Qonaq Kitabı
JURNALIMIZA MÜŞTƏRİ YAZILMAQ ŞƏRTLƏRİ

 

Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəjmürdə.

Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?

Mən arzu edərdim ki, belə danışıqlar ortalıqdan götürülə idi. Səbəb budur ki, əvvəla dünyada qəzetin, jurnalın və kitabın heç bahası-ucuzu yoxdur – hər birinə nə qədər pul verə bilsən – ucuzdur.

İkinci budur ki, indiki əsrdə pul özü hər bir şeydən ucuzdur və üçüncü də budur ki, müsəlman yazıçısı yazdığı kitabı ya qəzeti nə qədər baha qiymətə satsa, genə axırda farslar demişkən, “həmmali-bimüzd” və türklər demişkən “aldım qoz, satdım qoz” olacaq.

Jurnalımızın qiyməti:

Bir ilin müddətində (yəni əlli iki nüsxəsi)... on manat.

Yarım ilin müddətində (yəni iyirmi altı nüsxə)... beş manat.

Üç ayın müddətində (yəni on üç nüsxəsi)... iki manat yarım.

Tək nüsxəsi idarədə 20 qəpik, satıcı əlində 25 qəpik.

Biz “bismillah” deyib jurnalı başlayırıq və abunə elanını da edirik və lakin illik və yarımillik müştərilər bilməlidirlər ki, idarəmizə göndərilən pul əvvəl-axır öz yerinə çatacaq, yəni haman pula jurnal göndəriləcək və ehyana jurnalımız bəzi səbəbdən yana təxirə düşsə də, genə müştərinin jurnalı geci-tezi müştəriyə göndəriləcək, necə ki, indiyə kimi belə də olubdur. Və Allah şahiddir ki, heç bir müsəlman qardaşın pulu idarəmizdə tələf olmayıb və əgər birini az-çox haqq və hesabı yaddan çıxıb qalmış olsa, xəbər versin kifayət verək.

Amma bunu da ərz edə bilərik: bir para müsəlman qardaşlarda da az-çox nisyəmiz var. Onlardan da xahiş edirik ki, borclarını yerinə yetirsinlər.

Tiflisdə jurnalımız satılır və abunə qəbul olunur müsəlman bazarında “Şərq” kitabxanasında.

 

Müdir və mühərrir: Cəlil Məmmədquluzadə.

“Molla Nəsrəddin”, 16 fevral, 1917, â„– 2.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info