Qonaq Kitabı
ARVAD MƏSƏLƏSİ

 

Yevropanın ən şöhrətli alimlərindən Con Stüart min səkkiz yüz altmış yeddinci ildə ingilis parlamanında söylədiyi nitq hələ çoxlarının yadından çıxmayıb. Haman nitqdə məşhur natiq birinci dəfə olaraq arvadların siyasi ixtiyarlarının bərabərlik məsələsinə əl vurubdur. Və bu əlli illik müddətdə haman ingilis parlamanında azından iyirimi dəfə bu məsələ müzakirəyə qoyulubdur və hələ bu vaxtadək arvad məsələsi necə ki lazımdır Yevropada həll olunmayıbdır.

Rusiyada arvad məsələsi. O ki, qaldı Rusiya hökuməti, şükür Allaha, axırıncı inqilabi-kəbirin[i] birinci xidməti bu oldu ki, Rusiyada yaşayan insanların cəmisinin ixtiyarı bərabərləşibdir, bilafərq cins, din və millət. bu barədə Rusiyada dəxi əlahiddə bir danışılmalı məsələ qalmayıbdır, arvad məsələsi birdən-birə qurtarıbdır.

Keçmişdə hüquq mübarizəsi. Amma bizim indiki söhbətimizdən murad [ii] bunu bilməkdir ki, aya, keçmişlərdə arvadların hüququnun əzilməyinin səbəbi nə olub, yəni kişilər nə səbəbləri əldə bəhanə tutub arvadlara ixtiyar verməyiblər. Söhbətimizdən məqsəd bunu bilməkdir ki, həmin hüquq mübarizəsi, yəni ixtiyarat yolunda çalışmaq nə vaxt başlanıb və nə vəzlə əmələ gəlib və axırı hara gəlib çatıb.

Hindistandan Manunun rəyi. Bəni-növi bəşərin tarixinin əvvəlinci günlərindən başlamış arvadlar ərlərinin ixtiyarında olublar və bu ixtiyar o cür nəzərə gəlib guya ki, dəyişilməyən bir qanundur.

Qədim Hindistanda üç min il bundan qabaq Manunun qanunlarına görə arvadı öldürənin tənbihi o qədər idi – nə qədər ki, iti öldürənin tənbihi idi. Manu öz qanunnaməsində yazır ki, arvad uşaq ikən atasının ixtiyarında olmalıdır, cavanlıqda ərinin ixtiyarında və dul qalan vaxt oğlunun ixtiyarında. Arvadın nə qurban kəsmək ixtiyarı var idi, nə də ibadət eləmək: onun ibadəti məhz ərə qulluq etmək idi.

Yunan və rimlilərin rəyi. Hindistandan keçəndən sonra, arvada həqarət ilə baxan yunan və rimlər olublar. Yunan alimi məşhur Aristotelis deyərmiş: “qul, arvad və uşaq ixtiyar sahibi olmağa qabiliyyətsizdirlər”. Məşhur “Rim qanunları” uşaqları, dəliləri və arvadları bir mənzələdə hesab eləyirdi və bunlara ixtiyar vermirdi öz adları ilə şərtnamələr bağlasınlar.

Dinlər necə baxıblar. Dinlərə gəldikdə demək olar ki, cəmi dinlər arvadları əskik bir insan dərəcəsində qoyublar. Tarixi-Müqəddəs İbrahim peyğəmbəri Saranın başının sahibi deyib yazır. Qədim yəhudilər dua vaxtı Allaha şükür eləyirdilər ki, onları arvad xəlq eləməyib. Bizim islam dinində həmçinin kişilərin ixtiyarı arvadlarınkı ilə bərabər deyil: məsələn, götürək kişilərin çıx arvad almaq ixtiyarını, yainki irsin bir hissə bacıya və iki hissə qardaşa çatmağını və qeyrə.

Orta əsrlərdə nə cür baxırmışlar. Xaçpərəstlərin Pavel xəlifəsi yazır: arvadlara hökmdür ki, ərlərindən qorxsunlar. Bəzi xaçpərəst qanunlarınca arvadlar kilsəyə girən vaxt minbərə və qeyri müqəddəs şeylərə gərək əl vurmayalar. Rəvayətdir ki, keçmişlərdə Firəngistan senatı belə bir qərarnamə yazmış: vəhşi insanlara da yaraşan iş deyil nəinki sizə ki, arvadlar öz iynə və saplarını qoyub və gəlib kişilərə qarışıb siyasi işlərə müdaxilə etsinlər; çox və çox eyib ola.

