Qonaq Kitabı
OXUCULARIMIZA

 

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.

Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.

Əgər bundan sonra “Təzə həyat” məsləkinə təğyir verməyib, genə başlaya “ay Soltan, qadan alım, ay Hacı, başına dolanım” – biz qəzet dairəsindən kənara çıxmamaq şərtilə, genə hərdənbir “Təzə həyat”dan danışmağa vədə veririk.

Bir şey yadımıza düşdü: “Təzə həyat” deyir ki, biz dövlətliləri o qəsd ilə pisləyirik ki, bizə pul versinlər.

Amma biz də deyirik ki, “Təzə həyat” dövlətlilərə o qəsd ilə təməllüq edir ki, ona pul versinlər.

Kimin sözü haqdır?

“Molla Nəsrəddin”in əlli altı nüsxəsini diqqətlə oxuyanlar bilirlər ki, biz bir söz ilə də işarə eləməmişik ki, bizim pula ehtiyaclığımız var, ondan ötrü ki

“Hər ki bər xod dəri – sual güşad –

Ta bemirəd niyazmənd bəvəd”.

“Az begüzar və padşahi kon –

Gərdəni – bitəmə bülənd bəvəd”[i]

 

İdarədən

“Molla Nəsrəddin”, 28 aprel, 1907, â„– 17



[i] Tərcüməsi: Hər kim özü üçün dilənmək qapısı açdı (yəni hər kim dilənçiliyə adət elədi) ölənə kimi başqalarından asılı olacaq. Tamahkarlığdan əl çək və padşahlıq elə. Tamahsız boyun uca olar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info