Qonaq Kitabı
OXUCULARIMIZA (2)

 

Keçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar[i] sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin[ii] və təqdir etməsin.

Bəs hanı o şairimiz?

Kəmali-yəslə cavab veririk ki, haman şairimiz neçə aydır ki, yorğan-döşək içində xəstədir.

Möhtərəm oxucularımızın nəzərinə bu mətləbi yetirmək istəyirik ki, əziz ədibimiz xəstəliyinə bərabər nəinki müalicə xərcinə, bəlkə adi yövmiyyə məsarifinə möhtacdır. Lakin bu xüsusda nə özü, nə onun dost və əqrabası qəm etmirlər. Ondan ötrü ki, dünyada ən seçilmiş və əsrlərcə yaddan çıxmayan qələm sahibləri gündəlik ruzuya möhtac olublar. Buna görə belə ədiblərimiz nə qədər bizim üçün qiymətlidirlərsə, bir o qədər də bizlərdən ianə gözləməyə ixtiyarları vardır. Bunu da deyə bilərik ki, bu neçə ayın müddətində dostların köməkliyi ilə möhtərəm şairimizə müalicə olunubdur, ancaq xəstəliyi şiddətli olduğundan lazımınca nəzir olmayıbdır.

Bu sözləri yazmaqdan məqsədimiz bu mətləbi oxucularımıza və aşnalarımıza yetirməkdir ki, keyfiyyəti bilsinlər və biləndən sonra öz borclarını yerinə yetirə bilsinlər.

Xəstə bu heyndə Şamaxı şəhərindədir. İanə göndərmək xahiş edən qardaşlar “Molla Nəsrəddin” idarəsinə müraciət edə bilərlər, bizim də təklifimiz bu olacaq ki, göndərilən ianəni buradan yola salaq Şamaxı şəhərində məşhur və möhtərəm tacirlərimizdən Hacı Əbdürrəhim Səmədov cənablarına ki, müşarileyh[iii] də Mirzə Abbasqulu Səhhət vasitəsilə xəstəmizə yetirsin.

İanə verənlərin adlarını və ianələrin qədərini borclu oluruq hər dəfə məcmuəmizdə və bundan sonra Bakıda çıxmalı olan əvvəlinci gündəlik ruznamədə çap edək.

 

“Molla Nəsrəddin”, 23 aprel, 1911, â„– 15.

“Molla Nəsrəddin” idarəsi tərəfindən.



[i] Əşar – şeirlər.

[ii] Təhsin – bəyənib əhsən demə.

[iii] Müşarileyh – burada: adı çəkilən şəxs

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info