Qonaq Kitabı
TƏBRİK

 

Təmcid edirik[i] haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.

Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.

Təqdis edirik[ii] keçmişlərdə yeni əlifba mücahidlərinin pak ruhlarını; haman mücahidlərin ki, onlar vaxtında səpdiyi toxumdan göyərən həmin yeni türk əlifbasıdır ki, bunun vücuduna indi biz iftixar edirik.

Yeni əlifba söhbəti qədimdir. Heç kəs güman etməsin ki, bu “bidəti” ortalığa salan biz bir neçə nəfər aciz bəndələrik. Adları bizim üçün əziz olan həqiqi maarif xadimləri Mirzə Fətəli Axundovdan, Mirzə Mülkümxan Müşirid-Dövlədən tutub hədsiz-hesabsız bunlar kimi bir çox alim və mütəxəssislər ərəb hürufatının çətinliyini nəzərə alıb bu hürufatın latın hərflərinə əvəz edilməsi yolunda çox-çox dəlilli və sübutlu əsərlər qoyublar. Lakin səhifələrimizin kiçik və dar olması artıq təfsilata bizə yol vermir. Bunların sözlərinin bütün ruhu budur ki, ərəb hərflərinin vücudu ilə islam millətlərinin maarifcə tərəqqisinə ümid ola bilməz və ola bilməz. Mirzə Mülkümxan kitablarının birində deyir: “Əgər götürək üç yüz milyondan ibarət olan müsəlman aləminin və yeddi-səkkiz milyondan ibarət erməni və yunan mətbuatını, görərik ki, erməni və yunan mətbuatı bütün müsəlmanların mətbuatından bir neçə qat yüksəkdir. Buna da səbəb ancaq ərəb hürufatının çətinliyidir”.

Şəksiz və tərəddüdsüz biz bu yola qədəm qoyuruq və haman qədəmimiz biçarə millət naminədir.

Bizi bu yola vadar edən qəlbimiz və vicdanımızdır. Necə ki, atalar balığı suya atanda o ümidlə atırdılar ki, “balıq bilməsə, xaliq bilər”, bizim də qəlbimizin içərisindən gələn bir səda bizi bu yola sövq edib deyir: “Səbat ilə qədəm qoyun, çünki geri qayıtmaq yoxdur”.

Əgər biçarə millətimiz indi də bizi təsdiq etməyə hazır olmasa, bir vaxt gəlib çatacaq ki, yeni hürufat xadimlərinin adları haman millətimiz tərəfindən xeyir-dua ilə zikr olunub baqi qalacaqdır.

 

(Baş məqalə).

“Yeni yol”, 21 sentyabr, 1922, â„– 1.



[i] Təmcid etmək – tərifləmək, təzim.

[ii] Təqdis etmək - əziz tutmaq, hörmət etmək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info