Qonaq Kitabı
XƏBƏRDARLIQ

 

Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.

Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin həmrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.

Bunu biz görürük ki, əsrin övzaı və camaatın halı fəna bir məqama çatıb. Belə ki, hər bir qədəmdə biz hədsiz yövmiyyə ruzisinə[i] möhtac olanlar və növ-növ fələkzədələrə rast gəlirik ki, bunlara heç bir mənbədən və heç bir əşxasdan bir müavinət əli uzadılmır və hər bir sərvət sahibindən imdad təmənnasına düşənlərə cavab verilir ki, pul yoxdur.

“Pul yoxdur” deyənlərə və özlərini zahirdə təmkinli saxlayanlara bir sözümüz yoxdur. Amma bu qədər var ki, teatr kimi ümumgahda çörək puluna möhtac olanların nəzərində məşrubata və naməhrəm övrətlərə qızıl lirələri ovucla sərf edənlər qəflət yuxusundan ayılmalıdılar.

Bu dəfə xəbərdarlıq babətindən məzkur hacının adını zikr eləməkdən əl saxladıq, amma bu qəbil hacılara vəsiyyət edirik ki, bundan soralıqda agah və huşyar olub, bir tərəfdən bizim giley-güzarımızdan və digər tərəfdən min-minlərcə çörəyə möhtac olanların nifrətindən ehtiyat eləsinlər.

 

İdarədən.

“Molla Nəsrəddin”, 1921, â„– 3.



[i] Yövmiyyə ruzisi – gündəlik azuqə, gündəlik yeyəcək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info