Qonaq Kitabı
Vədeyi-vəsl edəli bir qılca qaldı canımız

 

Vədeyi-vəsl edəli bir qılca qaldı canımız,

Göglərə irsə, iribdir naləvü əfğanımız,

Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız,

Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

 

Gülşəni-baği-cinansan, eşq ola didarına.

Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına,

Yürü, ey yari-vəfasız, durmadan iqrarına.

Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

 

Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin,

Etdigin qövlü qərarı həp fəramuş eylədin,

Çeşmi-məxmurinlə mən miskini sərxoş eylədin,

Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

 

Al səhabi-ruyini hüsnin tək olsun hər zaman,

Mehr ilə dolsun, mənim mahim, zəminü asiman.

Söylədin könlüm alınca mənə min dürlü yalan,

Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

 

Əbri-baran kimi ağlarkən Xətayi zar-zar,

Gözünün yaşı edərdi, durma, derdin aşikar,

Dün gecə kuyində oldum sübh olunca intizar,

                                     Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info