Qonaq Kitabı
İRƏVAN MÜXBİRİMİZDƏN

 

Dəlmə - İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli azərbaycanlılar salmışlar. Həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi öz gözəl bəhrəsini verdi. Bir zamanlar daşlı-kəsəkli, bom-boş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng  bağlar əmələ gəldi. Lakin, təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.

Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı, lakin bu barədə qəti bir tədbir görmək ona heç cür müyəssər olmurdu. Axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.

1891-ci ildən başlayaraq şəhər başqa cür hərəkət etməyi qət etdi: həmin il şəhər duması şəhərin nəfinə Dəlmə bağlarına vergi təyin etməkdən ötrü onların gəlirini hesablayan xüsusi bir komissiya düzəltdi. Şəhər qanunnaməsinin 129-cu maddəsinə görə, vergi əmlakdan götürülən xalis gəlirin on faizindən, yaxud həmin əmlakın dəyərinin bir faizindən artıq olmamalıdır. Lakin 1891-ci il komissiyası Dəlmə bağlarına o qədər yüksək qiymət qoydu ki, illik verginin ölçüsü bağların illik gəlirindən xeyli artıq çıxırdı. Beləliklə, 1891-ci ilə qədər verilməyib üst-üstə yığılan vergi qalıqları elə bir ölçü aldı ki, bağ sahibləri bağlarından da, qalan vergiləri ödəməkdən də boyun qaçırmalı oldular. Lakin nədənsə şəhər pulları yığmaq işini ləngidirdi.

Görünür, şəhərin nəzərdə tutduğu bu tədbirlər arzu olunan nəticəni verməmişdir, vergi qalıqlarını yığmaq bağ sahiblərini büsbütün var-yoxdan çıxara bilərdi ki, bu da yaxşı olmazdı. Camaat haqlı olaraq şikayətə başlardı.

1900-cü il fevralın 3-nədək işlər belə idi. Həmin gün İrəvan şəhər duması bir qərar çıxardı ki, orada başqa mətləblərlə yanaşı biz aşağıdakı maddələri də oxuyuruq: 1) Dəlmə bağları onların indiki sahibləri tərəfindən şəhərdən müsadirə edilmiş hesab olunsun, 2) 1891-ci ildən üst-üstə yığılmış vergilərin ödəniləcəyi ümidsiz olduğundan, ödənilməmiş vergi məbləği onların üzərindən götürülsün, 3) Bağları zəbt edənlərə təklif olunsun ki, şəhər dumasının təyin etdiyi komissiyanın qoyduğu xüsusi qiymətin yarısı qədər pul verib bağları şəhərdən alsınlar və 4) Alınan bağların dəyərini ödəmək üçün on il möhlət verilsin və bu şərtlə bağlar otkup və töycü əsasında onları qəsb edənlərdə qalsın.

Bu həm asan, həm də ucuzdur: xeyli məsarif götürəcək məhkəmə-filan qurmadan Dəlmə bağlarının İrəvan şəhərinə məxsus olduğu elan olundu.

Lakin dumanın bu son qərarı da işə kömək etmədi: bağ sahibləri heç kimdən öz xüsusi bağlarını almağa birmərrə razı olmadılar. Bu minvalla yenə də şəhərin işi gətirmədi. Onda bəs necə olsun? Təzədən dala qayıtmaq və vergi qalıqlarının yığılmasına başlamaq lazımdır. Bir neçə gün bundan qabaq bütün Dəlmə bağ sahiblərinə kağız göndərildi ki, 1891-ci ildən bəri  yığılıb qalmış vergi qalıqlarını bir həftə müddətində ödəməsələr, onların daşınar əmlakı satışa qoyulacaqdır. Vergi borcu olanlar özlərini itiriblər.

Biz eşitdik ki, bu bağ sahiblərindən bəziləri həmişəlik öz bağlarından əl çəkməyi ciddi surətdə qət etmişdilər. Lakin bunu nə ilə izah etmək olar ki, şəhər idarəsi Dəlmə bağları üçün ödənilməli olan vergi qalıqlarını ancaq indi yığmaq fikrinə düşmüşdür, halbuki bunu çox-çox bundan əvvəl, heç olmasa bir-iki il bundan əvvəl də edə bilərdi?

Bu sirri biz gələn dəfə aydınlaşdırmağa çalışarıq.

 

 

“Kaspi” qəzeti, Bakı, 7 mart, 1902, â„– 53.

Rus dilindən tərcümə olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info