Qonaq Kitabı
VƏTƏNDAŞLAR

 

Şükür Allaha, qurtardıq!

Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıdakı pillə qurdlarının zülmündən.

Qurtardıq kənd yüzbaşılarının tatarından, qurtardıq strajniklərin şallağından, xilas olduq min-min zalımların zorbazorluğundan. Şükür Allaha ki, qurtardıq.

Məlumdur ki, bu xoşbəxtlik, bu azadlıq göbələk kimi yerdən göyərməyib: bunu qazanan var. Məlumdur ki, müftəcə heç bir şey ələ gəlməz. Məlumdur ki, dağ kimi Rusiya istibdadını yıxmaqdan ötrü minlərcə başlar işləyib, minlərcə canalr tələf olub. Bə min şükürlər olsun ki, axirül-əmrdə xoşbəxt olduq və ölmədik ki, bu günləri gördük.

Lakin müftə deyil: bunun müqabilində bizim təklifimiz var. Biz borcluyuq var qüvvəmizi o yolda işlədək ki, məmləkətimiz sakit və səlamət olsun. Gərək biz müsəlmanlar da hamıya bildirək və göstərək ki, bizə qaradovoy lazım deyil. Gərək biz elə rəftar edək ki, qeyri millət içində xəcalət çəkməyək. Gərək müsəlman ölkələrimiz elə bir dinclik və fəraqətlə dolanalar ki, köhnə zalım hökumətin tərəfdarları dinməyələr ki, “bax, müsəlman pristavsız yola getməz”.

Vətəndaşlar! Bizim azadlığımız yolunda məşəqqət çəkən hürriyyət pəhlivanları, yəni bizim sevgili məbuslarımızın vəsiyyəti budur:

S a k i t l i k  v ə  y e n ə  d ə  s a k i t l i k.

Hər nə dərdimiz var, hər nə ehtiyacatımız var, hər nə dini məsələlərimiz var, - hər birisi öz vaxtında danışılacaq və öz rəyimizcə həll olunacaq.

Və lakin hələlikdə bu saat rahat dolanmaq lazımdır.

Vətəndaşlar, sizədir ümidimiz, sizədir sözümüz, müsəlman qardaşlar! Sakitlik və asayiş!

Budur istəkli məbusumuz Cəfərov cənablarının sizə vəsiyyəti.

 

İdarədən.

 “Molla Nəsrəddin”, 23 mart, 1917, â„– 7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info