Qonaq Kitabı
ÇƏYİRTGƏ

 

Çəyirtgə məsələsi ağır bir məsələdir, çünki bundan böyük bir bədbəxtlik qoxusu gəlir.

Keçmiş vaxtlarda çəyirtgə çox evlər dağıdıb, çox məişətlər pozub, çox camaatı acından qırıb, yox eləyibdir. İnsanın böyük düşmənlərinin biri də bu çəyirtgədir.

Bu məsələni səhl saymamaq.

______

 

Məlumdur ki, hökumət məsələnin əhəmiyyətli olmasını öz vaxtında düşündü və keçən il çəyirtgəni qırmağa hesabsız pullar buraxdı, lazımi səy və təlaşını əsirgəmədi. Amma heyf bu çalışmağın nəticəsi gözlədiyimiz qədər yaxşı olmadı: çəyirtgə öz vaxtında yediyini yedi, xarab etdiyini etdi və axırda da o qədər tum saldı ki, indi Azərbaycanda bir elə mahal və kənd xəyalımıza gətirə bilmirik ki, orada çəyirtgə tumu olmamış olsun.

Məsələnin çətinliyi buradadır ki, çəyirtgənin tez bir vaxtda qırılmadığına elə bir ümidimiz yoxdur və bu ümidsizliyimizi keçən il gördüklərimizdən hasil eləmişik. Biz bunu gördük ki, çəyirtgə lazımınca qırılmadı və əgər bir para yerlərdən çəyirtgənin qırılması barəsində öz vaxtında yaxşı və ürək sakitedici xəbərlər gəldisə də, sonralar məlum oldu ki, haman yerlərdə də çəyirtgənin zərəri az olmayıbdır.

Hər necə olmuş olsa, işə böyük diqqət verilməlidir.

Doğrudur, hökumət tərəfindən çəyirtgə işlərinə yetmiş milyard, ya buna yaxın pul buraxılıb, bu özü çox lazımlı bir iqdamdır. Amma şərt ancaq bir pul buraxmaq deyil. Lazımdır işin qurğusunu elə qurmaq ki, nəticəsi yaxşı olsun. Lazımdır işi o kəslərə tapşırmaq ki, camaatın xeyir-şərini ürəklərinə yaxın tutub, qulluqlarını təmiz bitirsinlər. Belə olmasa, keçən ildəki kimi bəzi istənilməyən işlər və məsələlər olub, camaatın evi yıxılar. Lazımdır işi o kəslərə tapşırmaq ki, həmi çəyirtgə işlərində bilik və təcrübələri var, həmi də camaatımızın ruhuna bələdiyyətləri olub, bu ağır işi qayda ilə aparıb nəticələndirə bilərlər.

Bəlkə beləliklə bir nəticə hasil ola.

 

İmzasız.

“Yeni yol”, 14 oktyabr, 1922, â„– 4.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info