Qonaq Kitabı
YENİ İBTİDAİ MƏKTƏBDƏ TÜRK DİLİ

 

Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, â„– 150).

Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə yəyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.

Biz çox-çox təəssüf edirik ki, komissiyanın tərkibini pedaqoji dairələr, ictimaiyyət və mətbuat nümayəndələri hesabına artırmaq haqqında komissiya üzvü c. Caparidzenin tam haqlı binagüzarlığı rədd edilmişdir. Elə ki, biz çoxmilyonlu azərbaycanlı əhali ana dilinin müqəddəratının Bağırov, Qəniyev və Saniyev kimi cənablara tapşırıldığını eşitdik, elə ki, bütün bu işlərin gizli dəftərxana örtüsü altında baş verdiyini öyrəndik, bizdə belə bir təbii arzu əmələ gəldi ki, görək “məktəbin ehtiyaclarını kifayət qədər bilən” bu adamlar nə iş görmüşlər.

Biz bunları öyrəndik. Cənab Bağırov bütün iclas boyu susmuş və axırda protokola qol çəkmişdir. Cənab Saniyevin də nə danışdığı bizə məlum deyil. Bu barədə “protokol”da da heç bir qeyd yoxdur, hərçənd indiyədək məlum idi ki, c. Saniyev müsəlmanların türk dilində oxumaqlarını az qala bir axmaqlıq hesab edirdi. İndi həmin bu Saniyev pedaqoji dairələrin nümayəndəsi sifətilə Türk dilinin müqəddəratını həll edir.

Bağırov, Qəniyev və Saniyev cənablarını komissiyaya üzv seçən şəxslərin hansı mülahizələrə əsaslandıqlarını biz başa düşmürük. Axı, bizdə həqiqi pedaqoji dairələrin nümayəndələri vardır. Bizdə Köçərlilər, Süleymanovlar, Vəkilovlar, Mirzəyevlər, Şaxtaxtlılar və bir çox başqaları vardır; nəhayət, bizdə mətbuat nümayəndələri də vardır.

Əgər bu yaxınlarda Peterburqa ərizə aparmış müsəlman rəsmi nümayəndələri bilsəydilər ki, onların binagüzarlıqlarının yerinə yetib-yetməməsi c. Saniyevin və onun kimilərin rəyindən asılı olacaqdır, söz yox, o nümayəndələr zəhmət çəkib nə qüvvə, nə vaxt, nə də pul zay etməzdilər.

Komissiyanın beşgünlük iclasının nəticəsinə keçək (8, 19, 20, 21 və 22 iyulda). Beş gün yığılmış komissiya nə iş görmüşdür?

Mənim bu suala cavabım hazırdır; bəlkə də cavab qəribə görünəcəkdir, lakin mən onu ən möhkəm sübutlarla təsdiq edəcəyimə söz verirəm.

Mən açıq iddia edirəm ki, komissiya heç bir iş görməmişdir, heç bir tədris planı tərtib etməmişdir. O ancaq, Qafqaz təhsil dairəsi popeçiteli şurasının 1880-ci il dekabrın 12-də tərtib etdiyi ibtidai məktəb tədris planını sözbəsöz köçürmüşdür. Həmin tədris planı Qafqaz canişini imperator zati-aliləri Mixail Nikolayeviç tərəfindən təqdir edilərək, Qafqaz təhsil idarəsi popeçitelinin 1881-ci il 4 fevral tarixli, 598 nömrəli göstərişi ilə yerli əhali arasındakı məktəblərin müdirlərinə əldə rəhbər tutmağa göndərilmişdir.

Bu məsələ ilə maraqlanan və mənim sözümün doğruluğuna şübhə edən oxuculardan həqiranə xahiş edirəm ki, Qafqaz təhsil dairəsi sərəncamları məcmuəsinin III cildində 623-cü səhifəni açıb baxsınlar. Orada onlar həmin materialı oxuyacaqlar ki, o, bu günlərdə “Yerli əhalinin uşaqları üçün yeni məktəb” sərlövhəsi altında, bəzi dəyişikliklərlə “Tiflisski listok”un 150-ci nömrəsində çap olunmuşdur.

