Qonaq Kitabı
POÇTXANAMIZ

 

Ruznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni[i] və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.

Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.

Bu günlər bizə səhih[ii] bir mənbədən yəqinlik hasil oldu ki, ruznaməmizin birinci və ikinci nömrəsi Təbrizdən çıxmamış, nə səbəbə çıxmamış, o bizə məlum deyil.

Bir neçə sətri yazmaqdan məqsəd xaricdə olan möhtərəm oxucularımıza ruznaməmizin çatmamağının səbəbini bildirməkdir.

Bəhərhal biz yola gedirik və İranda tək bir “Molla Nəsrəddin” heç yerindən olmasa dünya ötüşər, amma poçtxanalarımızın bu dərəcədə nizamsızlığı vətən dostlarını gərək məyus edə.

 

İdarədən.

“Molla Nəsrəddin”, 31 mart, 1921, â„– 4.



[i] Şümarə - nömrə.

[ii] Səhih – doğru, düzgün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info