Qonaq Kitabı
Ey könül, kuyində məva qılduğun, yəni ki, nə?

Ey könül, kuyində məva qılduğun, yəni ki, nə?

İtlərin kuyində qövğa qılduğun, yəni ki, nə?

 

Sakin olmaq Kəbeyi-kuyində yegdir dilbərin,

Hər gərəkməz yerə pərva qılduğun, yəni ki, nə?

 

Qanlu yaşımnı yüzüm üstə rəvan edib müdam,

Razi-pünhanım hüveyda qılduğun, yəni ki, nə?

 

Könlümi qıldun müşəvvəş bir tükənməz fikr ilən,

Bu pərişan zülfi sevda qılduğun, yəni ki, nə?

 

Əşki-xunin bəhrə döndü çeşməsindən çeşmimin,

Subesu yaşımnı dərya qılduğun, yəni ki, nə?

 

Vəchin əyyamında bu bəxti-siyahimni, şəha,

Nisbətini leyli-yəlda qılduğun, yəni ki, nə?

 

Hər dəm, ey Leyli nigarım, bəndəni Məcnun təki

Valehi ğəmginü şeyda qılduğun, yəni ki, nə?

 

İstədim kuyində can verəm, şəha, təxir edib,

“İnnə əmhəlhüm rüveyda” qılduğun, yəni ki, nə?

 

Xaki-payində məni ədnadən ədna eyləyib,

Özünü əladən əla qılduğun, yəni ki, nə?

 

Öldürüm derdin bu gün – danla məni, çıxdın xilaf,

Bilməzəm imruzü fərda qılduğun, yəni ki, nə?

 

Lövhi-dildə böylə təskin dapmış ikən qəmləri

Bir dəxi yenlədən inşa qılduğun, yəni ki, nə?

 

Çünki rəhmin yox məzarim üstinə bir daş edib,

Ey vəfasız ani tuğra qılduğun, yəni ki, nə?

 

Gül yüzün övraqini gülşəndə xəndan eyləyib,

Bülbüli-məhzuni guya qılduğun, yəni ki, nə?

 

Asmağ içün canımı bir qıl ilən, ey novnəhal,

Sərv tək qəddini peyda qılduğun, yəni ki, nə?

 

Çünki dildən yoxdurur meylin məni-dilxəstəyə,

Mərhəba əhlən və səhla qılduğun, yəni ki, nə?

 

Çak edib gün tək giribanini hər dəm gözünə

Sübhdəm yüzini peyda qılduğun, yəni ki, nə?

 

Çünki dövr etməz əyaği məclisi-üşşaq ara,

Ləblərin cami-müsəffa qılduğun, yəni ki, nə?

 

Qüdrətidir sanei-pakin, ona insan demə,

Sən ani manəndi-əşya qılduğun, yəni ki, nə?

 

Leyli zülfinin xəyali-eşqilən Məcnun təki

Məskənini kuhü səhra qılduğun, yəni ki, nə?

 

Səcdə qılmağçün dilərsən qaşları mehrabini,

Özünü sən əhli-təqva qılduğun, yəni ki, nə?

 

Valideynin mənisin yad eyləyib hər dəmbədəm

Cahidül-ləfzində fənna qılduğun, yəni ki, nə?

 

Ayağı tozunda ol sərvi-rəvanın, ey könül,

Vermək içün can mühəyya qılduğun, yəni ki, nə?

 

Sidrə birlən müntəhayə qəddini təşbih edib,

Qədrini “Vətturi-Sina” qılduğun, yəni ki, nə?

 

İstər idim qurtulam gəldikcə bir-bir qüssədən,

Günbəgün dərdim müsənna qılduğun, yəni ki, nə?

 

Eşigində binəvayə iltifatın kəm qılıb,

Hüsn ilən özüni qərra qılduğun, yəni ki, nə?

 

Ey Xətayi, xak ilən yeksan olub ol mah içün,

                                     Əzmi-sevdayi-Sürəyya qılduğun, yəni ki, nə?



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info