Qonaq Kitabı
Məni

Görürəm, dan yeri yenə sökülür,

Göydən yer üzünə nurlar tökülür.

Zəmilər, tarlalar üzümə gülür,

Saralır gözümdə sünbülün dəni;

Bu nemət ilhama çağırır məni!

 

Mən yaranmamışam göylər övladı,

Əzəl şöhrətimdir torpağın adı.

Bu eşqim çoxuna qismət olmadı...

Şairim,aç payla söz xəzinəni!

Şeyriyyət ilhama çağırır məni!

 

Ürək dil açır ki—sönməmiş oldum—

Hücuma başlayır mənim söz ordum.

Könüllər mülkündə min yuva qurdum;

Unutmaz aləmdə sevən sevəni,

Məhəbbət ilhama çağırır məni!

 

O kimdir külüngü dağ kimi vurur!

Keçici bayraq da yanında durur?

Görürəm o yeni bir dünya qurur...

Loğmanlar yazacaq bu qərinəni;

Bu hikmət ilhama çağırır məni!

 

Muğana su gəlir,Milə su gəlir,

Axışıb öz eli-ulusu gəlir...

Torpağa insanın arzusu gəlir—

Bağrıma basıram ana vətəni,

Bu ülfət ilhama çaöırır məni!

                                                                    “Muğan” poemasından

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info