Dövlət məktəblərində Türk dilinin qoyuluşu məsələsi birinci dərəcəli əhəmiyyəti olan bir məsələdir, bu məsələyə dair çoxlu ədəbiyyat vardır. Müsəlmanların ərizələrində o birinci yeri tutmuşdur. Bax, buna görə bu məsələnin müqəddəratını üç kənd müəlliminin ixtiyarına vermək çox haqsızlıq olardı.

Biz tamamilə əminik ki, əgər məktəb komissiyasında həqiqətən həyatın və xalqın tələbləri ilə tanış olan adamlar iştirak etsəydilər, o zaman onlar səssiz-səmirsiz protokolu imzalamaq əvəzinə, yerlərindən qalxar, komissiya üzüvlərinə üz tutub deyərdilər: “Ağalar! 12 dekabr 1880-ci ilin ibtidai məktəb tədris planında Türk dilinə heç də sizin nəzərdə tutduğunuzdan az yer verilməmişdir, lakin buna baxmayaraq, o vaxtdan keçmiş 25 illik müddət ərzində, bütün hökumət məktəblərində olduğu kimi, ibtidai məktəblərdə də Türk dilinin keçilməsi nəinki vacib hesab edilməmiş, bəlkə artıq görülmüşdür... Ağalar! Heç bir tədris planı tərtib etməyin: nə qədər ki, müxtəlif xırda adamlar, bu məsələdə isə sözü keçən zorbalar Türk dilini təqib edirlər, nə qədər ki, darülmüəllimin direktorları özlərinə tabe olan Türk dili müəllimlərindən bu “çaq-çuqu”n tədrisinə çox da səy göstərməməyi tələb edirlər, nə qədər ki, levitskilər müvafiq yollarla yerli dilləri məktəbdən kənara vurub çıxarırlar, nə qədər ki, hər yerindən duran inspektor öz dərsinə şövqü olmayan Türk dili müəllimlərini ağızdolusu tərifləyir, sizin planlarınız işə kömək etməyəcəkdir”.

Qarşıdakı məsul işi görmək üçün komissiyaya az-çox vaxt verilməsi haqqında komissiyanın bəzi üzvlərinin xahişi tamamilə yerli xahişdir. Heyif ki, bu xahiş qəbula keçməmişdir. Əlbəttə, əgər nə isə yeni bir şeyin yaradılması deyil, ancaq köhnənin surətini çıxarmaq nəzərdə tutulmuşdusa, onda bu başqa bir məsələ.

Yerli dillər məsələsi çox diqqətlə işlənib həll olunmalıdır. Türk dilinə gəldikdə isə, bu məsələ o qədər mürəkkəbləşir ki, bu barədə aylarla götür-qoy etmək, düşünmək və cild-cild kitab yazmaq lazımdır.

Misal üçün mən həllini tədris planı tərtibindən daha çətin hesab etdiyim bir məsələ üzərində dayanmalıyam: əgər Türk dilinin tədrisi pedaqoji hazırlığı olan adamlara tapşırılmalıdırsa, - ki yeni tədris planı haqlı olaraq bunu tələb edir, - o zaman bu müəllimləri haradan, hansı müəllimlər məktəbindən almalı?

Darülmüəlliminlərdənmi? Məgər bu darülmüəlliminlərdə Türk dili öyrənilirmi? Seminariyanı qurtarmış türklərin bu cəhətdən savadsız olmaları bu axırıncı suala tam doğru cavabdır.

Bax, üzərində düşünülməli vəziyyət budur.

 

Məmmədquluzadə.

“Tiflisski listok”, 5 avqust, 1905, â„– 159.

Rus dilindən tərcümə olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info