Qonaq Kitabı
TÜRKİYƏ MƏŞRUTƏSİNİN KEÇMİŞİNDƏN

 

Türkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə dövlət quruluşunda və xüsusilə hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.

Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misirə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis[i] çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdır.

Sultan Səlim ağıllı türk nazirlərinin onunla həmrəy olduqlarından istifadə edərək, hərbi idarə üsulunda əsaslı islahatlar aparmağa və elm təhsilini layiqli bir şəkildə qurmağa başladı. Beləliklə, bir neçə ilin ərzində Türkiyədə elm nümunəvi kazarmalar, ali hərbi və mülki məktəblər və sair yeniliklər meydana çıxdı ki, o zamankı qonşu dövlətlər onlarla fəxr edə bilərdilər.

Sultan Səlimin on doqquz illik hökmranlıq dövrü yeni türk tarixinin ən görkəmli səhifələrindən biridir. Sultanın əsaslı islahatları köhnə üsuli-idarənin tərəfdarlarında narazılıq oyatmaya bilməzdi. Ölkədə çəkişmələr, siyasi firqələrin mübarizəsi başlandı. Sultanın özünün elan etdiyi söz və yığıncaq azadlığı bütün bunlar üçün əlverişli bir zəmin idi. Qətiyyən təəccüblü deyil ki, o zaman hələ sultanın liberal ideyalarını dərk etmək dərəcəsinə çatmamış yarımbədəvi osmanlılar onun təşəbbüslərinə qarşı qüvvətli irticaya başlamışdılar. Nəhayət, qəzəblənmiş qara camaat Sultan Səlimin bədxahlarının və ruhanilərin fırıldaqlarına aldanaraq sultanı taxtdan salır, onun yerinə hakimiyyətə fərsiz Sultan Mustafanı gətirir (1805-ci il).

Sultan Səlimin yetirməsi olan Sultan Mahmudun taxt-tacı ələ almasından sonra ədəbiyyat və maarifin intibahına doğru dönüş hiss olunur. Bu dönüş sonrakı sultanın – Sultan Məcidin də vaxtında davam edir. Sultan Səlimin səpdiyi toxumlar bu iki sultanın hökmranlığı dövründə xeyli münbit zəmin tapmışdı. Türk imperiyasında sakin olan xalqlar Sultan Səlimin hökmranlıq sürdüyü keçmiş xoş zamanları yada salaraq müstəbid sultan üsuli-idarəsinin qanunla məhdud edilməyən hədsiz zülmünü hiss etməyə bilmirdilər.

Əgər xalqın şüurunun oyanmasına bir tərəfdən maarif və ədəbiyyatın inkişafı kömək edirdisə, o biri tərəfdən hakimiyyətə həyasız sultan Əziz keçəndən sonra sultan sarayında törənən dəhşətlər bu şüura qüvvətli təkan verirdi. Şərq müstəbidlərinin mənfi sifətlərinin təcəssümü olan Sultan Əziz qısa bir müddət ərzində dövlət xəzinəsinin bütün ehtiyatlarını öz eyş-işrəti üçün sərf etdi. Türkiyə Avropa dövlətlərinə Sultan Əzizin zamanından borclu düşmüşdür; bu, onun israfçılığının nəticəsidir.

Lakin Türkiyə artıq əvvəlki Türkiyə deyildi: o, hakimi-mütləq olan sultanın təhlükəli fırıldaqlarına kor-koranə və itaətkarlıqla dözə bilmirdi. Xalqın səbr kasası ağzınadək dolmuşdu, bir balaca yerindən oynatmağa bənd idi. Bütün iş ancaq qəhrəmanlardan, mübariz insanlardan asılı idi. Onlar lap vaxtında, özü də əsl qəhrəman fədakarlığı ilə meydana çıxdılar.

Bu müqəddəs mübarizə üçün təqdiri-xuda rəisi-cümhurun naziri (sədri-əzəm) ölməz Midhət paşaya nəsib oldu. Onu bu şərəfli işə ruhlandıran isə dahi türk şairi və sosialisti Kamil bəy idi.

Midhət paşa elə görkəmli dövlət xadimlərindəndir ki, onlara mövcud quruluşun bütün naz-nemətləri müyəssər olduğu halda, yüksək mənəvi ideallardan ruhlanaraq onlar bütün güc və qüvvələrini həmin quruluşu məhv etmək uğrunda mübarizəyə həsr edirlər. Qədrşünas nəsillər belə adamların adını bəşər tarixinin şanlı səhifələrinə yazırlar. Midhət paşa belə tarixi şəxsiyyətlərdəndir.

