Qonaq Kitabı
TİFLİS MÜSƏLMANLARININ HÜRRİYYƏT NAMİNƏ ŞƏNLİKLƏRİ

 

“Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları (arsında) müsadimə vüqu buldu...”

Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri[i] oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə[ii] olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir pitnə var.

Bir mülahizə ediniz! Müsəlmanları nə qədər axmaq, aləti-fəsad, düşməni-hürriyyət hesab edirlər. Daha doğrusu hesab etdirmək istəyirlər ki, həmin o günü Tiflisdə müsəlmanların hürriyyət naminə görülməyən böyük bir ictimaları vüqu bulduğu halda, bu mədəniyyətli işdən əsla bir söz danışılmayıb, xırda bir münazieyi-şəxsiyyəyi böyüdüb müsəlmanları hürriyyət tərəfdarlarına zidd və bu surətdə mədəniyyətə qeyri-qabil göstərirlər. Buna görə vacib bildim ki, işin həqiqətini ərz edib o günün vüquatından bir az bəhs edəm.

Mötəbər “Vozrojdeniye” qəzetinin 1-ci nömrəsində yazıldığı üzrə, o günü müsəlmanlar meydanda hürriyyət naminə türkcə nitq söyləyən atəşzəban bir xətibin ətrafına minlərcə yığıldılar. Xətibin hürriyyətamiz sözlərinə canla qulaq asırdılar. Hətta pristavın draqun afserinin dağılmaq təkliflərini rədd edib, xətibə nitqində davam etməyi təvəqqə və israr etdilər. Xətib nitqinin axırında: “Qardaşlar! İstiqlal və hürriyyətin nə demək olduğunu bir az anlatdım. “Buntovşik” dediyiniz qonşu və vətəndaşımız sosialist və inqilabçıların nə istədiklərindən bir cüzi danışdım və isbat etdim ki, idareti-sabiqənin, yəni istiqlalın zərəri hamı qonşulardan artıq biz müsəlmanlara idi. Rusiyada indiyə qədər ən məzlum, ən məğdur və ən ixtiyarsız biz idik. Buna görə bu gün verilən hürriyyət üçün hamıdan artıq biz şad olmalıyıq, hamıdan artıq biz bayram etməliyik, nəinki əlan öz xeyrimizdən bixəbər, bihiss qardaşları kimi qalmaqla düşmənlərin töhmətlərini təsdiq edək. Gəlin, qardaşlar bu gün də olsa hürriyət naminə bir hərəkət göstərək! Sabah qonşularımızın minnətini çəkməyək. İslamın əsası olan “hürriyyət”i bu gün bizə qanunla verdiklərindən ötrü, biz də hamı qonşularımızla birlikdə izhari-şadmani bayram eləyək! Qonşularımızı düşməni-hürriyyət olduğumuz zənninə düşürməmək üçün gəlin biz də öz dəstəmizlə şəhərimiz camaatının ümumən məcməi olan məhəllə gedək. Biz də bu ümumi bayramda qonşularımızla iştirak eləyək...” – deməyinə görə hamı camaat birdən: “Yaşasın hürriyyət!” nidaları ilə xətibi təqib elədilər.

Müsəlman hürriyyət dəstəsinin önündə bir çox qırmızı bayraqlar, oxuyanlar olduqları halda Peska yolu ilə ümumi ictimaigah olan vağzal meydanına sarı getməyə başladılar. Əsnayi-mürurda müsəlmanlardan belə bir iş gözləməyən qonşular məsərrətlərindən: “Yaşasın hürriyyət tərəfdarı müsəlmanları!” nidası ilə küçələri titrədirlərdi. Akoşqalardan müsəlman dəstəsinin üstə yağan qırmızı baydaqlar qırmızı nişanlar “Urra...” sədaları ilə qəbul olunurdu. Müsəlman dəstəsinə xristiyan qonşulardan  o qədər yığıldılar ki, küçələrdən keçmək mümkün deyildi.

Dəstənin önündə müsəlman cavanları “Marselyoza” mahnısını oxuyurdular. Müsəlman hürriyyət dəstəsinin vürudunu uzaqdan xəbər alan ümumi məcmə dəstəsinin pişvazına muzikalarını göndərib istiqbal etdilər və müsəlmanların belə bir ictimaı iştirak etdiklərinə artıq mərtəbədə izhari-xoşnudi elədilər. 30-40 mindən artıq müsəlman, xristiyan camaatı o günü saat dördə qədər oxunan xütbələrə qulaq asdılar. Orada müsəlman xətibinin məhəllə, halə münasib söylədiyi uzun nitq sürəkli alqışlara məzhər oldu.

Müsəlmanların xristiyan qonşuları ilə birlikdə bu surətlə bayram etməkləri: “Müsəlmanlar rus xuliqanları ilə bir olub hürriyyət tərəfdarlarını qıracaqlar...” xəbərini – ki, bir para alçaq həriflər tərəfindən işaə[iii] olunub – qonşuları xeyli təşvişə salmışdı, yalana çıxardı..

Baxınız! O günkü belə məsərrətli bir vüquat rus teleqraf şirkətinin Tiflisdəki vəkilinin qapalı gözünə dəyməyib. İki şəxsin münaziəsini iki firqənin müsadiməsi surətində göstərməsində, əlbət, böyük bir qərəz və fitnə olmağında şəkk yox. Allah fitnəkarların şərindən, hiyləsindən saxlasın.

 

C. M.

“Həyat”, 6 noyabr, 1905, â„– 96.



[i] Münaziə - sözləşmə.

[ii] Müsadimə - toqquşma.

[iii] İşaə - yayılma.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info