Qonaq Kitabı
Ala gözlər

 

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər!

Mənim sevgilimdir o gözəl pəri
Qoy özə vurmasın ötən günləri
Mən qədir bilənəm əzəldən bəri
Sizinlə çatmışam kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Vurğunu saldınız bu hala, gözlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info