O, mükəmməl Avropa təhsili alıb, bütün həyatını öz vətəninin dövlət məsələlərinə həsr etmiş və eyni zamanda yüksək inzibati vəzifələrdə olmuşdur. Onun dövlət işindəki fəaliyyəti heyrətamiz dərəcədə səmərəli keçmişdir. Məsələn, o, Bağdad mahalının general-qubernatoru vəzifəsində işlədiyi az bir müddət ərzində ölkənin mədəni və iqtisadi qüvvələrini lazımi yüksəkliyə qaldıra bilmişdir.

O, bir inzibatçı kimi böyük nüfuz sahibi idi. Müstəsna natiqlik qəbiliyyətinə malik olan Midhət paşada xüsusi bir təsir qüvvəsi vardı. O, coşğun başları sakitləşdirməyi bacardığı kimi, lazım gələndə bu başları oyadıb həyəcana gətirməyi də bacarırdı. Məsələn, Bolqarıstanı qan tökülmədən ram etməsi onun ən böyük şücaətlərindən biridir.

Bütün həyatını xalq mənafeyinə xidmətə həsr edən və xalqın ehtiyac və tələblərinə yaxından bələd olan Midhət paşa, aydındır ki, çoxmilyonlu xalq kütlələrini əsarətdə saxlamış müstəbid sultan üsuli-idarəsinə laqeyd bir tamaşaçı kimi baxa bilməzdi. Və o, Avropa xalqları dövlət quruluşunun tarixini nəzərə aldıqda onda belə bir əqidə yarandı ki, onun həmvətənlərinin xoşbəxtliyi yalnız sultanın ali hakimiyyətinin istibdadını aradan qaldırmaq yolu ilə mümkün olar. Midhət paşa təkcə xalqın rəğbətinə deyil, habelə dövlətin bütün silahlı qüvvələrinə bel bağlayırdı.

Bu dahi dövlət xadimi öz niyyətində səhv etmirdi. Lakin bu yolda onun qabağına çıxa biləcək yeganə qorxunc qüvvə ali ruhanilik idi. Ruhaniliyin fitvası olmadan Midhət paşanın hər bir addımı, müqəddəs şəriətə görə, qəsbkarlıq edilə bilərdi. Midhət paşa hərbi nazir Hüseyn Övni paşanın, bəhriyyə naziri Əhməd paşanın və baş qərargah rəisi, nüfuzlu general Süleyman paşanın razılığı ilə şeyxül-islam Xeyrəddin əfəndinin yanına gedir, qəti rədd cavabı aldıqda onu ölümlə hədələyib, fərmani-hümayunu imzalamağa məcbur edir. Fərmanda deyilirdi ki, “xalqın iradəsi və Allahın müsaidəsi ilə sultanlıq taxtı ləyaqətsiz Sultan Əzizdən alınır, vətəndaşların sevimlisi Murad paşaya verilir və vətəndaşlara məşrutə quruluşu əta edilir”.

Gecə yarısı Midhət paşa saraya gəlir. Hüseyn Övni paşa qoşunlarını saraya tərəf yeridib sarayı mühasirəyə alır.

Əhməd paşa hərb gəmilərini Bosfora çəkir. Süleyman paşa sultanın bütün məiyyətini bir yerə yığır. Saraya birinci olaraq Midhət paşa daxil olur və şahzadə Murad paşanın qabağında dayanıb fitvanı ona oxuyur. Midhət paşanın işarəsi ilə yaylım salam atəşi açıldığı zaman Sultan Əziz cəld yatağından sıçrayıb pəncərədən bayıra baxır və şöhrətli ordusunun sıraya düzülmüş olduğunu görcək artıq işinin bitdiyini başa düşür.

Türk tarixinin cahanşümul hadisəsi 1876-cı ildə bu cür vaqe olur.

Sultan Murad devrilmiş Sultan Əzizin dayısı idi. Təbiətən son dərəcə mərhəmətli olan Sultan Murad Sultan Əzizin bədbəxt taleyinə çox acıyırdı. O, Sultan Əzizin şəxsi rifahı qayğısına qalaraq əmr etdi ki, onun tamamilə rahat yaşaması üçün hər cür şərait yaradılsın. Bu məqsədlə Sultan Əzizi pulsuz-parasız yaşamaq üçün Top-qapı-saraya köçürmüşdülər və oğluna qulluq eləmək üçün təyin edilən doğma anası da orada yaşayırdı. Qəti əmr verilmişdi ki, Sultan Əzizin əl ata biləcəyi hər cür intihar üsulunun qarşısı qabaqcadan alınsın. Buna baxmayaraq, onun heysiyyətinin dərindən təhqir olunması, əzəmət və vüqarının amansızcasına tapdalanması hər halda fəlakətə səbəb oldu. Sultan Əziz anasından onun qayçısını aldı və fürsət tapıb sol əlinin baş qan damarını kəsdi. Çoxlu qan itirməsi Sultan Əzizə kömək etdi ki, ona əzab verən mənəvi iztirabları həmişəlik yaddan çıxarsın.

