Qonaq Kitabı
İRƏVAN

 

Şəhər dumamızın son növbəti iclasında başqa məsələlər cümləsində su kəməri məsələsinə də baxıldı. Görəsən bədbəxt şəhərimizə su kəmərini görmək qismət olacaqmı? Cənab Babova verilən konsessiyanın təsdiqi işi güc-bəla başa çatmaqda idi ki, ortaya təzə bir maneə çıxdı. Şəhər dumasına tacir İsay Canpoladovun bu məzmunda bir ərizəsi yetişdi ki, o, su kəmərini şəhər üçün daha əlverişli şərtlərlə çəkməyə hazırdır. Şəhərin bu iki ağadan hansını seçəcəyini qabaqcadan demək çətindir, amma bir şey şəksizdir ki, hələlik bu məsələ dedikcə ləng həll olunur. İndilik belə bir sual ortaya çıxır: C. Babovla bağlanıb, artıq müvafiq başçılar tərəfindən bəyənilmiş müqaviləni ləğv etməyə dumanın haqqı varmı? Hazırda duma məmurları bu hüquqi sualın cavabı üzərində baş çatladırlar.

Bu iclasda irəvanlı Məşədi Abbas Xararatovun boş qalmış şəhər torpağının ona icarəyə verilməsi barədə ərizəsinə də baxıldı. Duma bu ərizəni yekdilliklə rədd etdi. Yerli tatarlardan bir başqasının eyni məzmunda ərizəsinin də başına o işi gətirdilər. Lakin bu cür məsələləri həll etmə üsulu olduqca maraqlıdır. Sədr məlumat verir: “Məşədi Abbas məlumat vermişdir ki...”, sədr sözünü qurtarmamış duma üzvlərinin səsi eşidilir: “olmaz”, yaxud da belə olur: sədr məlumat verir: “İrəvan şəhərinin sakini kərbəlayı Cəfər Əli oğlu uprava idarəsinə ərizəsində xahiş edir ki...” Qlasnılar işərisindən “olmaz”, “olmaz” sözləri eşidilir. Bu surətlə duma məzmunu ilə tanış olmadığı ərizələr haqqında qərar çıxarır.

Sonra şəhərin çəki işlərini icarəyə götürmüş şəxsin ərizəsi haqqında məlumat verildi. Həmin şəxs xahiş edir ki, keçən ilin dekabrından bəri pambıq firmalarından şəhər upravası hesabına vüsul olan tərəzi pulunu yığmaq üçün ona ixtiyar verilsin. Məsələ ondadır ki, dekabr ayınadək tərəzi pulunu şəhər təsərrüfatı idarəsi yığırdı. Dekabr ayında isə bu işi indi tərəziləri icarəyə götürmüş şəxsə icarəyə verildi, lakin müxtəsər dekabr müqaviləsində göstərilməmişdir ki, yerli pambıq firmalarından alınan tərəzi pulları kimin hesabına vüsul olmalıdır, odur ki, müqavilədə gözdən qaçan bu cəhəti şəhər də, icarəçi də - hərəsi öz xeyrinə izah edir. Duma bu məsələni müzakirə edərək icarəçinin xahişini rədd etdi.

 

 

C. M.

“Kaspi” qəzeti, 28 mart, 1902, â„– 82

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info