Qonaq Kitabı
DİQQƏT ETMƏLİ

 

Tiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbiristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim, çünki, doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar.

Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar?

Həmişə qəbiristana yolum düşəndə buraya cəm olan küçə uşaqlarından elə biədəbanə hərəkətlər görmüşəm və bunlardan elə bir nagüvar danışıqlar eşitmişəm ki, yazı ilə söyləmək qabil deyildir. Və mən elə bilirəm ki, bu işləri görən, bilən və eşidən tək bir mən deyiləm. Bəs niyə bu barədə bir kəs bir söz söyləmir?

Bir dəfə qəbiristanın kənarından yol ilə bir neçə xaric millətin arvad-uşağı keçirdi. Məhəllə uşaqları başladılar bunlara daş atmağa və bihörmət sözlər deməyə. Arvad-uşaq istədilər ki, qaçıb uşaqlardan uzaq olsunlar. Məhəllə uşaqları və bunların içində bir neçə saqqallı cavanlar qızları qovalayıb hər tərəfdən əhatə etdilər. Qızlar başladılar çığırmağa, axır qəbiristandan bir neçə müsəlman qızların dadına yetişib bunları məhəllə uşaqlarının əlindən xilas elədi.

Söylədiyimiz sözlərin haqq və biğərəz olmağına məhz Tiflis qəbiristanına yolu düşən şəxslər inanıb şəkk etməyəcəklər. Vallah, nə Naxçıvan, İrəvan, nə Bakı və İran, nə Hindistan, nə Türküstan və nə uzaq-uzaq çəzirələrin vəhşi millətləri inana bilər ki, Tiflis kimi şəhərin saqqallı uşaqlara qarışıb və qəbiristana cəm olub günlərini oynamaq, söyüşmək, çığırışmaq, savaşmaq və yoldan keçənlərə sataşmaqla keçirsinlər.

 

 

“Şərqi-rus”, 18 iyun, 1904, â„– 77.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info