Qonaq Kitabı
İDARƏDƏN (4)

 

Bu əhvalatı “Bakı fəhləsi” qəzetinin 49-cu nömrəsində oxuyandan sonra götürüb Zəyəmə, müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəmi məlumat istədik və dünən haman müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.

Kuryatin cənabları yazır: yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər. Bəs siz əgər sədaqətli yazıçısınız, bəs bunu niyə yazmırsınız?

Bakıda dərya kənarında torpaq idarəsinin təhdində bir böyük və çox böyük maşınları anbarı var ki, orada olan kiçik və böyük maşınların həddi-hesabını heç torpaq müdiri özü də bilmir, heç sklad müdiri özü də bilmir. Gediniz bir yaxşıca xəbər tutunuz, biliniz, aya neçə ildir o maşınlar orada yağış və qarın altında çürüyürlər; qeyri şəhərlərdə olan maşın skladları habelə.

İndi sizlə mərc gələrək, bir kəndli əkinçini göndəriniz getsin o maşınların birini istəsin. Əvvəl qabaq müdir deyəcək: bu qədər qızıl pul gətir qoy stolun üstünə, get məsələn, kotanı apar.

Əgər yalan deyirəmsə, yaz yalan deyirsən.

Və məhz səbəb budur, haman kəndli gəlib bir kotanı ya sovuraq maşınasını istəyəndə, qabaqca qızıl pulunu sayıb stolun üstünə qoymur. Və işlər nə qədər ki, bu minvalla gedir, Zəyəmdə də kəndlilər babadan qalma cütə dəvələri qoşub “ço, ço” eləyəcəklər. Bakının kəndlərində də belə eləyəcəklər, qeyri kəndlərdə də belə edəcəklər.

Amma sən indi haman Bakının skladının dəstgahına bax, oranın ştatına bax, orada əyləşən ağaların damağına bax.

Qoy rəiyyət də cütün ardınca dəvələri, ya arıq öküzləri döyə-döyə kənardan tamaşa eləsinlər.

 

 

Lağlağı.

“Molla Nəsrəddin”, 10 mart, 1923, â„– 16.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info