Orta əsrlərdə arvadların hətta ruhu olmasına şəkk gətirirmişlər. Müqəddəs Avqustin bəlaların cümləsini arvadlardan görürmüş. Şekspir, Şopenhayer, Veyninqert, Strindberq – bunlar hamısı arvadları əqli naqis hesab ediblər. Qəribə burasıdır ki, bu cür əqidə arvadlar barəsində nəinki min illərlə yer üzünün cəmi tayfalarının arasında davam edib, hələ bəlkə indinin bu saatında mütəməddin[iii] Yevropa millətlərinin içində də bu rəydə olan az deyil ki, arvad kişidən ağıl hissiyyətincə zəifdir və bu səbəbə politika aləminə qarışmağa haqqı yoxdur.

Analıq səbəb olubdur. Bəs bunlar nə sözdür? Nədir bunun səbəbi? Əsl mətləb burasındadır ki, arvadların hər bir barədə kişilərdən geri qalmaqlarına səbəb analıq olubdur ki, onları evdə uşağının yanında oturmağa məcbur edib, qoymayıb xah dava meydanında, xah qeyri meydanda hünər göstərsinlər: ev işləri, uşaq tərbiyəsi və külfət qeydi arvadları o dərəcədə məşğul edibdir ki, evdən kənar olan işlərə arvadların macalı yetməyibdir.

Müsavat fəryadı. Amma tədriclə Yevropa elmi və Yevropa təməddününün bərəkətindən “müsavat” fəryadı uca səslə səslənib gəlib arvadlara da çatdı. Bu səda yuxarı siniflərdən başlamış hər bir təbəqələrə dağıldı, nücəba xanımları da bunu eşitdi, əsnaf övrətləri də bildi, karxana əmələləri də xəbərdar oldular və hətta kənd arvadları da duyuq düşdülər.

Cəmi arvadların qulağına çatdı ki, insanlar bərabərdirlər və hamı insandır, necə ki, kişi, habelə arvad.

Müsavat, müsavati-mütləq! Yəni kişilərlə arvadların hüququnun hər bir barədə bərabərliyi.

Hüquq davası təzə məsələ deyil. Bu məsələ başlanıb on səkkizinci əsrin axırlarında, Amerika qitəsində.

Stüart zülmündən ingilislərin Amerikaya köçməyi. Tarix rəvayət edir ki, ingilislər on səkkizinci əsrdə Stüart nəslinin zülmündən başladılar Amerikaya köçüb getməyə və Amerikada azad ingilislər başladılar özləri üçün mədəni bir vətən bina etməyə. Söz yox, bunların təklifi asan deyildi: bir tərəfdən zalım idi yerli hindlilərin vəhşi hücumlarının müqabilində dayanmaq, digər tərəfdən dəlazım idi İngiltərənin hökmünü və ağalığını rədd etmək yolunda çalışmaq. Demək, bütün ömrlərini dava meydanında keçirmək lazım gəlirdi və həmin çətinliklərə düçar olan Amerika kişilərinə mənəvi və mühüm köməklik göstərən, onları dava meydanına göndərib evdə bir tərəfdən külfətə qulluq edən və bir tərəfdən də patron hazırlayıb kişilərin tüfənglərini dolduran, müxtəsər, onlara nicat verən Amerika arvaadları oldu.

Filadelfiya yığıncağı. Pəs, elə ki, dava qurtarandan sonra kişilər 1787-ci ildə Filadelfiya şəhərinə cəm olub, başladılar müttəfiq məşrutəli hökumət üçün qanuni-əsasi qərar verməyə, həmən gün arvadlar qabağa çıxıb cavab elədilər ki, ey kişilər, bizlər də sizlə bərabər davada iştirak eləmişik, sizin qəzavü-qədərinizə biz arvadlar da həmişə şərik olub, şad günlərinizdə şad olmuşuq və qəmqin günlərinizdə qəmgin olmuşuq. İndi təzə vətəninizi azad görüb qanunlar yazırsınız; biz də sizlə varıq, bizim də siyasi ixtiyarımız kişilərlə bərabər olmalıdır.

Və lakin bu dəfə arvadların çalışmaqları bir nəticə bağışlamadı və arvadlar istədikləri ixtiyar onlara verilmədi. Bununla belə arvadlar, söz yox ki, sakit olmalıdılar və fürsət ələ düşən kimi yenə baş qalxızdılar.

