Qonaq Kitabı
BİNƏSİBLƏR

 

Bunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərədn işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları buraxıb, gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər.

Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar.

Bu – İran fəhlələridir! Onlar bizə İranın ayrı-ayrı mahallarından gəlmişlər; gəlmişlər çünki onlar orada, öz vətənlərində yeməyə bir şey tapmırlar. Orada nə zavod sənayesi vardır, nə fabrika sənayesi. Orada onlar əsgəri qulluq üçün də dövlətə lazım deyildirlər, çünki İran ordu saxlamır, çünki əsgərlərə verməyə çörəyi yoxdur. İran xəzinəsi boşdur. Bunları, bu fəhlələri orada kənd təsərrüfatı da cəlb etmir, çünki İranın bütün əhalisi bədbəxt proletariatdan ibarətdir. Orada bütün torpaq xanların, nüfuzlu mollaların, şəhzadələrin və hər cür insafsız qolçomaqların əlindədir. Əkinçi və muzdur isə tər tökə-tökə yeri əkib, ondan taxıl çıxaranda, bütün bu taxılı aparır mülkədarların anbarına, özü də öz ailəsilə yenə ac qalır və bu aclığa baxmayaraq, yenə də il uzunu öz mülkədarları üçün işləyir, çünki onlardan asılıdır. O da qaçır.

O, vətənini, arvadını və uşaqlarını qoyub qaçır. O qaçır, çünki onun arvadı və uşaqları acdırlar. O bizə gəlir ki, çörək qazansın və bu çörəklə arvad və uşaqlarını saxlasın. O, ayaqyalın, piyada min verst yol gəlirkən, elə bilir ki, bizə elə knyazlar, şəhzadələr, xanlar və insafsız qolçomaqlar yoxdur, o elə bilir ki, bizdə mülkədar anbarları yoxdur, bizdə mülkədar və rəiyyət (krepostnoy) yoxdur. O elə bilir ki, bizdə onu sevəcəklər, bizdə ona zülm edib incitməyəcəklər, onun zəhməti qiymətləndiriləcəkdir. Bizim qanun və qaydamızda o, iş sahibinin zülmündən özünü qoruya biləcəkdir, bizim “işə tez baxan məhkəməmizdə”, bizim hökumətimizdə o, müdafiə və himayə tapacaqdır. O elə bilir ki, bir tikə çörək qazanandan sonra sağ-salamət öz vətəninə qayıdacaq və bu bir tikə çörəyi öz ac ailəsinə aparacaqdır. İran fəhləsi bu xoş ümidlə bizə gəlir!!!

 

 

“Kavkazski raboçi listok” qəzetindən,

24 noyabr, 1905, â„– 3.

Rus dilindən tərcümə olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info