Qonaq Kitabı
CÜMHURİYYƏT

 

(Respublika)

 

Vətəndaşlar!

Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir.

(B o r c u m u z)

Vətəndaşlar!

Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, ta ki, bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından[i] və əhvalından bəqədri-imkan xəbərdar olsunlar.

(M ə n a s ı)

Vətəndaşlar!

Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn Firəngistan, İsveçrə və qeyriləri.

(T a r i x i)

Pis olmaz ki, cümhuriyyət deyilən üsuli-idarənin tarixini də müxtəsər surətdə yada salaq.

Vətəndaşlar!

Cümhuriyyət üsuli-idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar və lakin həmin qədim zamanlarda bir tərəfdən ağalıq və digər tərəfdən qulluq o dərəcədə idi ki, ədalətin və müsavatın yoxluğundan və ümumiyyətcə millətlərin avamlığı bərəkətindən qədim cümhuriyyət idarələri davam edə bilmədilər. Axirül-əmr nadan məxluqat öz yaxalarını yenə zalım padşahlar ixtiyarına verdilər.

Qədim əsrlərdən keçəndən sonra gəlib çıxırıq orta əsrlərə və burada cümhuriyyəti görürük. Şvetsariya məmləkətində. Bu həmən cümhuriyyətdir ki, indi də davam edir.

Təzə əsrimizin cümhuri hökumətlərinin biri Amerika cümhuriyyətidir ki, tarixi-miladiyyənin XVIII əsrinə kimi ingilis hökumətinə tabe idi və məhz XVIII əsrdə ingilisdən ayrılıb, “Cəmahiri-müttəfiqə” adı ilə şöhrət tapdı ki, rusca dəxi deyilir: Severo-Anerikanskie Soedinennıe Ştatı.

Amerikadan sonra gəlib çıxırıq Firəngistana ki, burada üç dəfə inqilab üz verəndən sonra axırda cümhuriyyət idarəsi payidar olub, həmişəlik möhkəmləşdi. Firəngistan inqilabları ittifaq düşüblər birincisi miladiyyə tarixinin 1789-cu ilində, ikincisi 1848-ci ilində və axırıncısı 1870-ci ilində.

Firəngistandan da keçdikdə Amerikanın orta və cənub məmləkətləri və habelə Portuqaliya və Braziliya padşahlıq idarəsini dəyişib, cümhuriyyət qəbul ediblər.

Bu saydığımız cümhuriyyətlərdən savayı, necə ki, Afrikada, habelə də Avstraliyada kiçik cümhuriyyətlər var ki, onların hamısını burada saymağın lüzumunu görmürük.

(İ d a r ə)

Vətəndaşlar!

Qabaqda ərz olunub ki, cümhuriyyət üsulu mocibincə məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir.

Cümhuriyyətlərin bəzisində vəzirlər məhz prezidentə tabedirlər; bəzi cümhuriyyətlərdə vəzirlər məclisi-məbusana tabedir. Bəhərhal, xah[ii] vəzirlər, xah bunların rəisi hesab olunan prezident millətin yanında cavabdehdirlər.

(S e ç k i)

Vətəndaşlar!

Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərtləri var, odur ki, cümhuriyyət seçkisinə dörd üzvlü, yainki dörd hissəli seçki də deyilir:

Bu şərtlərin əvvəlincisi ümumilikdir, yəni məmləkətdə yaşayan nüfusun cəmisi seçkiyə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır.

Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır, yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir.

Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin.

Dördüncü şərt seçkinin gizli olmağıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi. Çünki aşkardır ki, çox adam var ki, utanmağı və ya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəyi verir.

(A z a d l ı q l a r)

Vətəndaşlar!

Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı, yəni hər bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində məsələn, islamı tollayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə ixtiyarı yox idi.

İkinci – yığıncaq azadlığı, yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz.

Üçüncü – birləşmək azadlığıdır.

Dördüncü – çap eləmək, beşinci – danışmaq, altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtədbir olmaqdır.

(A x ı r ı)

Budur cümhuriyyətin ən vacib əsasları!

Vətəndaşlar!

Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə!

Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü!

Vətəndaşlar!

Əgər bizdə insanlıq hissi ölməyibsə - və güman edirəm ki, ölməyib, - o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək:

Yaşasın cümhuriyyət!

A x ı r ı.

 

Bahar, 1917-ci ildə, Tiflis



[i] Övza – vəziyyətlər.

[ii] Xah – istər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info