Qonaq Kitabı
Təzə il

Vaxtdır, qədəhləri qaldırın, dostlar! 

İçək təzə ilin şərəfinə biz;

Al geyib gələcək yeni bir bahar,

Var olsun ömrümüz, səadətimiz,

İçək təzə ilin şərəfinə biz.

 

Həyat bir dastana bənzər əzəldən,

Oxunur aləmdə o varaq-varaq.

Daimi deyilik nə siz, nə də mən,

Bizdən bu dünyada hünər qalacaq,

Oxunur aləmdə o varaq-varaq.

 

Gəlib dolmasa da min bahar, min qış,

Yaşamaq eşqilə çırpınır ürək.

Alqış, bu müqəddəs diləyə alqış!

İnsan əməlilə dövran sürəcək,

Yaşamaq eşqilə çırpınır ürək!

 

Keçdi gəncliyimdən otuz beş bahar;

Keçdiyim yollara baxdım bir daha.

Nə qədər az imiş məndən yadigar!..

Lakin öz qapımı açdım sabaha...

Keçdiyim yollara baxdım bir daha!

 

Gəl, gəl gözəl sabah! Gözəl günəş, gəl!

Sağımda, solumda qoşa dayanın!

Böyük bir aləmdir hər kiçik əməl..

Mənim bu eşqimlə qoşa da yanın!

Sağımda, solumda qoşa dayanın!

 

Sən ey xumar gözlü, sevdalı səhər!

Səni də insanın eşqi yaşadır.

Ey bu gün dünyaya gələn körpələr,

Göz açın, yurdumuz nə tamaşadır.

Sizi də insanın eşqi yaşadır!..

 

Ekiz yaranmayır sizinlə nə qəm,

Nə də ki, tarixin acı göz yaşı.

Səadət sizinlə başlanır, desəm,

Doğrudur! Qalmamış nə zülmün daşı,

Nə də ki, tarixin acı göz yaşı.

 

 Budur budaqdaki hər yaşıl yarpaq,

Tarixlər yaşamış bu qara torpaq,

Hər axar çeşmənin xoş zümzüməsi,

Bu şeir dünyası, bu sənət səsı,

Hər duyan ürəkdən qopan arzular,

İnsanlıq dediyim bu gözəl bahar,

Bu ana torpağı, bu ana Vətən,

Üstünə gün doğub, küləklər  əsən

Baş-başa çatılmış bu qoca dağlar,

Vüqarlı qəlbim tək bu uca dağlar,

Şairə göz vuran hər çiçək, hər gül,

Öz yas köynəyini soyunmuş bülbül,

Dilsiz körpəsini basmış bağrına

Şirin yuxu görən müqəddəs ana,

Bu şeir yurdunun böyük kəlamı,

Yurdunu seyr edən qoca Nizami,

Onun dalğalanan könül dənizi,

Leylinin təzədən gülən bənizi,

Fərhad külüngünün nişanələri,

Tarixin ən gözəl əfsanələri,

Bu köhnə dünyanın təzə mənası,

Ağ günlər əsrinin bu simfonyası,

Ömrü uzatdıqca, dillənir varlıq,

Bizə nələr deyir bu bəxtiyarlıq?

Deyir ki: - Dastandır həyat əzəldən,

Oxunur aləmdə o varaq-varaq,

Daimi deyilik nə siz, nə də mən,

Bizdən bu dünyada hünər qalacaq,

Oxunur aləmdə o varaq-varaq,

Vaxtdır, qədəhləri qaldıraq,dostlar,

İcək təzə ilin şərəfinə biz!

Al geyib gələcək yeni bir bahar,

Var olsun ömrümüz, səadətimiz, 

İcək təzə ilin şərəfinə biz!

                                                                       

                                                  28 dekabr 1940



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info