Qonaq Kitabı
FAYDALI TƏŞƏBBÜS

 

Ali senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”.

Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik.

Məlumdur ki, məhkəmə binalarını dolduran adamların çoxu xahişçilər olur. Onları adətən məhkəmənin qapısı ağzındakı səkinin üstündə, koridor və pilləkanlarda, iclas otağının axırıncı sıralarında, dəftərxana küncündə və divar dibində, eyvanda və həyətdə görmək mümkündür; burada onlar ayaq üstə durur, oturur, uzanır, papiros ya çubuq çəkir, qəlyanaltı eləyir və hətta yatırlar. Onlardan bir çoxunun əlində siz səkkizqat bükülmüş yazılı kağız görərsiniz: bu ərizədir.

Bu minvalla onlar təmkinlə oturub, “hakim gəlir” sözləri elan edilincəyə qədər itaətkarlıqla gözləyirlər. Onlardan kimisi ərizə vermək istəyir, kimisi öz şikayətini dilcavabı söyləmək niyyətindədir, kimisi icra vərəqəsi, yaxud başqa sənədləri almaq fikrindədir, kimisi istintaqda olan işinin vəziyyətini öyrənməyə gəlmişdir...

Nəhayət, “hakim gəlir” sözləri eşidilir və xahişçilər ona tərəf cumurlar.

Oxuculardan təvəqqe edirəm elə güman eləməsinlər ki, əgər xahişçilərə çoxdan görmək istədikləri hakimi görmək qismət olubsa, deməli, onların işi düzəldi. Xeyr, iş o saat və asanlıqla qurtarmır: hakim camaatın qabağına çıxıb, bütün ərizələri onlardan alır və heç bir söz demədən, yenə öz kabinetinə girir; xahişçilər isə yenə gözləyirlər...

Yarım saat, bəzən də daha çox keçəndən sonra məhkəmə dilmancı əlində bir vərəq kağız gəlib qışqırır: “İvan Qukasov, 52 qəpik məhkəmə rüsumu, 10 qəpik də yazı pulu!”.

Küncdə mürgüləyən Qukasovu oyadırlar, ancaq indi, səhərdən sol əlində tutduğu 62 qəpiyi verəndən sonra, Qukasov asudə olur və rahatca nəfəs alıb gedir.

Yarım saat da keçəndən sonra dilmanc “Həsən Hüseyn oğlu!..” çağırır və i. a.

Bütün bunlar əldən-ayaqdan kənar bir şəhərin uzaq guşəsində deyil, Tiflis şəhərində baş verir.

Təəccüblü və anlaşılmaz cəhət odur ki, bu 62 qəpik nə üçün elə ərizələrin özünü yığanda tələb olunmasın və bu Həsəni yaxud bu Qukasovu nə üçün yorub əldən salsınlar?..

Təsvir olunan səhnə tiflislilərə çox tanışdır. Həm də bu səhnəni biz “təcili” məhkəmədə müşahidə edirik. 1864-cü il ustavları deyir ki: “hakim ərizələri hər bir zaman qəbul edir”; əslində isə belə bir şey yoxdur: bizdə hakimlər ərizələri istəyən vaxt qəbul edirlər.

Bizədeyə bilərlər ki, senat fərmanı camaatın tələblərinə riayət etməyən mirovoy sudyaları məhkəməyə verməkdən bəhs edir. biz isə cavab verə bilərik ki, Hüseynlər və İvanlar bunu eləyə bilmirlər. Günlərlə bir çox sərkislərə mirovoy sudyanın camalını görmək və öz iddiaçı ərizəsini ona təqdim etmək xoşbəxtliyi nəsib olmur.

Göstərilən fərmana bax, bir də bunları əlavə etmək lazım idi.

 

 

Məmmədquluzadə.

 “Tiflisski listok” qəzeti, 17 avqust, 1905, â„– 170.

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info