Qonaq Kitabı
NÖQTƏLƏR

 

Müsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır.

Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan.

Bir vaxtlar İran yazıçıları bu nöqtəbazlıqdan təngə gəlib istədilər acığnan dəxi heç nöqtə qoymayalar, yəni lap nöqtəsiz yazalar və çoxları bu məşqə düşdülər, məşhur Mirzə Mehdi xanın “Tərəssülü” bu cür nöqtəsiz yazılıb. Bunun da nəticəsi bu oldu ki, əgər bir şəhərdə savadlı beş nəfərimiz var idisə, indi iki nəfər oldu, o səbəbə ki, daha “tərəssül” xəttin oxuya bilən olmadı.

İndi türklərin də içində bir cür tərəssülbazlıq var: bunlar istəyirlər bir fənd qursunlar ki, nöqtə əngəlindən qurtulsunlar, bunlar nöqtə əvəzinə sözlərin axırına bir cür quyruq yapışdırırlar.

Amma bu da oyun-oyuncaqdır. Bundan da bir şey çıxmayacaq.

Yeni əlifba, yeni əlifba!

 

 

İmzasız.

“Yeni yol”, 27 yanvar, 1923, â„– 4.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info