bizə, təslim olmuşuz,

Canü dil tərkin urub, meydani-eşqə gəlmişüz,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Pərdeyi-pindardən keç aləmin sultani ol,

Hər gədayə şəfqət edib cani içrə cani ol,

Cövhəri-əqli-məaindən çəkər gəl kani ol,

Kuyi-eşqin sən dəxi bir başı açıq üryani ol,

Nə reyi-yahu ilə doldur cəhani fani ol,

Gah məstü gah əsrük bir məhin heyrani ol,

Can verib eşq ilə yolunda qulu, qurbani ol,

Baş açıq bir padşahın bəndeyi-fərmani ol,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

-Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.

 

Vəsfi-yarə, ey Xətayi, söz demək şanımdadır,

Cilvələr qılmaq mənim təbi-süxəndanımdadır.

Həmdəmim, həmməşrəbim dərdü bəla yanımdadır,

Yar içün ölmək mənim ayinü ərkanımdadır,

On səkkiz min aləmin əsması divanımdadır,

Kainatın sabitati qəsrü eyvanımdadır,

On iki şahzadənin imlası pünhanımdadır,

Sayə salmış üstümə, mehri-dirəxşanımdadır,

Mustafanın ümmətiyəm, sevgisi canımdadır,

Həm Əliyyəl-Murtəzanın dərdi dərmanımdadır,

Müftiyi-eşq öylə vermişdir bunun fitvasini;

                                          -Ya çək əl sərdən, ya gəl cinlətmə eşqin tasini.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info