Qonaq Kitabı
Xubların sultanısan aləmdə, var, xan ol, yürü

Xubların sultanısan aləmdə, var, xan ol, yürü,

Aşiqin canında cansan, var, acanan, ol, yürü,

Sən rəqibin məclisində şəm kimi yan, ol yürü.

Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

 

Yerdə qalmaz çün biləsən, ey mələk, ahım mənim,

Yalqıza yardım edər: vardır allahım mənim.

Bivəfalıq rəsmini əldən gedir şahım mənim,

Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

 

Neçə kərrə demədimmi gözləri ahu sana,

Bivəfalıq etməmək gərək idi canu sana,

Yürü, var ömrüm haman şimdən gerü yahu sana,

Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

 

Ya ilahi, bilməzəm kim, nolisər halım mənim,

Könlüm aldı, müslimanlar, şimdi bir zalım mənim,

Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim,

Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.

 

Ey Xətayi, bulmadım bir yarü həmdəm dünyada,

Ahü vahi keçdi ömrüm, neyləyim, mən dünyada,

Sərv kimi sərkəş olasan haman sən dünyada,

                                      Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info