Sultan Əzizin intihar etdiyi gözlənilmədən Sultan Murada xəbər verildiyi zaman o daha facianə bir hala düşdü. Mənəvi və cismani cəhətdən incə təbiətli olan Sultan Murad ona üz verən itkiyə tab gətirə bilmədi. Bu xəbər onu elə sarsıtdı ki, onda ruhi xəstəlik əlamətləri görsənməyə başladı. Sağalmaz xəstə olan Sultan Muradı bir az sonra indi hökmranlıq sürən Sultan Əbdülhəmid əvəz etdi...

Bu zaman dövlətdə təzəcə bəxş olunmuş məşrutə hürriyyətini həyata keçirmək üçün fəal iş gedirdi. Xalq nümayəndələri çağırıldı və İstanbulda onların birinci sessiyası təyin olundu. Bu sessiyanın nə üçün baç tutmadığını müxtəlif şəkillərdə izah edirlər. Nə isə, o zaman Sultan Həmidlə erməni nümayəndələrindən biri arasında baş vermiş bir narazılığı da qeyd edirlər. Lakin ümumiyyətlə, Sultan Həmidin təxyi-səltənətə keçməsindən sonra Türkiyənin daxili siyasətində əsaslı bir dönüş əmələ gəlir, bu dönüş elan olunmuş məşrutə haqqındakı bütün danışıqların yaddan çıxıb getməsinə səbəb olur.

Təxti-səltənədə yerini bərkidəndən sonra Sultan Həmid öz amiranə təbiətinə zidd olan hər bir şeyi darmadağın etmək üçün gecə-gündüz baş sındırdı. O özünü bütün müsəlmanların xəlifəsi, Allahın yer üzündə kölgəsi, qüdrətli bir hökmdar kimi aparırdı. Heç cür ağlına sığmırdı ki, onun kimi böyük bir adamın vaxtında nümayəndələr dövlətin idarəsi işinə qarışa bilərlər.

Aydındır ki, Midhət paşa və onun həmfikirləri Sultan Həmidin öz təbəələrini əsarətdə saxlamasına çox ciddi surətdə mane olan adamlar idilər. Bu maneələri aradan qaldırmaq sultanın müqəddəs bir arzusuna çevrilir və onun qeyri-adi ağlı bunun üçün bir sıra tədbirlər tökməyə başlayır.

Sultan Həmid özünə sadiq olan paşaları ətrafına yığıb tədricən hərbi hissələrə rəhbərliyi onlara tapşırır və sultanın tabeliyinə keçən bütün hərbi qüvvələr qısa müddət ərzində ona sədaqətlə xidmət edəcəkləri barədə and içirlər. Osmanlılara gəldikdə, onlar mədəni cəhətdən aşağı səviyyədə olduqlarına görə laqeyd vəziyyət alıb adil Allahın iradəsinə boyun əydilər. İndi artıq öz qəddar düşmənləri ilə haqq-hesab çəkmək Sultan Həmid üçün çətin deyildi. Çox keçmədən biz Midhət paşanı Taifə sürgün olunan görürük və o, orada bir cəllad tərəfindən vəhşicəsinə öldürülür. Bağdadda olan Süleyman paşanın və bütün ömrü boyu xalqın azadlığı yolunda yorulmadan çalışan böyük adamların hamısının aqibəti bu cür kədərli olur.

Sultan Həmidin bütün həyatı öz hədsiz ağalığını möhkəmləndirmək qəsdilə törətdiyi saysız-hesabsız kədərli hadisələrlə doludur. Bu hadisələrdən biri də Sultan Muradın ömürlük həbs cəzasına məhkum edilməsidir. Sultan Murad inişil vəfat etmişdir. Türkiyənin bir sıra yaxşı oğulları sultan zülmünün qurbanı olmuşlar. Və onlarla birlikdə ictimai xadimlərin və dahi paşaların böyük bir dəstəsi məhv olmuşdur. Bunların taqsırı yalnız xalq azadlığı yolunda mübarizə aparmaları idi.

Sultan Həmid türk hakimiyyəti qalasını bu cür ucaltmışdır; o hakimiyyətin ki, neçə illərdən bəri Türkiyə imperiyasının çoxmilyonlu əhalisi onun zülmü altında inləməkdədir.

 

C. Məmmədquluzadə.

 “Zaqafqazye” qəzeti, 13 iyul, 1907, â„– 137.

Rus dilindən tərcümə olunmuşdur.



[i] Salis – üçüncü. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info