Qonaq Kitabı
A köhlən atım

Əlim tərpənməmiş oyna yerindən,
Nəzil qamçı kimi səyirdəndə sən.
Büdrəsən, qalaram yarı yolda mən,
A köhnə yoldaşım, a köhlən atım!
Buğlana-buğlana köpüklən, atım!

Aranda, yaylaqda kömək ol elə,
Yerişin oxşasın əsən ağ yelə;
Arpanı kəsmərəm ac qalsam belə,
Yaman günlərimin gərəyi atım,
İnsanın dar gündə köməyi atım!

Qoy vurum belinə gümüş yəhəri,
Bir yol ayrıcında açaq səhəri...
Gəzib oymaq-oymaq kəndi, şəhəri,
Harda var axtaraq düşmanı, atım!
Onları vaxt ikən gör, tanı, atım!

Bu bir manevradır indi səninçin.
Qoy dalğalar kimi döyünsün için;
Göydən üstümüzə düşən göyərçin
Düşmənin yerini bildirsin, atım!
Qoyub dizlərini yerə sin, atım!

Qaranlıq düşəndə qulağını çat,
Asta get, nalıyın səsini alçalt!
Desinlər ustadır mindiyin bu at
Candan əziz tutdum səni mən, atım,
Bəzən insane kimi düşünən atım!

Canın poladdandır, qolların dəmir;
Komandan orduya verəndə əmir,
Düşmənin başını qoparıb gəmir.
Ey aslan ürəkli, pəhləvan atım!
Əslində mülayim, mehriban atım!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info