Qonaq Kitabı
“HƏBLÜL ”“ MƏTİN” QƏZETİ QAAQA KONFRANSININ NƏTİCƏLƏRİ HAQQINDA

 

Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül – mətin” qəzetinin səhifələrində xeyli bədbin mülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü nömrəsində dərc olunmuş məqalənin müəllifi birinci Qaaqa sülh konfransından bəri baş vermiş siyasi hadisələrin icmalını verir və gözümüz qabağındakı qəmli varlığı nəzərədə tutaraq, həmin konfransın mənəvi nailiyyətini rədd edir. Məqalə müəllifi deyir: “Yadımıza salaq ki, cəmisi altı il bundan qabaq 20 Avropa və 4 Asiya dövlətinin nümayəndəsi bütün dünyada sülhü təmin etmək və dövlətlərin gələcək silahlanmasına son qoymaq məqsədilə Niderlandiya kraliçəsinin iqamətgahında müşavirə edirdilər. Bəs bunun axırı necə oldu? Nümayəndələr müqavilə imzalayıb, hərə öz ölkəsinə yola düşüb getdi. Bunun ardınca İngiltərə Transvaalı işğal etməyə üz qoydu. Fransa təcili olaraq Mərakeşə qoşun göndərdi. Avstriya albanlara qələbə çalmaq fikrinə düşdü, bəşəriyyəti daha təkmilləşdirilmiş yolla qırmaq üçün silahlar hazırlayan Yapon fəhlələri isə, gündə on saat əvəzinə, gecəli-gündüzlü işləməyə başladılar.

Baş verən beynəlxalq hadisələr haqqında öz mülahizələrini söyləyib, xüsusi bir ehtiramla anası imperatriçəyə bu sözləri deyən gənc Çin imperatorunun uzaqgörənlik və itigözlülüyü adamı heyran qoyur: “Mənim əziz anam, mənə belə gəlir ki, bütün bu sülh müqavilələrindən məqsəd həmin müqavilələri bağlayan dövlətlərin bizim yerlərimizi öz aralarında bölüşdürmək istəmələridir, odur ki, bu barədə ciddi düşünmək və təcili tədbirlər görmək lazımdır: birinci növbədə mən bizim alçalma və köləlik simvolu olub, xalqı əzən uzun hörüklərimizi kəsməyi təklif edirəm. İşıq və səadətə doğru gedən yolda bizim qabağımızı tutan bu uzun saçları kəsək, beləliklə, əsrlərdən bəri bizi nadanlıq zülməti içərisində saxlamış ağır yükü çiynimizdən atıb, cəsarətlə meydana atılaq və özlərini sülh axtaranlar kimi göstərənlərin gözlənilən hücumlarını dəf edək”. Lakin Çin nazirləri, kraliçənin yaxın adamları – acı meyvəli azman ağacın bu acı şirələri öz mövqelərini saxlamaq və onlar üçün əlverişli olan dövlət üsulunun toxunulmazlığını qorumaq məqsədilə imperatriçəni inandırmağa başladılar ki, xatakar şeytan onun oğlunu yoldan çıxarmışdır. Çünki imperatriçənin oğlu dinin müqəddəsləşdirdiyi qədim ənənələrə qəsd etmək kimi ədəbsizlik edir və gözəl vətənin nəvazişlə bəsləyib saxladığı hörükləri cavanlıq və yelbeyinlik xəncəri ilə kəsib məhv etmək istəyir.

Dindar imperatriçə bu söz-söhbətə inanıb, oğlunu dəlilər evinə salmağı əmr etdi. Elə təsadüfən o günlər tamam Qaaqa sülh konfransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar.

“Həblül – mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadıgar qalacaqdır!

Biz inanmırıq dünyada elə bir adam tapılsın ki, XIX əsrin axırlarında və son illərdə baş vermiş hadisələri heç olmazsa azacıq yadda saxlaya-saxlaya (qoy o lap meşədə yaşayan adam olsun) Qərbdən gələn sülhpərvər bəyanatlara etimadla yanaşsın. Məqalədə deyilir ki, axı cəmisi altı il bundan qabaq rus qəzetləri “Novoye vremya” ilə birlikdə ağız-ağıza verib, öz sülhpərvərliyi haqqında bağırırdılar. Bəs sonra nə oldu? İndi həmin o qəzetlər deyirlər ki, yer üzündə bircə rus soldatı qalıncaya qədər müharibəni davam etdirmək lazımdır. Bəs o sülhpərvərlik necə oldu?..

Lakin mədəni Avropadakı mövcud ictimai və siyasi həyat şəraitində sülh mümkün olan şeydirmi? Məqalə müəllifi bu suala mənfi cavab verərək, öz fikrini belə izah edir: vəziyyəti diqqətlə nəzərdən keçirdikdə biz hər tərəfdə tərəqqiyə doğru qızğın bir hərəkət müşahidə edirik. Milli şüurdakı oyanıqlıq, hissiyyat və tələbat incəliyi ən uca bir mərtəbəyə çatmaqdadır. Bir vaxt vardı ki, bizim ata-babalarımız təkcə palçıq bardağa və kobud yundan toxunmuş bir cüt sadə geyimə qane olurdular. İndi isə Amerikada 25 mərtəbəlik evlər meydana çıxmağa başlamışdır. Bu evlərdə yeyilən xörəklərin sayı 25-ə çatır; insanların milyonlarla başqa ehtiyac və tələblərinin təmini də o ayaqdan. Aydındır ki, belə bir qaynar və get-gedə artan həyat fəaliyyəti ərazinin də durmadan, hədsiz-hesabsız artmasını tələb edir; bu da ki, hərbi qüvvə və ona xas olan bütün atributlar vasitəsilə əldə edilə bilər.

 

Məmmədquluzadə.

“Vozrojdeniye” qəzeti, 13 (26) oktyabr, 1905, â„– 9.

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info