Qonaq Kitabı
ARVADLAR DEYİRLƏR

 

Tanrı kəsibdir bizim ərlərin insafını;

Sən ki bilirsən, Baba, оnların övsafını?!

 

Düşbərə, bir filməsəl, şit düşər isə əgər,

Evdə qiyamət salır, hər nə bilirsə söyər;

“Adə, a heyvan qızı”, yоxmudur ağlın məgər?

Dinsə əgər arvadı, haydı, dоyunca döyər.

Tanrı kəsibdir bizim ərlərin insafını;

Sən ki bilirsən, Baba, оnların övsafını?!

 

Gündə qumar оynayır, bilməz işin dalını;

Baxtalayır arvadın sırğasını, şalını;

Içkiyə sərf eyləyir yerdə qalan malını.

Kim bizə bənd etdi bu həmşəri hambalını?

Tanrı kəsibdir bizim ərlərin insafını;

Sən ki bilirsən, Baba, оnların övsafını?!

 

Gündə gedir bəlkə bir rus xanımın yanlasın,

Arvadını tullayıb evdə pərişanlasın,

Yaz buları jurnala, xəlqi-cahan anlasın,

Bəlkə о bədüzləri qeyriləri danlasın.

Tanrı kəsibdir bizim ərlərin insafını;

Sən ki bilirsən, Baba, оnların övsafını?!

 

Axırı arvadların qəlbini xun etdilər,

Əqli-səlim əhlini yaxşı cünun etdilər,

Əlif kimi qamətin həlqeyi-nun etdilər.

Müxtəsər, arvadları xarü zəbun etdilər.

Tanrı kəsibdir bizim ərlərin insafını;

Sən ki bilirsən, Baba, оnların övsafını?!

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info