Qonaq Kitabı
İDARƏDƏN (2)

 

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.

Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox daralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm[i] müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət çətinliklərə düçar eləyir.

Digər tərəfdən də müştərilərimiz bunu həmişə nəzərdə saxlamalıdırlar ki, biz əvvəl və axır hər bir abunə sahibi ilə nömrə hesabı ilə hesablaşacayıq, nəinki ay və il hesabı ilə, açığı budur ki, jurnalımız hər necə təxirə düşsə də, axırda genə hər bir kəsə öz puluna görə jurnal vüsul olacaq, yəni on manat sahibinə 52 nüsxə, beş manat sahibinə 26 nüsxə və iki manat yarım sahibinə 13 nüsxə göndəriləcəkdir, xah jurnal öz vaxtında çıxdı, xah təxirə düşdü.

Bəhərhal[ii], öz səy və qeyrətimizi bu barədə bir zərrə qədər də müzayiqə etməyəcəyik və etmənik də, İnşallah.

 

İdarə tərəfindən Cəlil Məmmədquluzadə.

“Molla Nəsrəddin”, 20 aprel, 1917, â„– 10.



[i] Münəzzəm – nizamlı, yaxşı.

[ii] Bəhərhal – hər halda.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info