Qonaq Kitabı
BƏS ASPİSOVA XANIMIN MÜSƏLMAN QIZLARI ÜÇÜN MƏKTƏBİ NECƏ OLDU?

 

İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.

İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub-olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxülislamına göndərildi. Onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına öcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxülislamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.

Beləliklə, nə ibtidai məktəb haqqında qüvvədə olan qanunnamələrdə, nə də ruhani idarələrin mövcud qaydalarında müsəlman məktəbi üçün heç bir normal proqram olmadığından, bu çətin vəziyyətdən çıxmaq yolu Aspisova xanımın üzünə həmişəlik bağlanmışdır.

Lakin bir məsələ anlaşılmaz qalmışdır; bəs İrəvan şəhərindəki müsəlman məktəbinin və Bakı şəhərindəki Tağıyev qız gimnaziyasının açılışına nə yolla icazə verilmişdir? Güman etmək olar ki, həmin məktəblərə müfti və şeyxülislamla Qafqaz təhsil dairəsi cənab popeçitelini təmin edən müsəlman şəriəti proqramı əsasında icazə verilmişdir: məgər Aspisova xanıma da bu məktəblərdən birinin şəriətə dair proqramını qəbul etməyi tapşırıb, onun ərizəsinə çoxdan müsbət cavab vermək olmazdımı?

Buna görə bizim üçün başqa bir vəziyyət də anlaşılmazdır: nə üçün Zaqafqaziya şeyxülislamı və müftisi Aspisova xanımın niyyətinə bu cür soyuq yanaşdılar? Nəhayət, axı kim və nə vaxt bədbəxt müsəlman qızlarının acınacaqlı vəziyyətini yada salıb düşünəcəkdir?

 

 

Məmmədquluzadə.

“Vozrojdeniye” qəzeti, 5 (18) oktyabr, 1905, â„– 3.

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info