Londonda qurultay 1840-ci ildə. Arvadların ikinci gurultulu iqdamatı[iv] vaqe olub miladi tarixinin 1840-cı ilində. Həmin il İngiltərənin paytaxtı London şəhərində qul azad eləmək məsələsinin beynəlmiləl qurultayı əmələ gəldi. Buraya Amerikadan xanımlar nümayəndələri göndərilmişdi. Çünki bu qurultayın başçıları İngiltərə ruhaniləri idi ki, arvad məsələsinin həmişə ziddinə gedirdilər. Qurultay qərar qoydu ki, Amerikadan gələn xanımlar həmin iclasda iştirak edə bilməzlər. Bu əhvalat arvadlara o dərəcədə təsir elədi ki, onlar Amerikaya qayıdıb özlərinin də qul dərəcəsindən azad olmaq məsələsini qalxızdılar. Səkkiz il çalışdıqdan sonra arvadlar bir intibahnamə tərtib elədilər ki, 18 fəsildən ibarət idi.

Nəticə: bir para ixtiyarlar. Həmin keyfiyyət Amerikada o dərəcə şöhrət tapmışdı ki, cəmi qəzetələr həmin intibahnamənin məzmununu çap eləmişdilər. İntibahnamənin bir neçə fəsli bu idi:

1)    Kişi və arvadların ixtiyarlarının bərabərliyi.

2)    Darülfünunda təhsil eləmək ixtiyarı.

3)    Seçki ixtiyarı.

4)    Kəbin və təlaq məsələlərində kişilərlə arvadların ixtiyarlarının bərabərliyi və qeyriləri.

Statistika. Müxtəsər surətdə demək olar ki, arvadlar Yevropada və Amerikada hüquq və ixtiyarat yolunda çox təşəbbüslər və çalışmaqlar göstəriblər. Burada cümləsini nağıl eləmək tul çəkər. Və çalışmaqlarının nəticəsində bəzi məmləkətlərdə hökumətlərin bəzisi arvadların sözlərinə qulaq asıb bir para ixtiyar veriblər. Amma o ki, lazımdır ixtiyari-külli arvadlara yenə verilmədi. Hərçənd bu ixtiyarlar bir növ cüzi hesab olunurdular. Bununla bərabər yenə axirül-əmr Amerika arvadlarının yorulmaq bilməyən səyi və təlaşlarının nəticəsi bu oldu ki, 1910-cu ildə Amerikada 609 darülfününun 142-ci kişilər üçün və 108 darülfününun məhz arvadlar üçün idi və 352 darülfününun şərakətlə arvadlar və kişilər üçün idi. Bu darülfününunlarda təhsil edən kişilərin qədəri 119.557 və övrətlərin qədəri 52.652 idi. 1897-ci ildə darülfünunlarda 1475 arvad professoru leksiya oxuyurdu. Və həmin il müəllimlik edən arvadların qədəri kişilərdən artıq idi.

1900-cü ildə Amerikada dörd min beş yüzdən artıq arvad həkimi var idi. 300 arvad advokatı və 2725 ədib və yazıçı var idi. Həmin il Amerikanın hökumət idarələrində beş min nəfərdən artıq arvad xidmət edirdi.

Amerikanın müttəfiq ştatlarında hər növ və hər qism arvad cəmiyyətləri var: cəmiyyəti-xeyriyyələr, maarif cəmiyyətləri, elmi və fənni cəmiyyətlər, kooperativ cəmiyyətləri, fabrik əmələlərinə himayə edən cəmiyyətlər və qeyrilər.

Və bu növ tərəqqinin nəticəsi axirül-əmr bu oldu ki, Amerika arvadları necə ki, maarif təsisatında, habelə şəhər işlərində və axırda da parlament seçkisində səs vermək ixtiyarını qazandılar.

Axır nəticəsi. Bunların hamısı özgə bir şey deyil, məhz Yevropa əməlinin və Yevropa fənninin təhsilinin təsiridir.

İnsan ki, ziyalandı, fikir ki, ucalandı – dəxi mümkün deyil ki, insan ikiqat olsun: axırda yenə cism ruha tabe olacaq, yəni bunun mənası budur ki, uca fikir sahibi həmişə qeyrisini bu yolda işlədəcək ki, başı da uca olsun.

 

A x ı r.

 

9 iyul, 1918, Tiflis.

Avtoqraf əsasında, ilk dəfə çap olunur.



[i] İnqilabi-kəbir – böyük inqilab.

[ii] Murad – məqsəd, məram.

[iii] Mütəməddin – mədəni.

[iv] İqdamat – təşəbbüs.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info