Qonaq Kitabı
MAARİF

 

Şura hökumətinin məşhur komissarlarından doktor Sultanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var:

Birinci səbəb:

1)    Həmin bu məqaləni biz ən səmim-qəlbdən yazılmış hesab edirik.

2)    İkinci səbəb budur ki, məqalənin elə bir guşələri var ki, onları oxuyan gərək qabaqca gülə, amma sonra bəlkə ağlamağı tutacaq; ya da qabaqca gərək ağlaya, sonra gülməyi gələ.

Məqalənin ağlamalı yerləri ilə bizim işimiz yoxdur – bu tarixçilərin vəzifəsi.

Bizim sözümüz gülməli və məzəli yerləridir.

_____

 

Əvvələn – Soltanməcid yazır:

Biz inqilabın qabaqlarında o qədər özümüzü təriflədik ki, axırda baxdıq gördük ki, hələ inqilabdan qabaq mövcud olan məktəblərin sanıca da indi bizim məktəbimiz yoxdur (çox qəribə).

_____

 

İkinci: - Müəllimlərimiz təmamən qaçdılar Quba meydanına, çünki səkkiz aylarla məvacib almırdılar (bu da çox məzəli).

_____

 

Üçüncü: - Məktəb kitablarımız Türkiyənin Kürdüstan və Ərəbistan dilində yazıldıqları səbəbdən onların içindən millətimiz bir mətləb çıxarda bilmədi (bu da çox təəccüb).

_____

 

O şey ki, bizi bu barədə danışmağa məcbur etdi, - o da Soltanməcidin bir neçə ibarəsidir ki, məqalənin axırlarında deyir; məqalə sahibi yazır:

“Özümüzü boş-boşuna mədh və təhsil ilə yox, özümüzü quru tərif və yalançı alqışlar ilə yox – məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik”.

_____

 

Molla Nəsrəddin əmi də deyir: - Özümüzü boş-boşuna mədh və təhsil ilə yox – özümüzü quru tərif və yalançı alqışlar ilə yox, məhz acı həqiqəti meydana qoymaq ilə biz maarif evini abad edə bilərik.

Qeyri bir yolu yoxdur.

 

 

Molla Nəsrəddin.

“Yeni yol”, 3 mart, 1923, â„– 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info